Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın nəzarətindədir

Ona görə də kimin nazir olub-olmamasından asılı olmayaraq, birbaşa Kremlin əleyhinə açıqlama verə bilməz
"Rusiyanın Qafqaz regionunda mövcudluğu regionda hərbi əməliyyatların bərpasına mane olan, regional sabitlik və təhlükəsizliyə yardım edən faktordur”.
Bu fikirləri Ermənistan müdafiə naziri David Tonoyan bildirib. Nazir bəyan edib ki, Moskvaya səfəri zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə hava hücumundan birgə regional müdafiə sisteminin yaradılması və Ermənistan ilə Rusiyanın birləşmiş qoşun qruplaşmasına dair əvvəlki sazişlərin müddəalarının praktiki icrasına dair bir sıra sənədlər imzalayıb. Tonoyan müdafiə sahəsində Ermənistan-Rusiya münasibətlərinin "keyfiyyətcə yeni səviyyəyə” keçdiyini söyləyib. Ekspertlərin sözlərinə görə, Qərbin adamı kimi tanınan Nikol Paşinyanın komandasında təmsil olunan nazirin bu tipli açıqlamalar verməsi İrəvan hökumətinin ikibaşlı siyasətinin təzahürüdür.
Tonoyanın açıqlamasını "Şərq”ə şərh edən politoloq Natiq Miri bildirib ki, Ermənistan ordusu və zabitlər heyətinin əksəriyyəti bilavasitə Rusiyaya bağlıdır. Ölkənin Müdafiə Nazirliyi də birmənalı olaraq Rusiyanın nəzarətindədir. Ona görə də Ermənistanda kimin nazir olub-olmamasından asılı olmayaraq, birbaşa Kremlin əleyhinə açıqlama verə bilməz: 
"Paşinyan çox ciddi problemlərlə üzləşib. İnqilabi proseslərlə hakimiyyətə gəlmək xalqa verilən vədlərin yerinə yetiriləcəyi anlamına gəlmir. Baş nazir həm iqtisadi, həm də siyasi sistemdə dəyişiklik etmək istəyir. Lakin dərk edir ki, köklü dəyişikliyi Moskvanı qarşısına alaraq həyata keçirə bilməz. Ona görə də Rusiyanın könlünü alaraq, islahatları reallaşdırmağa çalışır. 
Nəzərə alaq ki, son dönəmlər Rusiyadan Ermənistana cəlbedici təkliflər gəlməkdədir.
 "Su 30” tipli təyyarələrin Ermənistana verilməsi ilə bağlı informasiyalar yayılır və Kreml bunu təkzib etmir. Paşinyan isə bu cür təkliflərdən yararlanmaq niyyətində olduğunu gizlətmir. Çalışır ki, bölgədə hərbi balansı nisbətən qorusun və özünü sığortalasın. Paşinyanın özünü sığortalaması isə Moskvaya sığınmaqdan keçir. Ona görə də Paşinyan hökumətinin Rusiyayönlü hərəkətlərini bu yöndə dəyərləndirmək lazımdır”.
Analitikə görə, Paşinyan açıq formada Qərbyönlü siyasəti yeritməyin onu Rusiya ilə üz-üzə qoyacağını çox yaxşı bilir:
 "Bu da kövrək Paşinyan hökuməti üçün ciddi təhlükə demək olar. Sizi əmin edirəm ki, gələcək perspektivdə Ermənistanda sistem dəyişikliyi olarsa, Qərbə inteqrasiya daha da sürətlənəcək. Lakin Paşinyan hökuməti heç vaxt Rusiyaya qarşı çıxmayacaq. O baxımdan yeni hökumətin addımlarını Qərbdən birdəfəlik uzaqlaşmaq mənasında yox, müvəqqəti gediş kimi dəyərləndirmək lazımdır”.
İsmayıl