Əməkdar artist əməliyyatdan sonra teatra getdi

“Az qala qanad açıb uçmaq istədim, səhnə məni özünə çəkir”



Səhhətində yaranan problemlərə görə Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatı keçirən Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov ötən gün yenidən teatrda olub.

Bu yaxınlarda ciddi əməliyyat keçirən aktyor belə qısa zamanda iş yeninə getməyinin səbəbini "Şərq”ə açıqladı: "Yaxın günlərdə Milli Onkologiya Mərkəzində mədəmdən əməliyyat olundum. Bir müddət əvvəl öyrəndim ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Həkimlərin məsləhəti ilə əməliyyat oldum. İndi şükür, özümü çox yaxşı hiss edirəm. Teatra da belə qısa zamanda getməyimin əsas səbəbi darıxmağım oldu. Mənim ikinci evim sayılan Akademik Milli Dram Teatrı üçün darıxdım. Sənət dostlarımı görmək istədim. Ona görə də teatra baş çəkdim. İnanın, ürəyim açıldı. Sağ olsun sənət dostlarım, teatrımızın kollektivi məni bu çətin günlərdə tək qoymadılar. Xəstəxanada gəlib mənə baş çəkirdilər. Düzdü, aktyorlar elə imkanlı olmasalar da, sənət dostlarımdan hərənin nəyə gücü çatdısa, maddi dəstəyini göstərdi. Əsas isə onların mənə mənəvi dəstəyi oldu. Buna çox sevindim. Mən mətbuata da sizin qəzetiniz vasitəsilə təşəkkür edirəm ki, biz sənətçiləri diqqətdə saxlayırsız. İnanın bizim buna daha çox ehtiyacımız var. Əməliyyatdan sonra ilk dəfə idi teatra gedirdim, az qala qanad açıb uçmaq istədim. Səhnə məni özünə çəkir. Yəqin ki, yaxın müddətdə səhnəyə də çıxacam. Özümü artıq yaxşı hiss edirəm. Həkimlərin nəzarəti altındayam. Əməliyyatdan sonra bir müddət müayinələrim davam etməlidir. Əsas odu salamatam. Və tez zamanda səhnəyə çıxmaq, yeni obrazlar yaratmaq istəyim var. Teatr mənim üçün həqiqətən müqəddəs bir məkandı”.

Tahirə