“Ermənistanın qarşısı alınmasa, bölgədə gözlənilməyən hadisələr olacaq”

Rövşən Rzayev: “Azərbaycan Ermənistan tərəfinin təcavüzkar siyasəti nəticəsində mülki və hərbi vətəndaşlarını itirir”
Qənirə Paşayeva: “Artıq Azərbaycan ordusunun da, xalqının da səbri daşıb”


Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun üzv dövlətlərinə, MDB ölkələrinə, BMT, İƏT və NATO-nun baş katiblərinə, Avropa İttifaqının nümayəndəsi Federika Mogeriniyə məktub ünvanlayıb. Məktubda 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə tutması və nəticədə bir neçə mülki şəxs arasında tələfat olduğu haqqında məlumat verilib.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımi addımlar atıb. Həmçinin qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib. İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Nazir Ermənistanı öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmağa, ilhaqçı siyasətinə son qoymağa, qonşunlarını işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarmağa çağırıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də Ermənistanın Azərbaycana qarşı təcavüzkar və təxribatçı hərəkətlərilə bağlı beynəlxalq təşkilatlara müraciət edib: "Beynəlxalq aləm dərhal və mütləq şəkildə Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaqdan ötəri təcili hərəkətlərə keçməlidir. Xüsusilə də ATƏT-in Minsk Qrupu bütün imkanlarından istifadə etməlidir ki, Ermənistanın bu hərbi təcavüzünün qarşısını alsınlar”. Deputat bildirib ki, əgər beynəlxalq aləm Ermənistanın işğalçı siyasətinin qarşısını almasa, bu, daha böyük fəlakətlərə səbəb olacaq: "Əks halda gənc və günahı olmayan həm Azərbaycan əsgəri və mülki vətəndaşların tələfatının saylarının çoxalmasına gətirib çıxardacaq. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan istifadə edərək törətdiyi təxribatın qarşısı alınmasa, bu bölgədə gözlənilməyən mənfi nəticələrə yol açacaq. Azərbaycan tərəfi öz torpaqlarını qoruyur. Amma bu atışmaların daha böyük fazaya keçməməsindən və böyük fəlakətlərin, qırğınların baş verməməsindən ötrü beynəlxalq birlik Ermənistanı təcavüzkar fikirlərindən uzaqlaşdırmağı bacarmalıdır”. R.Rzayev beynəlxalq təşkilatlara çağırışında bildirib ki, Azərbaycan Ermənistan tərəfinin təcavüzkar siyasəti nəticəsində mülki və hərbi vətəndaşlarını itirir: "Azərbaycan xalqı Ermənistanın hərbi təcavüzü nəticəsində həm mülki və həm də hərbi vətəndaşlarını itirir. Ermənistanın təcavüzkar, təxribatçı hərəkətləri nəticəsində Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olub”. Millət vəkili ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə səslənərək Ermənistan rəhbərliyinin işğalçı siyasətinin qarşısını almağa çağırıb: "Biz bunu belə qoya bilmərik. Beynəlxalq aləmi təcili addımlar atmağa çağırırıq. Mən ATƏT-in Minsk Qrupunun həmsədrlər dövlətlərinə müraciət edirəm ki, onlar mütləq qaydada separatçı, təxribat düşüncəli və işğalçı Ermənistan rəhbərliyinin bu addımlarını dayandırsınlar”. Millət vəkili Qənirə Paşayeva da beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırıb. Deputat vurğulayıb ki, artıq Azərbaycan ordusunun da, xalqının da səbri daşıb: "Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar, ordumuz tərəfindən daha ağır cavab alacaqlar. Fikrimcə, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Bu baxımdan KİV-lərin, QHT-lərin və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə edilməlidir”.

İsmayıl