“İnsanların inancını lağ və təhqir obyektinə çevirmək olmaz”Dmitri Kupinov: “Həmrəylik yürüşündə müsəlman dövlət rəhbərlərinin iştirakı, aqressivləşmiş fransız cəmiyyətini sakitləşdirdi”
Fransanın "Charli Hebdo” jurnalı redaksiyasında baş verən qanlı hadisənin detallarını heç kəs bilmir. Lakin fakt odur ki, hadisə yaşanıb. Və fransız cəmiyyəti göz yaşı axıdır”. Bu barədə "Şərq”ə həmin ölkənin Azərbaycandakı səfirliyinin sabiq nümayəndəsi, Ukrayna mənşəli fransız diplomat Dmitri Kupinov bildirib. Onun sözlərinə görə, yaxşı və pis olmasından asılı olmayaraq Fransa xalqı müsəlmanları özlərinin ayrılmaz tərkib hissəsi sayır:
"Doğrudur, 2001-ci ilin 11 sentyabrında Amerikada törədilən terrora görə, müsəlmanlar dünya xalqlarının gözündə qatil obrazında canlandırıldı. Bu mənzərəni Avropa ölkələrinin televiziya, jurnal və qəzetləri yaratmışdı. Müsəlmanlar dünyaya təlhükəli və rəhmsiz zümrə kimi təqdim olunurdular. Bu da yavaş-yavaş beyinlərə pərçimlənirdi. Amma bəzi ağıllı və ziyalı adamlar müsəlmanlara təhlükə mənbəyi kimi yanaşmağın əleyhinə çıxış edib, terror hadisələrini islamla eyniləşdirməyin yanlış olduğunu sübuta yetirdilər. Bundan sonra müsəlmanlara baxış normal müstəviyə keçdi. Bununla yanaşı, Avropa məkanında müsəlmanlara nifrət tamamilə aradan qalxmadı. Bunu da mühafizəkar avropalılar qabardırdılar. Şübhəsiz ki, bu, insan haqlarının pozulmasıdır”.
Müsahibimiz qeyd edib ki, Fransa hökuməti bütün xalqı olaya dözümlü yanaşmağa və bunu islamla əlaqələndirməməyə çağırıb:
"Hökumət dərk edir ki, bütün müsəlmanlar terrorçu deyillər. Bunu islam adından istifadə edənlər gerçəkləşdirirlər. Üstəgəl, hazırda onlar elə müsəlman ölkələrində də dəhşətli cinayətlər törədirlər. Hətta, jurnala dəstək aksiyasına bir sıra böyük müsəlman ölkələrinin liderləri qatılmışdı. Onlar da terroru pislədilər. Həmrəylik nümayiş etdirdilər. Onların nümunəvi davranışları islam aləminə qarşı aqressivləşmiş fransız cəmiyyətini sakitləşdirdi. Fransız xalqı anladı ki, müsəlman ölkələri Avropaya qənim kəsilməyib. Sadəcə bir qrup terrorçu islamdan istifadə edib. Bir sıra müsəlman ölkəsində olmuşam. Çox səmimi insanların əhatəsində olmuşam. İndiki halda fransızlar dərk edir ki, hadisəni törədənlər islamdan sui-istifadə edənlərdir. Çünki heç bir din günahsız ölümü təbliğ etmir”.
Jurnalistlərin Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiklərinə görə qətlə yetirildiyini deyən D.Kupinov hesab edir ki, heç bir səbəb terrora haqq qazandıra bilməz:
"Doğrudur, peyğəmbərin karikaturasını çəkmək ürəyəyatımlı iş deyil. Bu, müsəlmanların dini inanclarının təhqir olunması və mənən zədələnməsi deməkdir. Karikaturanın lazımsız olduğunu düşünürəm. İnsanların inancını lağ və təhqir obyektinə çevirmək olmaz. Karikaturaları yararsız sayıram. Bu fakt onu bir daha ortaya qoyur ki, Fransada da azadlıq və sosial bərabərliyin qorunmasında problemlər yaşanır”.
Olayın neqativ bir başlanğıcın əsasını qoyduğunu söyləyən diplomat düşünür ki, hadisədə naməlum olan bir sıra məqamlar mövcuddur: "Fransa mətbuatında məlumatlar yer alıb ki, adıçəkilən redaksiyanın yaxınlığında terrorçulardan birinin şəxsiyyət vəsiqəsi və mobil telefonu tapılıb. Bu detallar hadisənin real olmasını müəyyən mənada şübhə altına alır. Bütün telekanallar eyni ssenari və proqramla çıxış edirlər. Hətta bir çox ekspertlər telefon və şəxsiyyət vəsiqəsinin fakt kimi göstərilməsini komik moizə adlandırırlar”.
Ayyət Əhməd