“Aliment verilməsi atanın öhdəliyidir”
"Dövlət nəyə görə büdcədən vəsait ayırıb, elə şəxslərin borcunu ödəməlidir"
Milli Məclisin növbəti iclası zamanı millət vəkili Elmira Axundova aliment verməli olan vətəndaşların bundan yayındığı üçün aliment fondunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, respublikamızda aliment verən şəxslərin alimentlərdən yayınma faktları həddindən çoxdur:
"Mənə və digər deputatlara bu barədə çoxsaylı müraciətlər gəlir, özü də hətta məhkəmə qərarlarının olması işin həllinə, yəni aliment üzrə borcların qaytarılmasına köməklik etmir. Borclunun ya ünvanı məlum deyil, ya da o, maaşının cüzi hissəsini rəsmiləşdirir, qalanını qeyri-leqal formada alır və s. İcra məmurunun isə bu işdə maddi marağı olmadığından, o, çox vaxt alimentlə bağlı işlərə formal yanaşır və dərinə getmir.
Onun fikrincə, aliment borclarının qaytarılması prosesində dönüş yaratmağın bircə yolu dövlət tərəfindən xüsusi aliment fondunun yaradılmasıdır: "Bu fonda büdcədən müəyyən məbləğ verilir, bu və ya digər boşanmış qadın (söhbət əsasən xanımlardan gedir) məhkəmə yolu ilə aliment almaq hüququnu təsdiqləsə, lakin icrasına nail ola bilməsə, ona məhkəmə ilə müəyyən edilmiş məbləğ fond tərəfindən verilir. Eyni zamanda fonda da aliment verməkdən yayınan insanı axtarmaq, iş yerlərində yoxlama aparmaq, ondan alimenti almaq kimi geniş səlahiyyətlər verilir”.
Təklifə münasibət bildirən E.Axundovanın digər deputat həmkarı Məlahət İbrahimqızı isə buna ehtiyac görmür: "Aliment verilməsi atanın öhdəliyindədir. Dövlət nəyə görə büdcədən vəsait ayırıb, elə şəxslərin borcunu ödəməlidir. Bu, dövlətin yükünü ağırlaşdırar. Mən aliment fondunun dövlət büdcəsi hesabına yaradılmasını təsəvvürümə gətirə bilmirəm”.
Lakin M.İbrahimqızı alimentlərin məbləğinin artırılmasının tərəfdarıdır: "Ona görə ki, uşaqlara daha yaxşı qayğı göstərilməsini istəyərdim. Bununla bağlı ciddi problemlər var. Məsələn, ata imkanlı şəxsdir, ailəsindən ayrıldıqdan sonra uşağına aliment ödəmir. İş yerindən yalandan maaşının az olması ilə bağlı məhkəməyə arayış təqdim edir. Digər bir misal, kişinin şəxsi avtomobili var, lakin öz adına qeydiyyatdan keçirtmir. Bir sözlə, hər bir imkanı var, övladına aliment verməkdən yayınır. Seçicilərim arasından bu tipli şikayətlər mənə də olunur”.
Millət vəkili belə halların aradan qaldırılması mexanizminin tez bir zamanda işlənib hazırlanmasını vacib sayır: "Belə valideynlərin məsuliyyətini artırmaq üçün qanunvericilik sərtləşdirilməlidir. Bundan əlavə, ailə başçısını itirmiş ailələrə dövlət tərəfindən verilmiş müavinətlərin məbləğinin qaldırılmasının tərəfdarıyam. Bu məsələni biz Milli Məclisdə qaldıra bilərik. Amma hər iki valideyni olan uşağa görə məsuliyyət daşımayan ata və ana əvəzinə dövlətin aliment verməsi düzgün deyil”.
Vüqar Şahinoğlu