Məişət zorakılığı faktlarının artmasının əsas səbəbi qadınların susqunluğudur
Ərlə arvadın savaşı...
Mentaliteti, adət-ənənələri kənara qoymaq lazımdır
Məişət zorakılığı faktlarının artmasının əsas səbəbi qadınların susqunluğudur
Məişət zorakılığı faktlarının artmasının əsas səbəbi qadınların susqunluğudur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məişət zorakılığı qurbanlarının daha çox qadınlar və uşaqlar olduğunu bildirib. A.Sofiyeva qeyd edib ki, məişət zorakılığı faktları ilə rəsmi statistika arasında fərqlər mövcuddur. Rəqəmlərdə azalma müşahidə edilsə də, faktların reallıqda daha çox olduğu məlumdur. Bu isə bəzən faktların ailələr, qadınlar tərəfindən gizlədilməsi, zorakılıq halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməməsiylə əlaqədardır.
A.Sofiyeva təmsil etdiyi qurumun təşəbbüsü ilə regionlarda rayon icra hakimiyyətlərinin nəzdində monitorinq qruplarının yaradıldığını deyib: "Məqsədimiz budur ki, ailədə, münasibətlərdə baş verən problemləri əvvəlcədən aşkarlayaq və çox ağır vəziyyət yaranmadan həll edə bilək. Monitorinq qruplarının vəzifəsi də risk qrupuna daxil olan münaqişəli ailələrdə müəyyən işlər aparmaq, belə ailələrə nəzarət etməkdir”.
"Ev bizim, sirr bizim”...
Azərbaycanın əksər ailələri məhz bu prinsiplə idarə olunur. Rəhmətlik atalarımızın o qədər "qızıl kəlamlar”ı var ki; evin sözünü çölə çıxarmazlar. Ev qaladır, hər gələnə qapı açılmaz (yəni, ay arvad, dilinə yiyəlik elə, hər yoldan ötənə, dərdini danışma, ürəyini açma və s.), Əvvəl evin içi, sonra çölü. Ev bizim, sirr bizim... Xanımlarımız da, ataların bu məsləhətlərinə əsrlərdir əməl edir. Arada-bərədə "ala qarğalıq” edənlər də tapılır. Onlar da həmən qohum-əqrəbanın, qohum-qonşunun təpkisi ilə üzləşirlər: "Yaxşı arvad döyülməz”. Hətta bir millət vəkilimiz də "yüyrək at, özünə qamçı vurdurmaz” zərb-məsəli ilə gündəmə "bomba” kimi düşdü. Qısası, arvadlarımızın halı çox fəna. "Desəm öldürərlər, deməsəm, ölləm” arasında çırpına-çırpına qalıblar.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da A.Sofiyevanın fikirlərinə qatıldığını bildirdi:
- Həqiqətən də məişət zorakılığına məruz qalanlar çox zaman bu barədə danışmadıqlarından, zəruri halda hüquq-mühafizə orqanlarına müraciət etmədiklərindən hallar fakt olaraq qeydə alınmır. Qadının zorakılığa məruz qalması isə davam edir. Zorakılığa məruz qalmış qadın boşanma üçün məhkəməyə müraciət də edə bilər, ərindən şikayətçi ola da bilər, olmaya da bilər. Şikayət edildikdə isə hüquq-mühafizə orqanları qadının təhlükəsizliyinin təminatı üçün lazımi tədbirləri görməlidirlər. Çünki çox vaxt biz məhz önləyici tədbirlər alınmadığından zorakılıq halları daha şiddətli xarakter alır, hətta ölümlə də nəticələnir. Belə halların şahidi oluruq.
Zorakılığın da mərhələləri var. Əvvəlcə, ittihamlar, ağır sözlər, söyüş, dava-dalaş, şillə, bədənə yüngül xəsarətlər, sonra da artıq ağır fiziki təzyiqlər. Məişət zoraklığı faktlarının azalmamasının əsas səbəbi qadınların susqunluğudur. Bu da ənənəvi ailə tərbiyəsindən qaynaqlanır. Azərbaycan ailələrinin dəyişməz qanunları var; qadın hər cür çətinliyə dözməlidir. Həyat yoldaşının üzünə ağ olmamalıdır, ailəsinin, uşaqların xətrinə bağışlamalıdır. İkinci daha böyük səbəb, cəmiyyətin səhv yanaşması, aqressiv münasibətidir. Bizim cəmiyyətdə, çox təəssüf ki, döyülən qadın "günahkar” sayılır. Cəmiyyət qadına qarşı zorakılığa hələ də adi, təbii hal kimi baxır. Və həyat yoldaşından polisə şikayət edən qadınlar da qınaq obyektinə çevrilir.
Ər-arvadın savaşı,yaz gününün yağışı?!
