"Əks təqdirdə nə sülh, nə də dayanıqlı atəşkəs olacaq" - Deputat

Elman Məmmədov:"Dövlətimiz BMT-yə hansı ərazi ilə daxil olubsa, həmin ərazi bütövlüyü təmin olunsa, sülhdən danışa bilərik"




"Ermənistanın riyakar fikirlərinə əsaslanıb, Azərbaycanı günahlandıranları qınayıram”.

Bu barədə "Sherg.az”a ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirərkən millət vəkili Elman Məmmədov bildirib. 

O qeyd edib ki, Ermənistan indiki vəziyyəti saxlamağa çalışır, Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmir:

"Onların istəyi hazırkı şəraitdə sülhün yaranmasıdır. Bu da Azərbaycan üçün ən qəbulolunmaz təklifdir. Maraqlıdır, işğalçının bu fikirlərini dinləyənlər doğrudan başa düşmürlər ki, Ermənistan riyakar addım atır? Yoxsa onlar da Ermənistan kimi işğalçı, terrorçudurlar. Belə şəraitdə düşmən ermənilərlə, onları müdafiə edənlərin fikirlərinin üst-üstə düşməsi məsələni qəlizləşdirir.

Ermənistanı müdafiə edənlərə demək lazımdır ki, əraziniz qonşu dövlət tərəfindən işğal olunsa, işğalçı desə ki, vəziyyət belə qalsın, sülh yaransın siz razı olarsınız? Ermənistan növbəti qara-piar kampaniyası yaradır. Guya Ermənistan sülh istəyir, amma Azərbaycan razılaşmır. Halbuki Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Dövlətimiz BMT-yə hansı ərazi ilə daxil olubsa, həmin ərazi bütövlüyü təmin olunsa, sülhdən danışa bilərik. Əks təqdirdə nə sülh, nə də dayanıqlı atəşkəs olacaq. Kim erməni deyəni təsdiq edib, bizi günahlandırırsa, cavabını verməyə hazırıq”.

Qeyd edək ki, sözügedən hesabata Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı da gecikməyib. XİN-in mətbuat xidmətinin açıqlamasına görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.

Aysel Aslan