Faizlər düşüb deyə ipoteka kreditlərinə tələbat artıb

Güzəştlərdən faydalananların 70 faizi gənclər və gənc ailələrdir




2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib. Ötən il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 milyon manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 milyon manat məbləğində 3109 ipoteka krediti verilib.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən bildiriblər ki, ötən il ərzində verilmiş kreditlərin 1076 ədədi (70,6 milyon manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd olunub ki, İpoteka kreditlərindən faydalananların 70,3 faizi gənclər və gənc ailələrdir, 24,1 faizi isə regionlarda verilib.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, ipoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb. Onun fikrincə ipoteka üzrə kredit faizlərinin aşağı düşməsi mərhələli şəkildə bu kreditlərə tələbin formalaşması üçün mühüm rol oynayıb: 

"Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi əvvəlcə 8 faizdən 7, daha sonra isə 6 faizədək azaldılıb. 

Həm də ki, 2017-ci ilin ipoteka kreditlərinin maksimum məbləği artırılıb. Hansı ki, ipoteka kreditlərinin maksimum məbləğinin az olması narahatlıq doğuran məsələlərdən idi. 2017-ci ildə isə məbləğin artırılması ipoteka kreditlərini daha əlçatan etdi. Son illər faizlərin yüksək olması ipoteka kreditlərinə tələbin azalmasına gətirib çıxarmışdı deyə, banklar faizləri aşağı salmalı oldu. Bu da göründüyü kimi müsbət effekt verib. 

25 il müddətinə adi ipoteka kreditləri üzrə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəyirdisə, kredit faizi 7 olanda bu göstərici 1060 manat, 6 faiz olanda isə 966 manatadək azalıb. Hesab edirəm ki, ipoteka kreditlərinin verilməsi şərtləri daha da təkmilləşdirilsə, növbəti illərdə tələbin daha çox artdığına şahid olacağıq”.

Şəymən