Türkiyə-Rusiya əlaqələrində yeni başlanğıca terrorla cavab verildi
Rusiya Rrezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan təkbətək görüş keçirmək barədə razılığa gəliblər. Bu barədə Ərdoğan Administrasiyası hər iki liderin telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirib. Putinlə telefon danışığı zamanı Türkiyə Prezidenti Rusiya ilə əlaqələrin normallaşdırılmasının vacibliyini vurğulayıb.
Öz növbəsində Putin Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralılara şəfa diləyib. İlkin məlumata görə, rəsmi Ankara Rusiya və Türkiyə Prezidentlərinin görüşünün "Böyük iyirmiliy”in” 4-5 sentyabr tarixlərində Çində keçiriləcək sammitində baş tuta biləcəyini bildirib. Qeyd olunub ki, Kreml və Türkiyə Prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayacaq.
Putin Türkiyəyə qarşı
sanksiyaları ləğv etdi
Rusiya Türkiyə turizminə qoyulan sanksiyaları aradan qaldırıb. Bu barədə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı razılığa gəliblər.
Putin Rusiya Nazirlər Kabinetinə Türkiyə ilə ikitərəfli iqtisadi-ticari əməkdaşlığın bərpası istiqamətində danışıqlara başlamağı tapşırıb.
Ərdoğanla dostluğu bərpa etmək istəyirik”
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ərdoğan Rusiyadan Türkiyəyə gələn turistlərin təhlükəsizliyini təmin edəcəyinə dair söz verib. Prezident bildirib ki, Ərdoğanla telefon danışığı işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlıq münasibətlərinin ənənəvi dostluq xüsusiyyətini bərpa etməyə yönəlib.
Lavrov Çavuşoğlu ilə Soçidə görüşəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Bunu Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında təsdiq edib. Onun sözlərinə görə, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Soçidə keçiriləcək iclası çərçivəsində baş tutacaq: "Bildiyiniz kimi, iyulun 1-də Soçidə iclas keçiriləcək. İclasda türkiyəli həmkarımın istəyi əsasında onunla ikitərəfli görüş də planlaşdırılır”.
"Qanlı terror hücumuna daxildən və xaricdən dəstək verilib”
Türkiyəli politoloq Ömür Çelikdönmez İstanbulun "Atatürk” Hava Limanında törədilən terror aktının Rusiya-Türkiyə yaxınlaşmasına mesaj olduğu ehtimalını şərh edib. Ekspert deyib ki, İstanbulda qanlı terror aktı Türkiyə ilə Rusiya liderlərinin aylar sonra ilk dəfə telefonla danışmasından bir gün öncə baş verib. Lakin bütün əngəllərə rəğmən Ərdoğanla Putinin təyyarə hadisəsindən sonra ilk dəfə təmasları gerçəkləşib: "Bu terror aktının Türkiyənin Rusiya ilə anlaşması, Suriyada İŞİD hədəflərinə hava hücumlarının hazırlandığı bir vaxta təsadüf etməsi düşündürücüdür. Rusların S-400-lərinin Türkiyə Hərbi Hava Qüvvələri ilə birlikdə İŞİD və digər terror təşkilatlarına hücum edəcəyi ilə bağlı söhbətlərin gəzdiyi bir vaxtda "Atatürk” Hava Limanında terror törədilməsi nə qədər təsadüf ola bilər?! Diqqət çəkən məqamlardan biri də ABŞ-ın İstanbuldakı terror hücumunun ardından, İraqda Fəllucanın İŞİD-dən təmizlənməsindən sonra növbənin Mosula çatdığını açıqlamasıdır. Bu qanlı terror hücumuna daxildən və xaricdən dəstək verildiyi dəqiqdir. Maraqlıdır ki, terrorla bağlı ortaya atılan iddiada terrorçuların təyyarə ilə xaricdən gəldiyi deyilir. Bu iddialar da düşündürücüdür”.
İsmayıl