M.Zeynalova Dövlət Komitəsinin təşəbbüsü ilə rayon icra hakimiyyətləri nəzdində monitorinq qruplarının yaradılmasının müsbət addım olduğunu bildirdi:
- Lokal ərazilərdə baş verən hadisələrə hüquq-mühafizə orqanları müdaxilə etməkdən çox zaman çəkinir. Məsələn, sahə müvəkkilləri adətən yerli əhalinin nümayəndəsi olur, ərazidə yaşayan ailələrə də bələd olurlar. Lakin bu, vəziyyəti normallaşdırmaq əvəzinə, ağırlaşdırır. Çünki sahə müvəkkilləri məhz yerli xüsusiyyətləri və "ailənin daxili işlərinə qarışılmaz” stereotipinə söykənərək müdaxilə etməkdən çəkinirlər. El arasında belə fikir var ki, ərlə arvadın savaşı, yaz gününün yağışına bənzəyir. Ailə məsələlərinə müdaxilə ətlə dırnaq arasına girmək kimi qiymətləndirilir. Bəzən isə "Ər arvadı döyər də, sevər də” deyirlər. Nəticədə qadınlar ömrü boyu zorakılığa məruz qalır. Bədbəxt hadisələr də belə baş verir. Ona görə də, mən icra hakimiyyətləri nəzdində monitorinq qruplarının yaradılmasını müsbət qarşılayıram. Qrupda təmsil olunanlar ailələrlə daha yaxından maraqlanıb, problemləri öyrənə bilər, bununla da mümkün təhlükələr önlənər. Əgər məişət zorakılığı hallarının azalmasını istəyiriksə, hüquq-mühafizə orqanları da ilk növbədə qanunun tələblərini yerinə yetirməlidir, adət-ənənələrdən gələn tələbləri deyil.
Qadınlar mühafizə olunmalıdır
M.Zeynalova qeyd etdi ki, zorakılığa məruz qalan qadınların mühafizəsi önəmlidir:
- Biz dəfələrlə bildirmişik ki, istər evli olsunlar, istərsə də, vətəndaş nikahında yaşayan qadınlar, fərq etməz, bütün hallarda zorakılıq varsa və bununla bağlı şikayət edilibsə, həmin insanlarla bağlı mühafizə orderi tətbiq edilməlidir. Zorakılıq tətbiq etmiş şəxsin qadına yaxınlaşmasına, mənzilə gəlməsinə bir müddət qadağa qoyulmalıdır. Amma məlumdur ki, bizdə mühafizə ordeninin tətbiqi sahəsində müəyyən problemlər var. Halbuki bu mexanizmin genişləndirilməsi cəmiyyətdə zorakılıq hallarının qarşısının alınmasına müsbət təsir göstərə bilər. Əslində "Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əsasən mühafizə orderinin tətbiqi həyata keçirilməlidir. Yəni, zorakılıq törətmiş şəxs əvvəl 30 gün müddətində evdən uzaqlaşdırılmalı, təhlükədə olan şəxs sığınacaqda yerləşdirilməlidir. Amma hüquq-mühafizə orqanlarının bəzən ölkədəki sığınacaqlarla bağlı məlumatsızlığı da hər hansı tədbirin görülməsinin qarşısını alır. Qadınların ən real müdafiəsi isə mühafizə orderinin tətbiqidir. Belədə, qadın da təhlükəsizliyinin təmin edildiyini biləcək, qarşı tərəf də bəlkə, düşünüb-daşınacaq, özünə sual verəcək ki, "niyə evimdən ayrı düşmüşəm”. Mühafizə orderinin qabaqlayıcı, önləyici funksiyası olmaqla yanaşı, həm də tərbiyəvi əhəmiyyəti var.
Elə ölkələr var ki, orada qadının təhlükəsizliyinin təminatı yüksək səviyyədə təşkil olunur. Məsələn, İsraildə məişət zorakılığına məruz qalmış, təhlükə, təhdid altında olan qadınlara xüsusi elektron qolbağlar paylanır. Qadın hər hansı bir təhlükə hiss etdikdə qolbağ vasitəsilə dərhal hüquq-mühafizə orqanlarını xəbərdar edir. Bəzi ölkələrdə qadınlar hətta mühafizəçilərlə təmin edilirlər. Bizdə bu imkanlar olmadığından qadınlarımız çox zaman qorumasız qalır və təhlükədən sığortalana bilmirlər. Cəmiyyətin passivliyi də əsas faktorlardan biridir. Cəmiyyətimiz qadına qarşı zorakılığa sanki "dəstək” verir. Biz belə bir sorğu da keçirmişdik. Təsəvvür edin ki, sorğuya ən müxtəlif yaş qrupu və peşə sahiblərini cəlb etmişdik. Sorğuda iştirak edənlər arasında döyülən qadını günahkar bilinlər az deyildi. Bunlar hamısı savadsızlığın, əslində Azərbaycan xalqına yad olan ehkamlara kor-koranə itaətin nəticəsidir.
Məlahət Rzayeva