Bunu Sarkisyanın görüşdən dərhal sonra açıqlama verməsi bir daha sübut edir
"Sarkisyan razılaşmanı pozdu”. Bunu prezidentlərin Cenevrə görüşündən danışarkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, görüşə dair ATƏT və xarici işlər nazirləri tərəfindən birgə yayılan bəyanat prezidentlər tərəfindən şəxsən razılaşdırılıb:
"Ermənistan prezidenti məsuliyyətsizcəsinə bəyanatdan kənara çıxıb və razılaşmanı pozub. Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və danışıqların intensivləşməsinə dair razılığa gəliblər. Həmsədrlərin danışıqları ilin sonuna kimi intensiv şəkildə aparacaqlarına dair təklifləri var”. Cenevrə görüşü beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub. ATƏT-in görüşlə bağlı bəyanatında bildirilib ki, Avstriya hər iki ölkə prezidentinin yeni səylərini alqışlayır:
"Biz yeni impulsları və prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini alqışlayırıq”.
Bəyanatda, həmçinin vurğulanıb ki, cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. Almaniyalı siyasi şərhçi Aleksandr Rar isə bildirib ki, gündəliyi olmayan siyasi danışıqlar iflasa məhkumdur. Onun sözlərinə görə, görüş danışıqlar prosesində uzunmüddətli fasilə olmasın deyə təşkil edilmişdi:
"Cəbhə xəttində vəziyyət kəskin gərginləşə bilər, biz bunun dəfələrlə şahidi olmuşuq. Düzdür, görüş imkan verməyəcək ki, vəziyyət gərginləşsin. Ancaq bu, müvəqqəti nəticədir”. Alman ekspertin sözlərinə görə, həmsədrlər bəzi məsələləri razılaşdırmaq istiqamətində növbəti görüşü təşkil etməlidir: "Həmsədrlər münaqişənin tənzimlənməsi haqqında heç nə danışmırlar və ya münaqişənin həllini həddindən artıq mürəkkəb görürlər. Vasitəçilərin əsas vəzifəsi, danışıqların dəqiq gündəliyi formalaşdırmasıdır”.
Prosesləri "Şərq”ə şərh edən millət vəkili Asim Mollazadə deyib ki, beynəlxalq güclər uzun təzyiqlərdən sonra təcavüzkar Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur ediblər:
"Lakin bu, o demək deyil ki, Ermənistan ciddi-ciddi real danışıqlar aparacaq. Düşmən tərəf hər dəfə olduğu kimi prosesi imitasiya edir və beynəlxalq gücləri aldatmağa çalışır. Guya Ermənistanın danışıqlardan qaçmadığını, amma məsələnin həllinin çox mürəkkəb olduğunu göstərməyə çalışır.
Əslində Sarkisyanın görüşdən dərhal sonra açıqlama verməsi bir daha sübut edir ki, Ermənistan və onun havadarları regionda sülh istəmir və mövcud status-kvonun saxlanmasına cəhd edirlər. Belə şəraitdə danışıqlardan real nəticə gözləmək olmaz. Xarici işlər nazirlərinin mütəmadi bir araya gəlməsi də məna kəsb etmir. Hesab edirəm ki, beynəlxalq sanksiyalar tətbiq olunmayana qədər Ermənistanı konstruktiv mövqeyə gətirmək çətin olacaq”.
İsmayıl