Fazil Mustafa da narazıdır, Almurad Əliyev də...

Eks-prezidentlərə xərclənəcək vəsaitin məbləğini azaltmaq yanlışdır





Azərbaycanda eks-prezidentlərə xərclənəcək vəsaitin məbləğinin azaldılacağı açıqlanıb. Nazirlər Kabinetindən verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsində "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunun icrası üçün 287 min 515 manat nəzərdə tutulub.

Məlumdur ki, proses 2013-cü ildən başlayaraq dövlət büdcəsindən maliyyələşdirilir. Həmin ildə bu məqsədlə büdcədən 283 min 925 manat vəsait xərclənib. 2014-cü ildə isə vəsaitin məbləği bir qədər artırılaraq 303 min 633 manata çatdırılıb. Məlumat üçün bildirək ki, hazırda sabiq prezidentlərlə bağlı qanunun verdiyi imtiyazlardan keçmiş dövlət başçısı Ayaz Mütəllibov və mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi yararlanır. A.Mütəllibov hər ay hazırkı prezidentin aylıq əməkhaqqının 50 faizi qədər 7500 manat (Azərbaycan prezidentinin maaşı 15 min manatdır-red.) müavinət alır. Elçibəyin həyat yoldaşı Həlimə Əliyevaya isə ayda A.Mütəllibovun aldığı pensiyanın yarısı qədər - 3750 manat müavinət verilir. Qanunla keçmiş prezident vəfat edibsə, mərhumun ailəsinə eks-prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət verilir.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında bunun doğru addım olmadığını qeyd edib: "Belə məsələlərə toxunmaq düzgün deyil. Ölkədə iqtisadi imkanlar geniş olduğu halda, həmin xərcləri azaltmaq yanlışdır. Hər halda ən azı məbləğin olduğu kimi qalması siyasi cəhətdən daha məqsədəuyğun olardı”.

Ə.Elçibəyin qardaşı Almurad Əliyev də bildirib ki, vəsaitin azaldılması yaxşı hal deyil: "Cari ildə bununla bağlı büdcədən ayrılan məbləğ çoxaldılmışdı. Növbəti illərdə artırılacağını düşünürdük. Azaltmaq istəyirlərsə, deməli, belə məsləhətdir. Amma artırsalar, daha ürəkaçan olar”.

Ayyət Əhməd