“Ermənistan əhalisi Sarkisyanın buxovuna keçib”

“Yelk” blokunun etiraz aksiyaları keçirməsi və xalqın buna dəstək verməsi gözlənilir”




Ermənistanda vəziyyət yenidən gərginləşib. Yanvarın 19-da paytaxt İrəvanda bahalaşmaya qarşı kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Müxalif güclər, xüsusən, "Yelk” bloku seçki ili olduğu üçün etirazların daha da genişlənəcəyini deyib. Digər müxaliflərin də onlara qoşulacağı ehtimal edilir. Düşmən ölkənin bərbad, dözülməz siyasi və iqtisadi vəziyyəti erməni ekspertlər tərəfindən də etiraf edilir.

Erməni iqtisadçı Artak Manukyan Ermənistanda yoxsulluğun pik həddə çatdığını, miqrasiya tempinin yüksəldiyini deyib. O bildirib ki, ölkədə əhali iş tapa bilmir, həyat səviyyəsi ildən-ilə aşağı düşür: "Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. İldən-ilə hökumətin xarici borcları artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsirin qarşısını almaq üçün yeni kreditlər alır, insanları soyur. Ermənistanın dövlət borcu 7 milyard dolları keçib”. Erməni politoloq Levon Şirinyan da bildirib ki, Ermənistanda istənilən sosial partlayış hər an siyasi müstəviyə keçə bilər. Onun sözlərinə görə, yaxında etirazlar əsl qiyam olacaq: "Ermənistan əhalisini 2018-ci ildə yaxşı heç nə gözləmir. Çünki ölkənin valyuta ehtiyatları tükənir. Bizim ölkəmiz institusional şəkildə inkişaf etmir, o, oliqarxlar, psevdoziyalılar və hərbi rəhbərlik tərəfindən idarə edilir”.

Ermənistandakı vəziyyəti "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, günü-gündən ağırlaşan iqtisadi-sosial vəziyyət bu ölkədə siyasi problemləri də üzə çıxardır. 

Ekspertin fikrincə, prezident Sarkisyanın hakimiyyət dəyişmə şousuna hazırlaşan yoxsul erməni cəmiyyəti, görünür, növbəti seçkilərdə Sarkisyana güzəşt etmək istəmir: 

"Çünki bu illər ərzində Qarabağın müharibə klanı Ermənistanı özəl obyekt kimi istifadə edir və Rusiyanın inhisarına veriblər. Nəticədə bu ölkə işğalçı siyasətindən əl çəkə bilmir. Ermənistan əhalisi isə Sarkisyanın buxovuna keçib. Ayın 19-da "Yelk” blokunun etiraz aksiyaları keçirməsi və xalqın buna dəstək verməsi gözlənilir. Çünki ölkədə işsizlik və miqrasiya ən üst səviyyədədir”. 

Ekspert bəyan edib ki, hökumətin bu istiqamətdə aparacağı hər hansı islahatlara nə siyasi, nə də maliyyə vəziyyətləri imkan verir: 

"Belə olan təqdirdə həqiqətən Ermənistan əhalisinin Sarkisyana qarşı açıq etirazlara qatılması və növbəti 2 mart hadisələrinin yaşanması qaçılmaz ola bilər. Göründüyü kimi, apreldə Sarkisyanın baş nazir kimi yenidən hakimiyyətdə qalması ciddi sual doğurur. Əgər xalq ayaqlansa, Sarkisyanın devrilməsi üçün heç bir əngəl olmaz. 

Amma Rusiyanın əsas adamı olan bir şəxsin hakimiyyətdən getməsi Kremlin müdaxiləsi ilə nəticələnər. Rusiya siyasətinin Ermənistanda əsas fiquru olan Sarkisyanı məhz Moskva hakimiyyətdə saxlayır. Məhz Sarkisyan kimilərdən istifadə etməklə etnik separatizm qızışdırılır. Əgər Ermənistan əhalisi ayağa qalxıb Sarkisyanı devirsə, bu ölkədə vətəndaş müharibəsi başlayar”.

İsmayıl