FHN-nin bu işə heç bir aidiyyəti yoxdur

İki orqana eyni funksiya həvalə oluna bilməz
Qadağan olunmuş yerlərdə siqaret çəkənlərin cərimə olunması işinə polis nəzarət etməlidir



Siqaretin qadağan olunması ilə bağlı cərimələrin tətbiq edilməsinə baxmayaraq hələ ki, dəyişən bir şey yoxdur. Yenə də qadağan olunmuş yerlərdə siqaret çəkənləri görmək olar. Bəs, qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət necədir? Qanunda nəzərdə tutulan cərimələri kim tətbiq edir və ya bu işə hansı orqanlar baxmalıdır?

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

Qanunun icrasına başlamazdan öncə də müəyyən narazılıqlar var idi. Xüsusilə siqaret çəkən şəxslər cərimənin tətbiqini məqbul saymırdı. İndi isə cərimənin tətbiq edilməsi səlahiyyətinin hər iki nazirliyə verilməsi birmənalı qarşılanmır. İnsanlar FHN və DİN-in bu sahəyə heç bir aidiyyəti olmadığını düşünürlər. Görəsən, ekspertlər hansı fikirdədir?

...yeni mədəniyyət formalaşacaq

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, qanun qəbul ediləndən sonra onun icrası ilə bağlı ölkə prezidentinin fərmanı var. Fərmanda qanunun icrasına nəzarətin hansı quruma verilməsi qeyd olunub: "Artıq bu qurumlar müəyyənləşib - FHN və DİN. Siqaretin çəkilməsi bir sıra fövqəladə halların yaranmasına gətirib çıxara bilər. İlk növbədə əhalinin təhlükəsizliyi, daha sonra sağlamlığı ilə bağlı olan məsələlər düşünülür. Siqaret olan yerdə bəzi ekstrimal hallar meydana çıxa bilər. Meşələr qadağan edilmiş ərazidir, amma siqaret çəkilir. Orda yanğın olacaqsa, bunu hansı quruma tapşırmaq lazımdır? Təbii ki, bununla FHN məşğul olmalıdır.
Polis bütövlükdə ictimai təhlükəsizliyə nəzarəti həyata keçirir. Baxmayaraq ki, qanun qüvvəyə mindi, amma ictimai iaşə yerlərində, mağazalarda, bəzi mədəniyyət ocaqlarında, hətta hamamlarda biabırçılıq baş alıb gedir. Mən siqaret çəkən deyiləm, bu mənim təbii hüququmdur. Siqaret çəkmək özü törəmə haldır, insanda sonradan yaranır. Məncə, qanunun tətbiqi prosesinə ciddi yanaşmaq lazımdır. Polis sahə müfəttişləri var ki, onlar bütün əraziyə nəzarət edir. Polisə səlahiyyətin verilməsi təhlükəsizlik və tam nəzarət baxımından yaxşı haldır. Vacib amil odur ki, qanunun tətbiqinə nail olunsun”.

Ə.Nuriyev bildirib ki, bəzi hallarda səlahiyyətli qurumların özünə də nəzarət etmək lazımdır. Çünki müxtəlif iaşə obyektləri, restoran və digər obyekt sahibləri nəzarət edən qurumlarla əlaqəyə girirlər. Ona görə də qanunun icrasına sərt nəzarət olunmalıdır: 

"Bəziləri hesab edir ki, müştəri cəlb etmək baxımından siqaretin çəkilməsinə icazə olmalıdır. Hesab edirəm ki, bu qanun yeni bir mədəniyyətin yaranmasına gətirib çıxaracaq. Dünyanın əksər ölkələrində siqaretsiz bir mühit yaranıb. Ölkəmizdə milyonlarla insan siqaret çəkir. Onlara xüsusi yer ayrımaq lazımdır ki, buna vərdiş etsinlər və harda gəldi siqaret çəkməsinlər. Burda ilk növbədə ictimai təşviqedici məlumatların yayılması vacibdir, ictimaiyyətin gücündən istifadə etmək lazımdır. Hər kəsə qanunun nə üçün qəbul olunduğunu dəqiq izah etmək vacibdir. Bu məsələdə xüsusilə elektron KİV-lərin rolu əvəzsizdir. Bir sıra hallarda sosial roliklərin, reklamların həyata keçirilməsi mütləqdir. İnsanlarımızın çoxu bilmir ki, belə bir qanun var. Beləliklə onlar harda gəldi siqaret çəkərək həm başqalarının sağlamlığına ziyan vuracaqlar, həm də qanun kağız üzərinə qalacaq. Ona görə sui-istifadə hallarının qarşısının alınması üçün geniş maarifləndirmə aparmaqla qanunu cəmiyyətə çatdırmaq lazımdır”.

... DİN-in nəzarəti daha məntiqlidir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə düşünür ki, qanunla bağlı hələ dəqiq mexanizmlər yoxdur. O bildirib ki, qaydalar hazırlanmalı və siqaret çəkilməsi üçün icazə veriləcək yerlər müəyyənləşməlidir: "Hazırda qanuna nəzarəti həyata keçirən orqan yoxdur. 3 ay müddətinə Nazirlər Kabineti prezidentə bu barədə müvafiq təkliflər təqdim etməlidir. Millət vəkili belə bir fikir söyləyibsə, yəqin bu barədə dəqiq məlumatlıdır. Amma iki orqana eyni funksiya həvalə oluna bilməz, görünür, burda fərqli yanaşma olacaq. Hər iki qurumun konkret funksiyası olacaq. Biri administrativ cəriməni tətbiq edən, digəri isə nəzarəti həyata keçirən orqan olacaq.

"Polisə səlahiyyətin verilməsi nə dərəcədə məntiqlidir” - sualına gəlincə, bu zaman başqa sual yaranır - "bəs kimə tapşırılsın? Tutaq ki, İqtisadiyyat Nazirliyi nəzarət etmək üçün uyğundur. Amma onların belə ştatı yoxdur. DİN-də isə bununla bağlı müəyyən ştat açılıb. Məsələn, post-patrul xidmətləri mövcuddur, onlar yerlərdə ictimai asayişin təmin olunmasına nəzarət edirlər.

Təhsil Nazirliyinin də belə bir ştatı yoxdur. FHN-ə səlahiyyətlərin verilməsini başa düşə bilmirəm, çünki bu qurum sadəcə yanğın təhlükəsizliyi nöqteyi-nəzərdən uyğun gələ bilər. Bu səlahiyyətlər üçün müvafiq orqan DİN-dir. Polisin cərimə tətbiq etmək hüququ olan yerlər var, məsələn, DYP əməkdaşları konkret administrativ cəza tətbiq edə bilirlər. FHN-in yanğın təhlükəsizliyi ilə bağlı administrativ cərimələr tətbiq etmək səlahiyyəti olan işçiləri, vəzifəli şəxsləri var. Amma digər nazirliklərdə belə funksiya yoxdur. Düşünürəm ki, əlavə pul xərclənib ştat açılmadan və yeni struktur yaradılmadan daha çox uyğun gələn qurum DİN-dir”.

Yeganə Bayramova