FED faiz dərəcəsini böyük ehtimalla dekabrda qaldıracaq

Ekspert hesab edir ki, bu qərar Azərbaycan iqtisadiyyatında ciddi rezonans yaratmayacaq



ABŞ iqtisadiyyatının bu il mülayim şəkildə artdığını deyən ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellenin sözlərinə görə, Texas, və Floridada baş verən təbii fəlakət üçüncü rübdə iqtisadi artım tempinə təsirsiz ötüşməyəcək. Onun fikrincə, istehlakçıların xərcləri, özəl sektorun yatırımları və ixracatçıların dəstəyi ilə bu il iqtisadi artım tempi 2,5 faiz təşkil edəcək.

İnflyasiyaya toxunan baş bankir deyib ki, son aylar ərzində bu göstərici olduqca zəif olub. Ancaq o qeyd edib ki, bu cür sürprizlər çaşdırıcı ola bilər: "Mənim proqnozlarıma əsasən, gələn il inflyasiya artım nümayiş etdirəcək. FED rəhbərliyində təmsil olunan bir çox məsləkdaşlarım da analoji proqnoza malikdir. Gələn il artıma başlayan inflyasiya 2019-cu ildə 2 faiz səviyyəsinədək yüksələ bilər”. C.Yellen hesab edir ki, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək və FED rəhbərliyi buna müsbət baxır.

Xeyli müddətdir dolların məzənnəsinin sabit qaldığını vurğulayan iqtisadçı ekspert Pərviz Heydərov əlavə edib ki, sadəcə Azərbaycan deyil, dünya miqyasında da ABŞ milli valyutasının bahalaşması müşahidə olunmur: 

"Əksinə, dünyanın bir sıra aparıcı valyutalarına münasibətdə bir ara ucuzlaşmaqda idi. Buna səbəb, FES-in biri-birinin ardınca faiz artımına getdikdən sonra, özünün də dolların dəyərinin möhkəmlənməsi prosesinin dayanmasında maraqlı olması idi. Çünki dolların həddindən artıq möhkəmlənməsi Amerika mallarının bahalaşmasına gətirib çıxarır. Bu isə iqtisadi artıma ziyandı. Faiz artımı isə bilavasitə iqtisadi artım, inflyasiya, işsizlik probleminin maksimum həlli kimi məsələlərə bağlıdır”.

FES-in bu il ərzində artıq bir dəfə faiz artımına getdiyini xatırladan ekspert deyib ki, bu, keçən ilin dekabrdakı analoji addımdan cəmi 3 ay sonra mart ayında edilib: 

"Növbəti belə bir addımın isə cari ilin dekabrından tez atılmayacağı qabaqcadan da proqnoz edilmişdi. Yəqin ki, bu da 0,25 faiz səviyyəsində olacaq. Belə ki, ABŞ iqtisadiyyatında vəziyyət qənaətbəxş olaraq qalır. İşsizlik maksimum aşağı səviyyədədir. ÜDM istehsalı səviyyəsi normaldır. İnflyasiyanın isə bütün bunlara uyğun olaraq, istənilən tempdə olacağı istisna edilmir. Odur ki, faiz dərəcəsi dekabrda böyük ehtimalla qaldırılacaq”.

FES-in uçot dərəcəsini artırmasının dünya və Azərbaycan iqtisadiyyatına, yəni manata təsirinə gəldikdə isə P.Heydərov hesab edir ki, keçən ilin dekabrında və bu ilin martında analoji qərarlar əvvəlkilərindən fərqli olaraq dünya valyuta birjalarını çox da silkələmədiyi kimi, budəfəki artım qərarı da ciddi rezonans yaratmayacaq.

Şəymən