Fazil Mustafa: “Kriminal fəaliyyətlə məşğul olan erməni qruplaşmalarının bölgədən qovulması çağırışları səslənilir”
Zahid Oruc: “Gümrüdə baş verən hadisə Ermənistanda Rusiya əleyhinə çoxlu qüvvələrin olduğunu üzə çıxardı”
Gümrüdə rus hərbiçinin erməni ailəsini qətl etməsi və ardınca Minvodda ermənilər tərəfindən rus zabitinin qisas məqsədi ilə öldürülməsi erməni-rus cəmiyyətləri arasındakı gərginliyi pik həddə çatdırıb. Ermənistan əhalisi ölkədən rusların, ruslar isə əksinə, Rusiyadan ermənilərin qovulması tələbi ilə kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar. Kreml və rəsmi İrəvan proseslərə müdaxilə etməyə çalışsa da, kütləvi etirazların qarşısını almaqda aciz qalıb.
Çünki söhbət sadəcə iki siyasi hakimiyyət arasındakı formal "inciklik”dən yox, xalqların bir-birinə olan kəskin və həqiqi nifrətindən gedir. Bu baxımdan bir çox ictimai-siyasi xadimlər hesab edirlər ki, Azərbaycan getdikcə ciddiləşən erməni-rus qarşıdurmasından mümkün qədər öz xeyrinə yararlanmalıdır. Məsələn, millət vəkili Fazil Mustafa deyir ki, hadisələrin gündəmdə saxlanılması və Rusiyada, bölgədə təbliğ olunması Şimali Qafqazda ermənilərin mövqeyinin zəifləməsi baxımından olduqca əhəmiyyətlidir. Millət vəkilinin fikrincə, ermənilər Orxan Zeynalov hadisəsini şişirdərək Rusiyada necə gündəmdə saxlayırdısa, biz də ermənilərin ruslara nifrətini o cür təbliğ etməliyik. Ancaq bu istiqamətdə səmərəli işlərin görülməməsi deputatı məyus edir: "Gümrüdəki olaydan sonra rus hərbçisi bir erməni tərəfindən qətlə yetirilir. Bölgənin Kazak təşkilatının çağırışı ilə insanlar etiraz mitinqinə çıxırlar. Bu mitinq antierməni xarakter alır və tələblərin içində kriminal fəaliyyətlə məşğul olan erməni qruplaşmalarının bölgədən qovulması çağırışları səslənilir. Bəs biz Rusiya daxilində bu hadisəni bir informasiya olaraq nə qədər müddətdə gündəmdə saxlaya bilirik? Yaxud da gündəmdə qalması üçün hansı qapalı tədbirləri həyata keçiririk? Açığı mən bu istiqamətdə sistemli fəaliyyəti müşahidə etmirəm. Məncə, bir-iki günə bu ajiotaj yatacaq və Orxan Zeynalovla bağlı hadisədəki ajiotajdan fərqli olaraq rus ictimai rəyində antierməni əhvalının köklü şəkildə yerləşməsinə ciddi səbəb olmayacaq”.
F.Mustafanın haqlı iradlarını həmkarı, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da dəstəkləyir. O da düşünür ki, son hadisələr fonunda ermənilərin Rusiya əleyhinə olan çıxışları mümkün qədər çox tirajlanmalıdır: "Biz uzun illər Ermənistanın Rusiyanın əlində silah olmasını əsas gətirərək tarixi, ictimai və siyasi fəaliyyətimizi dondurub, buna adekvat yaşam formulu seçmişik. Hesab etmişik ki, sadəcə "Ermənistan Rusiyanın forpostudur” deməklə işimiz bitir. Əslində bu cür yanaşmayla özümüzün yox, daha çox ermənilərin xeyrinə işləmiş oluruq. İstənilən ölkənin xarici siyasətində əsas vəzifələrdən biri düşmən sayılan ölkəni öz himayədarlarından, dayaqlarından uzaqlaşdırmaqdır. Ən azından düşmənlə onun havadarı arasında soyuqluq yaratmaqdır. Təbii ki, buna adekvat olaraq media, siyasi qüvvələr, partiyalar və xarici diasporalar da bu kursu təlqin etməlidir. Xatırlayırsızsa, beş ay əvvəl Şimali Qafqazda ermənilər iki rusu qətlə yetirdi. Ancaq biz hadisənin uzun müddət Rusiya KİV-lərində müzakirə olunmasına və gündəmdə qalmasına nail ola bilmədik”.
Deputat deyir ki, beynəlxalq dairələr görəndə ki, biz sadəcə erməniləri rusların ön cəbhəsi adlandırırıq, onlar da məmnuniyyətlə bu funksiyanı yerinə yetirməkdə davam edirlər. Bu isə bizə fayda vermir: "Gümrüdə baş verən hadisə Ermənistanda Rusiya əleyhinə çoxlu qüvvələrin olduğunu üzə çıxardı. Həmçinin, Rusiyanın içində də erməniləri sevməyən çox sayda vətəndaşın olduğunu gördük. O cümlədən, "Reqnum” agentliyinin rəhbəri Modest Kolerovin ermənilərin dövlətçilik tarixini cəfəngiyyat adlandırması və onların Cənubi Qafqaza ruslar tərəfindən gətirildiyini sübut etməsi bizim illərlə sərgilədiyimiz tarixi mövqedən daha təsirli oldu. Amma biz bundan da yararlana bilmədik”. Ermənilərin rusların çiynində yükə çevrildiyini deyən Z.Orucun sözlərinə görə, bəziləri elə düşünür ki, əgər Ermənistan üzünü Qərbə çevirərsə, Azərbaycan ikiqat ziyan görəcək. Çünki Avropa dairələri də ermənilər kimi xristian mənşəlidirlər: "Belə düşüncələr bizi passivliyə sövq edir. İctimaiyyət olaraq bütün dəyişikliklərdən, düşmənçilik simptomlarından faydalanmalıyıq. Bu üsul dövlət mənafeyinin qorunması üçün dünyada tanınan normadır”.
İsmayıl