Ermənistanın bu danışıqlara yeni hazırladığı detallarla qatılacağı deyilir






Yanvarın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında növbəti görüş keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş Polşanın Krakov şəhərində baş tutacaq.

Toplantıda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri dəyərləndirən siyasi ekspertlər indiki məqamda görüşün nəticəsiz olacağını desələr də, ümumi proses adına belə təmaslardan imtina etməyin doğru olmadığını düşünürlər.

Nazirlərin gözlənilən görüşü ilə bağlı "Şərq”ə danışan Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, görüş bir neçə aydı aparılan danışıqların davamı olmaqla yanaşı, ilin ilk görüşü kimi münaqişənin həllinin hansı istiqamətdə gedəcəyini təyin edəcək. 

Ekspertin fikrincə, Ermənistan tərəfinin bu danışıqlara yeni hazırladığı detallarla qatılacağı xəbər verilir: 

"Təbii ki, rəsmi İrəvanın bu görüşdə müzakirəyə təqdim edəcəyi təkliflər, heç də Azərbaycanın maraqlarına uyğun olmayacaq. Ermənistan rəhbərliyi çalışır ki, aprel ayına qədər Azərbaycanın hərbi təzyiqlərindən yayınsın. Çünki Sarkisyan hakimiyyəti seçkiyə və növbəti dəfə hakimiyyətdə qalmağa hazırlaşır. Əgər cəbhədə gərginlik riski artarsa, erməni ordusu uğursuzluğa düçar olar. Bu məğlubiyyətin nəticəsi kimi xalq Sarkisyanı devirməklə proseslərə təsir edər. Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov "münaqişənin həllinin hər iki tərəfin üzərində olduğunu” deməklə bir daha Rusiyanın Qarabağ konfliktinin həllində maraqlı olmayacağının mesajını verdi. 

Bu mənada Polşada keçirilən xarici işlər nazirlərinin görüşündən müsbət irəliləyişlər gözləməyə dəyməz. Sadəcə, belə danışıqlar regionda diskalasiya vəziyyətinin davam etməsinə xidmət edir”. Politoloq bildirib ki, Ermənistanın bu görüş üçün nəzərdə tutduğu yeni təkliflər, əsasən etimad mühitinin formalaşdırılması və atəşkəsin qorunub saxlanması üçün atəşkəsin pozulması hallarını aşkar edən mexanizmlərin yerləşdirilməsindən ibarətdir: "Ermənistan çalışır ki, bu mexanizmləri quraşdırdıqdan sonra, davamlı olaraq növbətçi görüşlər keçirilsin və işğal olunmuş ərazilərin boşaltmasını uzatsın.

Ümumiyyətlə, nə Moskvanın, nə də onların vassalının builki planlarında Qarabağ münaqişəsinin həll variantı var. Ona görə də Azərbaycan diplomatiyası ABŞ və Qərblə sıx əməkdaşlığı genişləndirməlidir. Bu il Avropa İttifaqı ilə çərçivə sazişi bağlanmalı və NATO ilə əlaqələr inkişaf etdirilməlidir”. Analitik bildirib ki, Rusiya heç vaxt hazırkı durumda işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına izn verməyəcək.

İsmayıl