Ermənistanın işğalçı təfəkkürü dəyişmir

Paşinyan hökumətinin əlindən gələn sadəcə qarayaxmadır, əsassız məlumatlar verməkdir



Bir neçə gün öncə Ermənistanın baş naziri Paşinyan iddia etdi ki, guya, erməni silahlı qüvvələri hərbi əməliyyatla Azərbaycanın üç əsgərini öldürüb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bunu dərhal təkzib etdi və Paşinyanın uydurma söylədiyini, yayılan xəbərin kökündən yanlış informasiya olduğunu vurğuladı.
Nazirlik bildirdi ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib: 

"Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır". 

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir. Paşinyan indiyə qədər bir çox sərsəm açıqlamaya imza atıb. Ancaq görünür, onun son bəyanatı birbaşa Azərbaycan və Türkiyə prezidentlərinin birlikdə təşkil etdikləri möhtəşəm hərbi paraddan qaynaqlanır. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin yanaşı dayanması, Azərbaycan ordusunun dünyada 50 ən güclü ordu sırasında yer alması düşmən ölkənin baş nazirini vahiməyə salıb. Məhz bundan dolayı, həmçinin erməni ictimaiyyətində baş alıb gedən ruh düşkünlüyünü qismən azaltmaq məqsədi ilə Paşinyan uydurma cəbhə xəbərləri verməyə məcbur olub.

Məsələni "Şərq"ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib ki, Ermənistan hökuməti danışıqlar masası arxasında heç nəyi müzakirə etmək iqtidarında deyil. Onun fikrincə, Nikol Paşinyan ağlasığmaz bəyanatlar səsləndirərək, Azərbaycanı, dövlətimizi, hökumətimizi qaralamağa çalışır: 

"Söylədiklərinin hamısı yalan, uydurma xəbərlərdir. Əslində, qanunsuz və cinayətkar rejimdən başqa nəsə gözləmək də düzgün deyil. Paşinyan hökumətinin əlindən gələn sadəcə qarayaxmadır, əsassız məlumatlar verməkdir. Düşmən ölkədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Ermənistanda işğalçı təfəkkür dəyişmir. 

Paşinyanı "demokrat" kimi cəmiyyətə sırımağa çalışırlar. Əgər o həqiqətən demokrat olsaydı, hakimiyyətə gələn kimi Ermənistanın Azərbaycanla bağlı yeritdiyi siyasəti pislədiyini elan edərdi və qoşunları geri çəkərdi. Lakin baş nazir postuna oturandan dərhal sonra sərsəm açıqlamalar verməyə başladı. 

Gah dedi ki, "Qarabağ Ermənistanındır", gah da söylədi ki, qondarma rejim müqəddəratını özü təyin etməlidir. Bütün bunlar göstərir ki, Paşinyan siyasətçi deyil, küçədən gətirilmiş təsadüfi adamdır. Siyasətdən başı çıxmadığı üçün cəbhə xəttində törədilən təxribatlarla, atəşkəsi tez-tez pozmaqla nəyisə dəyişməyə səy göstərir. Lakin anlamır ki, bütün təxribatların qarşısı anındaca alınacaq".

QAT sədri birmənalı şəkildə bildirib ki, hamı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını əsas götürməlidir:

 "Ermənilərin ümumiyyətlə heç bir sözünə inanmaq olmaz. Xüsusən də, müharibə və döyüşlərlə bağlı yaydıqları xəbərlərə qətiyyən etibar etməməliyik. Çünki hamısı ağ yalandır və təxribat məqsədi ilə yayılır. Paşinyan son günlər xeyli dərəcədə aşağı düşən reytinqini qaldırmaq, daxili auditoriyanı öz tərəfinə çəkmək üçün bu cür fikirlər səsləndirir. Ancaq haqq Azərbaycanın tərəfindədir. Ermənistanın bütün təxribatlarına son qoymaq üçün torpaqlarımızı birdəfəlik azad etmək lazımdır".

İsmayıl