“Əzələ nümayişi?”
Ermənistandakı hərbi təlimlər qorxunun əlamətidir
Rus əsgərləri "Dağlıq pəmbək”, "Kəmxud” və "Alagöz” təlim-məşq komplekslərində kəşfiyyat təlimləri keçiriblər. Təlimlərə Ermənistan silahlı qüvvələrinin əsgərləri də qatılıblar. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağa yerləşdirilmiş erməni silahlı birləşmələri işğal edilmiş Azərbaycan ərazilərində genişmiqyaslı təlimə start veriblər.
Məlumata görə, təlimlərə çox sayda texnika və hərbi qulluqçular cəlb edilib.
Rus və erməni hərbiçilərinin poliqonlarda keçirdiyi tələm-tələsik təlimlərin erməni ictimaiyyətinə hesablandığını vurğulayan hərbi ekspert Azad İsazadənin sözlərinə görə, bu təlimlərin heç biri Azərbaycana "əzələ nümayişi” deyil: "Buna səbəb isə Ermənistanın Gömrük İttifaqına Qarabağsız qoşulmasıdır. Erməni ictimaiyyəti Sarkisyan hökumətindən Qarabağı da ittifaqa qoşa bilmədiyi üçün narazı qalıb. Onlar hesab edirlər ki, Sarkisyan tezliklə Qarabağı Azərbaycana qaytaracaq. Rusiya hərbi təlim keçirməklə, erməni xalqının yanında olduğunu göstərməyə çalışır”. Azad İsazadə onu da bildirib ki, belə təlimlər hər hansı bir ölkəyə təzyiq vasitəsi ola bilməz. Çünki heç bir ölkə bu cür sıxışdırmalarla öz siyasətindən geri çəkilən deyil, Azərbaycan da həmçinin”. Hərbi ekspert vurğulayıb ki, əgər Rusiyanın bu addımı Azərbaycana mesajdırsa, rəsmi Bakı bu ismarıcın cavabını çoxdan verib: "Rusiya bu təlimə qoşulmaqla Azərbaycanı güc nümayişindən çəkinməyə çağırır. Bu doğrudan da belədirsə, o zaman Azərbaycan da bir müddət əvvəl Qarabağ səmalarında türkiyəli pilotlarla birgə təlim keçməklə Rusiyanın cavabını verib. Bu o deməkdir ki, siz Ermənistanın yanındasınızsa, Türkiyə də bizim yanımızdadır. Biz Türkiyə ilə birgə regionun təhlükəsizliyinə cavabdeh olmağa qadirik”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə deyib ki, rus-erməni kəşfiyyatçılarının keçirdiyi təlimlər erməni poliqonlarında baş tutduğu üçün Azərbaycanın etiraz haqqı yoxdur.
"Əgər Rusiyanın Ermənistandakı hərbi qüvvələri erməni ordusu ilə birlikdə işğal altında qalan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirmiş olsa idi, bu artıq qanunsuz hal hesab olunacaqdı. Hansı ki, Rusiyanın Ermənistandakı hərbi qoşunları heç vaxt bu cür hərbi təlimlərə qatılmayıb. Buna həm təhlükəsizlik baxımdan əsas yoxdur, həm də bu beynəlxalq razılaşmaların müddəalarının kobud şəkildə pozulması deməkdir. Rus qoşunları uzaqbaşı Ermənistanda gedən hansısa təlimlərə qatıla bilər. Ermənistan və Qarabağdakı saxta erməni hərbiçilərinin keçirdiyi təlimlər isə bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Onsuz da Ermənistanın bu günə qədər pozmadığı beynəlxalq sənəd qalmayıb. Azərbaycanın hərbi gücünü artırması və son illər ərzində cəbhə xəttində atəşkəsin daha intensiv pozulması fonunda Ermənistan cəmiyyətindəki təhlükə qorxusunu və demokratik prosesləri boğmaq üçün Sarkisyan rejimi bu cür təlimlərdən istifadə edir.
Bilirsiniz ki, məşhur Roma meydanında qladiator döyüşləri ona görə təşkil olunurdu ki, kütlələr çörək haqqında düşünməsinlər, aclığı hiss etməsinlər. Emənistanda da analoji vəziyyətdir. Ermənistan bir çox hallarda saxta hərbi təhlükə ritorikasını ortaya atmaqla cəmiyyəti sosial problemlərdən, iqtisadi ağırlıqdan dolayı hökumətin üzərinə yeriməsinin qarşısını almağa cəhd göstərir. Onsuz da ki, Ermənistanda iqtisadi-sosial vəziyyət çox acınacaqlı gündədir. Müxtəlif qüvvələr küçə və meydanlarda aksiyalar keçirməklə hökuməti istefaya çağırırlar”. Bu cür təlimlərdən Azərbaycanın informasiya həyatına və təhlükəsizliyinə heç bir narahatlıq gəlmədiyini vurğulayan millət vəkilinin sözlərinə görə, bütün sərhədyanı bölgələr Ermənistanın bu cür "əzələ nümayiş”inə öyrəşiblər: "Hamı bilir ki, artıq ermənilərin özünün əzələsi qalmayıb. "Cənub cinahı” adı altında Rusiya Ermənistanı özünün hərbi doktrinasında mühüm bir məkan kimi seçib. Ermənistandakı və Gümrüdəki hərbi bazalar qərb qüvvələrinin Qafqaza daxil olacağı təqdirdə balansı qorumaq üçündür. Düşünmürəm ki, Rusiya Azərbaycan təhlükəsinə qarşı öz qüvvələrini Ermənistanda yerləşdirsin”.
Z.Orucun sözlərinə görə, Ermənistanın keçirdiyi hərbi təlimlər daha çox öz başlarında çatlayır. Faktiki olaraq, hərbi quruculuğa, silahlı qüvvələrin formalaşmasına, gücünü artırmasına heç bir təsiri olmur: "Ermənistanın 2015-ci il üçün müəyyənləşdirdiyi dövlət büdcəsi 2,9 milyard dollardır. Onun da 400 milyon dollardan artıq hissəsi ordu quruculuğu üçün ayrılıb. Bu gün tankların, topların qiyməti hər kəs üçün açıq olan internet saytlarında yerləşdirilib və asanlıqla hesablamaq olar ki, ordu üçün ayrılmış vəsaitlə Ermənistan hökuməti nələri ala bilər. Əvəzində Azərbaycanın hərbi büdcəsində 1,8 milyard manat müdafiə xərcləri üçün ayrılıb. İnvestisiya xərclərinin tərkibində də kifayət qədər vəsait hərbi sahəyə yönəldilməkdədir. Bu mənada Ermənistanın keçirdiyi təlimlərin bizdə narahatlıq doğuracağı absurdur. Amma istənilən halda bizim hərbi kəşfiyyatımız və aidiyyəti strukturlarımız bu prosesləri mütəmadi izləyirlər”.
Şəymən