"QHT adı altında terrorçuluğa dəstək verilir”. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Deputat vurğulayıb ki, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri şərtləndirən üç amil var. Onlardan birincisi şəffaflıqdır:
"İlk növbədə xarici qrantlarla bağlı şəffaflığa nail olunmalıdır. İkinci amil isə donorların fəaliyyətində müəyyən təkrarçılığın qarşısını almaqdır. Təkrarçılıq zamanı həyata keçirilən layihələr effektli olmur. Üçüncü məqam isə milli təhlükəsizlik məsələsidir. Bəzən QHT adı altında radikal birləşmələr maliyyələşdirilir”. Şura sədri bildirib ki, Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşir. Bu baxımdan vətəndaş cəmiyyətləri QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır. Azay Quliyev bununla bağlı təklif irəli sürdüklərini də xatırladıb: "Əgər xarici donorlar hüquqi prosedur keçmədən maliyyə ayırmaq istəyirsə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bank hesablarından istifadə edə bilərlər”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Şərq”ə açıqlamasında millət vəkili tərəfindən vurğulanan məsələlərin aktual olduğunu deyib:
"Azay Quliyevlə tam razıyam. Vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı şəffaflıq önəmlidir. Əgər şəffaflıq və təhlükəsizliklə bağlı problem yoxdursa, istənilən maliyyə resursları ölkəmizə cəlb oluna bilər. Azərbaycan azad və demokratik dəyərlərə malik olan hüquqi ölkədir. Şübhəsiz ki, bununla yanaşı, cəlb edilən qrantların yüksək effektliyi və şəffaflığı təmin edilməlidir”. Ekspertə görə, bəzi hallarda müəyyən qurumlar qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmağa çalışırlar: "Bir də görürsən ki, müxtəlif bəhanələrlə QHT-lərin işinə problemlər yaradılır. Məsələn, Hesablama Palatası və bir sıra qurumlar ictimai rəyi öyrənmədən, vətəndaş cəmiyyəti institutlarının təkliflərini dinləmədən naşı qərarlar qəbul edirlər. Təbii ki, bu cür neqativ hallar bizi narahat edir. QHT-lərin fəaliyyətini məhdudlaşdırmadan, bütün istiqamətlər üzrə geniş fəaliyyət göstərmələrinə şərait yaratmaq lazımdır. Təbii ki, qeyri-hökumət təşkilatları öz işlərini qanun çərçivəsində, beynəlxalq prinsiplər əsasında və ölkəmizin milli təhlükəsizliyi fonunda qurmalıdır. Eyni zamanda əldə edilən xarici qrantlar da ümumi vətəndaş cəmiyyətinin inkişafına sərf edilməlidir. Fikrimcə, əksər qeyri-hökumət təşkilatları, sivil cəmiyyət bu mövqeyi dəstəkləyir və qanunlar çərçivəsində işləməyə etiraz etmir”.
İsmayıl