İradəsi çatır, bütün əyləncələrdən imtina edir və dərs oxuyurFərqanə Mehmanqızı: "Genetik yaddaş ən çox anadan keçir. Əgər ana yaxşı dərs oxumağa meyillidirsə, iradəlidirsə, onun uşağı da o yolu gedəcək"
Uşaqlarda dərsə marağın olmaması hər zaman aktual problemlərdən biri olub. Əksər uşaqlarda oxuma həvəsi birinci dərs ilində bitir, bəzilərində isə müxtəlif səbəblərdən ümumiyyətlə olmur. Əsas məsələ də valideynlərin övladını məcbur etməsidir. Bəzi hallarda məcburiyyət qarşısında uşağa dərs oxudan valideynlər istəklərinə çatdıqlarını düşünürlər. Amma məsələnin ciddiliyinin fərqində deyillər.
Nəticə etibarı ilə, məcburi şəkildə dərs oxuyan uşaqda məktəbə, dərsə, valideyninə aqressiya yaranır. İlk zamanlarda bəlli olmasa da, sonralar bu aqressiya sözün əsl mənasında böyük problemlərə səbəb olur. Bəs valideynlər nə etməli, uşaqlarda dərsə həvəsi necə yaratmalıdır?
Psixoloq Fərqanə Mehmanqızının "Şərq”ə açıqlamasına görə, bu gün bəzi valideynlər uşaqları dərs oxumaları üçün məcbur edirlər, amma başa düşmürlər ki, onlar özləri uşağa örnək olmalıdır. Ana ya televizorda seriala baxır, ya da telefonla oynayır, uşağı isə dərs oxuması üçün məcbur edir:
"Bununla da valideyn heç vaxt müsbət nəticə əldə edə bilmir. Ümumiyyətlə, uşaqlar süngər kimidir, nə görürlər, onu da götürürlər. Əgər ana və ata mütaliə ilə məşğul olmursa, sadəcə uşağı dərs oxumağa məcbur edirsə, bu uşaqda kitaba, mütaliəyə, məktəbə qarşı nifrət yaranacaq. İnsan xisləti elədir ki, o nəyəsə məcbur olunursa, mütləq qarşıdurma olur. Bu da xüsusilə eqoları yüksək olan, dərs oxumağın müsbət olduğunu anlamayan uşaqlara mənfi təsir edir”.
Fərqanə xanımın fikrincə, uşaqların dərsə marağını artırmaq üçün valideynlərin rolu böyükdür: "Uşağa "sən məktəbə getməlisən”, "dərslərini yaxşı oxumalısan” deyib aqressiv formada təsir göstərmək onda məktəb fobiyası yarada bilər.
Beləliklə gələcəkdə çox böyük fəsadlara gətirib çıxara bilər. Təbii ki, heç bir valideyn bunu bilə-bilə etməz. Amma bir az özümüzə baxmalıyıq. Uşağın dərs oxumağını istəyiriksə, ona kömək etməliyik, dərslərə qarşı maraq yaratmağı bacarmalıyıq. Bu, valideynlə uşaqda həm psixoloji alyansı normal saxlayacaq, həm də valideynə qarşı dostluq münasibəti yaradacaq və dərslərə marağı artıracaq.
Hər bir insanın sağ və sol beyin yarımkürələri var. Bu yarımkürələrin inkişafından asılı olaraq insan həyatda öz yerini tutmağa çalışır. Ona görə də insanlar texniki və humanitar fənlərə üstünlük verirlər. Biz uşağın bütün dərslərindən yaxşı qiymət almasını istəyirik. Əgər bir uşaq gələcəkdə rəssam olacaqsa, o uşağın nəyinə lazımdır ki, kimya və fizikadan əla qiymət alsın? Düzdür, bütün fənlərlə bağlı ibtidai bilik olmalıdır. Amma bir fənn ki, sənin həyatında o qədər də önəm daşımırsa, o fənni döyə-döyə uşağa öyrətməyin nə mənası var? Ona görə də hər bir insanın özünün meyilli olduğu fənlər olmalıdır. Valideyn buna uyğun davranaraq uşağa dəstək olmalıdır”.
Psixoloq bildirib ki, çox zaman uşaq dərslərini yaxşı oxuduğu üçün ağıllı hesab olunur, amma bu belə deyil: "Akademik və pedaqoji dəyərlər var. Uşaq psixoloqları buna görə uşaqları dəyərləndirir. Akademik dəyərləri yüksək olan uşağın o demək deyil ki, pedaqoji dəyərləri də yüksək olmalıdır. Məktəbdə yaxşı dərs oxuyan uşaq, iradəsi güclü olan uşaqdır. Tarixə nəzər salsaq görərik ki, bəzi tarixi şəxsiyyətlər məktəbdən yarımçıq çıxıb, orta məktəbdə yaxşı oxumayıb. Bu o deməkdir ki, onların pedaqoji dəyərləri aşağı, amma akademik dəyərləri yüksək olub.
Bir də zəkaüstü uşaqlar var. Belə uşaqlar bəzən dərs oxumurlar. Bu gün bizim mərkəzə gələn uşaqlar var ki, zəka üstüdür. Buna baxmayaraq nəyisə öyrənməkdə çətinlikləri var. Onlar nəyisə icad edən, qeyri-adi uşaqlardır.
Çox vaxt analar televizora baxır, uşağa isə acıqlanaraq deyir ki, "keç o biri otaqda dərslərini oxu”. Bu bilirsiz nəyə oxşayır? Təsəvvür edin ki, iki insan üz-üzə durub, biri şirniyyat yeyən adamdır və sən onun qarşısında dayanıb tort yeyirsən. Həmin adamın iradəsi nə qədər güclü olmalıdır ki, o sənin yediyin tortdan yeməsin? Həmçinin də uşaq. Ana oturub seriala baxır, uşağın iradəsi o qədər güclü olmalıdır ki, o, ətrafdakı əyləncələrdən özünü məhrum eləsin və getsin dərs oxusun. Bu da onu göstərir ki, əlaçı uşaq iradəli uşaqdır, zəkalı deyə bir şey yoxdur. İradəsi çatır, bütün əyləncələrdən imtina edir və dərs oxuyur.
Bizim genetik yaddaşımız var. Genetik yaddaş ən çox anadan keçir. Əgər ana yaxşı dərs oxumağa meyillidirsə, iradəlidirsə, onun uşağı da o yolu gedəcək. Çünki uşaq o mühitə düşəndə istər-istəməz onun geni inkişaf etməyə başlayacaq”.
Yeganə Bayramova