Elektriklə işləyən avtomobillər Azərbaycana da gətiriləcək

Bu avtomobillərin elektrik enerjisi ilə doldurulmasında çətinliklər var



Azərbaycana kütləvi şəkildə elektroavtomobillər gətirilməsi gözlənilir. Lakin bu tip avtomobillərin vergi məsələləri qanunvericilikdə öz əksini tapmayıb.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov belə tip avtomobillərin ölkəmizə gətirilməsini faydalı hesab edir. Ə.Hüseynov bununla yanaşı qeyd edib ki, ümumiyyətlə, bu avtomobillərə xidmətlə bağlı, habelə onların elektrik batareyalarının (akkumulyatorlarının) enerji ilə doldurulması işində çətinliklər var. Lakin ekspert digər bir problemə də toxunub: "Ölkəmizin qanunvericiliyi yalnız elektrik mühərriki olan avtomobillərin dövlət qeydiyyatı qaydasını, hətta ödəniləcək rüsum, aksiz dərəcəsi, sığorta haqqı kimi məsələləri də tənzimləmir. Sadəcə olaraq bu, yaddan çıxıb. Bu istiqamətdə təkliflər versəm də, hələ ki, reaksiya yoxdur”.

Ə.Hüseynov fikrini belə əsaslandırıb: "Azərbaycanın "Yol Hərəkəti haqqında” qanununun 27-ci maddəsinə əsasən, sürəti 50 kilometr/saat-dan artıq olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalıdır. Bizim qanunvericilikdə qeydiyyatla bağlı hər şey daxili yanma mühərrikinin iş həcmi əsas götürülməklə hesablanır. Aksiz dərəcəsi, icbari sığorta haqqının məbləği də bu meyar üzrə hesablanır. Lakin elektromobillər elektrik enerjisi ilə işlədiyinə görə onların daxili yanma mühərriki yoxdur. Deməli, onlar üçün aksizləri, sığorta haqqını hesablamaq mümkün deyil”.

Ekspert dünyanın bir çox ölkələrində nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və müxtəlif ödənişlər üçün əsas meyarın mühərrikin gücü (kiloVatt-la) olduğunu bildirdi: "Hətta Rusiyada da belədir. Dünyanın çox ölkəsində çoxdandır ki, mühərrikin gücü əsas götürülür. Belə olanda hətta reaktiv mühərrikin də problemi olmaz. Sadəcə olaraq dünyanın çox yerində sığorta haqqının meyarlarından biri də iş həcmidir. Düşünürlər ki, iş həcmi böyük olan maşını sürən daha varlıdır, çünki belə maşın həm daha bahadır, həm də daha çox yanacaq yandırır”.

Məlumat üçün qeyd edək ki, ilk dəfə elektrik enerjisi ilə işləyən elektromobilləri 2011-ci ildə "Renault” avtomobil şirkəti istehsal edib. Şirkət elektromobillərin tam model qammasını əlverişli qiymətlərlə təqdim edir.

Vüqar Şahinoğlu