Epilepsiyalı uşaqlar daimi nevropatoloqun nəzarətində olmalıdır

Belə xəstələrin müalicəsində həkimin ən əsas köməkçiləri - valideynlərdir


Binəqədi rayonu Sulutəpə qəsəbəsi 313 saylı orta məktəbin 4 sinif şagirdi Səccad Mircəfər oğlu Əyyubzadənin qəfil dünyasının dəyişməsi ilə bağlı xəbər yayılıb. Teleqraf.com 313 saylı orta məktəblə əlaqə saxlayıb.

Həmin məktəbdə belə bir şagirdin oxumadığı bildirilib və 217 saylı tam orta məktəblə əlaqə saxlamaq məsləhət görülüb. 217 saylı məktəbdən verilən məlumatda isə qeyd olunub ki, Səccad Əyyubzadə 4-cü sinifdə yox, 6-cı sinifdə oxuyurmuş: "O, şənbə günü evdə vəfat edib. Həmin gün məktəbdə dərs olmur. Bu gün "üç” mərasimidi, ora gedəcəyik”. Məlumat verən müəllimə deyib ki, uşağın epilepsiya xəstəliyi vardı: "Deyilənə görə, qəflətən, elə anasının qucağında vəfat edib. Səccad çox yaxşı oxuyurdu. Bütün dərslərdən qiyməti "5”dir. Çox ağıllı, tərbiyəli uşaq idi. Təəssüf ki, indi məktəblərdə epilepsiya xəstəliyindən əziyyət çəkən uşaqların sayı çoxdur...”

Yayılan məlumat fonunda epilepsiyalı uşaqların taleyi və onlara nəzarət məsələsi aktuallaşıb. Epilepsiya nədir və bu xəstəliyin daşıyıcısı olan uşaqlar necə qorunmalıdır kimi suallara cavab almaq məqsədi ilə tibb eksperti, professor Adil Qeybulla ilə əlaqə saxladıq.

Əvvəla onu deyək ki, bu xəstəlik zamanı beynin normal bioaktivliyi pozulur. Epilepsiya uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir. Bu zaman onun bədənində qıcolmalar olur, o, dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır.

Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır.

Bəzi epilepsiyası olan xəstə uşaqlarda kiçik epileptik tutmalar baş verir. Bu zaman uşaq bir neçə saniyə ərzində huşsuz vəziyyətdə sanki donub qalır. Belə hallar gün ərzində 10-larla və 100-lərlə təkrar oluna bilər. Uşaq diqqətini toplaya bilmir, dərs mənimsəməyi pisləşir, davranışı və tərbiyəsi pozulur.
Epilepsiyalı uşaqların poliklinikalarda qeydiyyatda olduğunu vurğulayan Adil Qeybullanın sözlərinə görə, onlar daimi olaraq nevropatoloq nəzarətində qalmalıdırlar. Epilepsiyanın beyində dominant oyanma ocaqlarının yaranması və qıcolmalarla müşayiət olunan bir xəstəlik növü olduğunu qeyd edən professor bu xəstəliyə virus infeksiyaları, qrip, kəllə-beyin travmalarının səbəb olduğunu deyib: "Bəzən isə uşaqlarda anadangəlmə epilepsiya olur. Epilepsiyanın yaranma səbəbləri irsi meyllik, bətndaxili inkişaf dövründə oksigen çatışmazlığı və müxtəlif zərərli faktorların təsiri, mərkəzi sinir sisteminin doğuş travması və sair patoloji hallar ola bilər”.

A.Qeybullanın sözlərinə görə, epilepsiya diaqnozu yalnız həkim-nevropatoloq tərəfindən uşağın hərtərəfli müayinə edilməsindən sonra qoyula bilər. Xəstəlik təsdiqlənibsə, uşağa mütləq müalicə təyin olunur: 

"Bu zaman müalicənin əsas prinsipi epileptik tutmaların təkrar olunmasının qarşısını almaqdan ibarətdir. Epilepsiyanın müalicəsində həkimin ən əsas köməkçiləri - valideynlərdir. Uşaq uzun müddət (bəzən də həyatı boyu) həkim tərəfindən təyin edilmiş preparatları qəbul etməlidir. Onun üçün düzgün yuxu və istirahət rejimi yaratmaq, eyni zamanda həddən artıq yorulmadan, qripdən, virusdan, streslərdən, əsəb gərginliklərindən qorumaq çox vacibdir: 

"Nəzarətdən kənar qalan, vaxtında müalicə almayan uşaqlar məktəbdə yox, küçədə getdiyi zaman da qıcolması tuta bilər. Məktəb uşaqların tibbi sağlamlığına görə məsuliyyət daşımalı deyil. Bunun əsas məsuliyyəti valideynlərin və poliklinikaların üzərinə düşür. Ancaq məktəblilərə ilk tibbi yardım qaydalarının öyrədilməsi çox yaxşı olar. Uşaqlar bilməlidirlər ki, epilepsiya zamanı dilin qatlanmasının qarşısını almaq lazımdır ki, xəstə boğulmasın. Çünki əksər zamanlarda ölüm halları dilin qatlanması səbəbindən baş verir”.

Epilepsiyaların qəfil qıcolma ehtimalını istisna etməyən professorun sözlərinə görə, tutma insan iradəsindən asılı olmadan əzələlərin yığılması və beyin hüceyrələri arasında elektrik fəallığın qeyri-normal sıçrayışı zamanı baş verir.

Ancaq düzgün və vaxtlı-vaxtında müalicə kursları aparılarsa, tutmalar uzun illər ərzində baş verməyə də bilər. Bunun da nəticəsində uşaq uzun müddət öz normal həyat və fəaliyyətini davam etdirmiş olur.
Mütəxəssislər tövsiyə edir ki, epileptik tutma zamanı xəstənin başının altına yumşaq bir şey qoymaq və iti əşyaları başının yanından uzaqlaşdırmaq lazımdır. Qıcolma keçəndən sonra isə xəstənin qarşısında diz üstə durub və bir qolunu dirsəkdən bükülü vəziyyətdə döşəməyə uzatmaq lazımdır. O biri qolu isə ehmalca götürülüb çarpaz vəziyyətdə başının altına qoyulmalıdır: "Digər əlinizlə xəstənin ayağını özünüzə tərəf çəkərək yavaşca çevirin, sonra xəstənin ayağını yarıbükülü vəziyyətdə döşəməyə qoyun. Rahat nəfəs ala bilsin deyə xəstənin başını düz vəziyyətə gətirin. Xəstə özünə gələndən sonra onu əmin edin ki, hər şey yaxşıdır. Sonra ayağa qalxmağa kömək edin və istirahət etməsi üçün sakit bir yerə aparın”.

Şəymən