Gec-tez Türkiyə də İŞİD-ə qarşı müharibəyə qoşulacaq
Amerika və bir sıra Avropa ölkələrinin İraq Şam İslam Dövlətinə qarşı mübarizə adı altında rəsmi Ankaranı müharibəyə sövq edib. Lakin qərbin qardaş ölkəni savaş poliqonuna çevirmək niyyəti hələ ki baş tutmur. Amerikanın təzyiq və göstərişlərinə rəğmən qonşu ölkə regiondakı prosesləri daha aydın başla incələyərək neytrallığını qoruyub saxlayır.
Bir sözlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meydanda təklənsə də, ölkəsinin milli təhlükəsizliyi, ərazi bütövlüyü və milli maraqlarına zidd məsələlərə qatılmır. Bu günlərdə Suriyadakı hadisələr və peşmərgənin Türkiyə ərazisindən Kobaniyə keçməsinə dair açıqlama verən türkiyəli baş nazir Əhməd Davudoğlu ölkələrinin seyrçi mövqedə dayandığını deyib: "Nə müharibədə iştirak edəcəyik, nə də oyundan kənarda qalacağıq”.
Rəsmi Ankaranın indiki siyasi durumunu şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, Türkiyə hökuməti girovların azad edilməsindən sonra fakt qarşısında qalıb: "Vaşinqton Türkiyəni İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət etdikdə Ankara "yox” demişdi. O zaman bunun ciddi səbəbi var idi. Əks halda, İŞİD girovluqda saxladığı 49 türk diplomatını anında qətlə yetirəcəkdi. Girovlar artıq azadlıqdadırlar. Ona görə də artıq Ərdoğan Vaşinqtona "yox” deyə bilmir”.
Ekspertin sözlərinə görə, Ərdoğan İŞİD məsələsində tərəddüd içərisindədir. Ancaq bu vəziyyət çox davam edə bilməyəcək: "ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri Ərdoğanı küncə sıxışdırıb. Hər ikisi Ərdoğandan İŞİD-ə qarşı qəti addımlar tələb edirlər. Məsələn, ABŞ adıçəkilən terror qruplaşmasının Suriyadakı bazalarını Səudiyyə Ərəbistanı və Fransa təyyarələri ilə birgə bombaladı. Vaşinqton Ankaradan tələb edə bilər ki, terrorçuların mövqelərinə qarşı hava zərbələrinə Türkiyənin hərbi təyyarələri də qoşulsun. Vaşinqtonun Ankaradan digər istəyi ABŞ-ın Adana yaxınlığındakı İncirlik hərbi bazasından istifadəyə icazə verməsidir. Ərdoğan hələ ki ciddi tərəddüd içərisindədir. Düzdü, Ərdoğan terror dəstəsinə qarşı beynəlxalq koalisiyada yer alacağını bildirib. Amma hələ ki, nə İŞİD-ə qarşı hava zərbələrinə, nə də ki İncirlikdən istifadəyə razılıq verib. Bütün hallarda inanmıram ki, Ərdoğan Obamanı çox gözlədə bilsin”.
Bununla yanaşı, E.Şahinoğlu söyləyib ki, Ankara terrorçulara qarşı mübarizədə aktiv fazada iştirak etməyə tələsməyəcək. Bunun isə bir neçə səbəbi var: "Birincisi, Suriyadakı müharibə Ərdoğana əlavə yükdür. İŞİD hücumlarından və Suriyadakı vətəndaş müharibəsindən Türkiyəyə qaçanların sayı bir azdan 2 milyona yaxınlaşacaq. Bu problemin həllində Ankara heç kimdən, o cümlədən ABŞ-dan real kömək ala bilmir. Belə bir durumda Türkiyənin İŞİD-ə qarşı hücumlara başlaması qaçqın axınını bir az daha artıra bilər. İkincisi, hələ ki Türkiyənin indiki hökuməti ilə İŞİD arasında birbaşa toqquşmalar olmayıb. 49 türk diplomatın azad edilməsi Ankaraya ünvanlanan bir jest idi. Halbuki, indiyə qədər onlar hansısa girovu sağ buraxmayıb. Türkiyə aktiv hücumlarda iştiraka qərar verərsə, Ankara terrorçuların əks həmlələrinə və terror aksiyalarına hazır olmalıdır. Terrorçuların Türkiyədə kifayət qədər rəğbətçiləri var. Həm də Türkiyə savaşa başlasa, inanmıram ki, bir də bu terror qruplaşması girov götürdüyü hansısa Türkiyə vətəndaşını sərbəst buraxsın”.
Davudoğlunun "nə müharibədə iştirak edəcəyik, nə də oyundan kənarda qalacağıq” fikirlərinə gəlincə, politoloq bəyan edib ki, Türkiyənin böyük hərbi-siyasi prosesdən kənarda qalması mümkün deyil: "Göründüyü kimi, terrora qarşı savaşda iştirak Türkiyəyə bəlli risklər yaradır. Ancaq Türkiyə kimi regional liderliyə iddialı olan dövlət bu prosesdən kənarda da qala bilməz. İŞİD Avrasiyanın baş bəlasına, xərçənginə çevrilib. Demək, bu xəstəlik Türkiyə üçün də təhlükəlidir. Digər tərəfdən, Ağ Ev və müttəfiqləri onlarla savaşarkən, Türkiyənin seyrçi mövqedə qalması gələcəkdə Ankaranın bölgədəki rolunu xeyli zəiflədə bilər. Ərdoğan isə əksinə, özünün və Türkiyənin bölgədəki rolunu yüksəkdə görür. Demək, buna uyğun da qərarlar verməlidir”.
Ayyət Əhməd