“Əhalini narahat edən hər bir məsələ dövlət başçısının diqqət mərkəzindədir” - Deputat





"Azərbaycan vətəndaşlarının sosial müdafiəsi ölkə başçısının daim diqqətindədir və ölkənin siyasətində prioritet istiqamətdir”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Deputat bildirib ki, son dövlərdə minimum əmək haqqının artırılması, pensiya həddinin qaldırılması, məcburi köçkünlər üçün yeni yaşayış mənzillərinin verilməsi, şəhid ailələrinin problemlərinin həll edilməsi və s. addımlar sosialyönümlü siyasətin uğurlu nəticələridir:

"Əhalini narahat edən hər bir məsələ dövlət başçısının diqqət mərkəzindədir. Prezident müşavirədə bildirdi ki, sosial müavinətlərdə ciddi şəkildə artım gözlənilir və məsələlər paket halında müzakirə edilir. Yaxın vaxtlarda sosial müavinətlərin artırılmasının şahidi olacağıq. Eyni zamanda problemli kreditlərlə bağlı cənab Prezident hökumətə göstəriş verdiyini və müəyyən müzakirələrin aparıldığını dedi. Yaxın vaxtlarda həmin problem də öz həllini tapacaq”.

Parlament üzvü bildirib ki, minimum əmək haqqının və pensiyaların ardıcıl qaldırılması ölkəmizin siyasətində çox mühüm istiqamətlərdən biridir: 

"Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub. Bu xartiyaya görə, ölkədə yaşayış minimumu orta aylıq əmək haqqının 60 faizini təşkil etməlidir. Azərbaycanda bu rəqəm hələlik biraz aşağıdır. Yəqin ki, yaxın illərdə bu həddə gəlib çatacağıq. Orta aylıq əmək haqqı artıqca minimum əmək haqqı da artacaq. Burada məqsəd orta təbəqəni formalaşdırmaq, sosial qrup olaraq daha da genişləndirmək və yoxsulların sayını azaltmaqdır. 

Dövlət rəhbərliyi çalışır ki, çox zəngin insanlarla digər qrup əhali arasında nisbət böyük olmasın. İnşallah, yaxın illərdə buna tam nail olacağıq. Cənab Prezidentin müşavirədə toxunduğu məqamlar məhz buna xidmət edir. Ölkəmizin iqtisadi gücü artıqca, orta aylıq əmək haqqı yüksəlir. Bu da minimum əmək haqqını çoxaldır. Nəticədə pensiyalar da artır”.

İsmayıl