Gələnlər çoxdur, gedənlər az

Azər Allahverənov: “Gedənlər azdırsa, miqrasiya prosesi müsbətdir”



Ötən il 1557 nəfər Azərbaycanı tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə gedib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, onlardan 1394 nəfəri MDB ölkələrinə, 163 nəfəri isə digər xarici ölkələrə üz tutub: "2015-ci ildə 20 nəfər ABŞ-a, 17 nəfər Almaniyaya, 52 nəfər Belarusa, 1 nəfər Estoniyaya, 17 nəfər Gürcüstana, 3 nəfər İsrailə, 482 nəfər Qazaxıstana, 10 nəfər Qırğızıstana, 1 nəfər Latviyaya, 9 nəfər Moldovaya, 20 nəfər Özbəkistana, 782 nəfər Rusiyaya, 66 nəfər Türkiyəyə, 17 nəfər Türkmənistana, 22 nəfər Ukraynaya, 38 nəfər isə digər ölkələrə gedib”.

Qeyd edək ki, keçən il 2649 nəfər isə daimi yaşamaq üçün Azərbaycana gəlib.

Vəziyyəti dəyərləndirən ekspert Azər Allahverənov bildirib ki, bu heç də təhlükəli tendensiya deyil: "Bəzən statistik rəqəmlər bir çox suallara yaxşı cavab verə bilir. Rəsmi məlumata görə, 2008-ci ildən etibarən Azərbaycanda miqrasiya prosesi yüksələn xətt üzrə inkişaf edir. Ölkə ərazisinə gələnlər gedənlərdən çoxdur. Yəni miqrantlar ölkəmizə gəlib, daimi yaşayırlar. Ölkə ərazisini tərk edib, başqa ölkələrdə daimi yaşamağa gedənlər də var. Bu ikilik arasında mübarizə gedir. Ölkədən gedənlər çoxluq təşkil etsəydi, bu artıq təhlükə kimi dəyərləndirilə bilərdi. Gedənlər azdırsa, miqrasiya prosesi müsbətdir. Bu da, yaxşı hal kimi xarakterizə olunur. Bu gün yalnız bir qisim ölkələrdə miqrasiya prosesinin müsbət olduğu bildirilir. Amma əksər ölkələrdə miqrasiya prosesi mənfidir və hətta vəziyyət katastrofik həddə çatıb. Misal olaraq Ermənistanı göstərə bilərik. Artıq Ermənistanda siyasi dairələr problemi vurğulayaraq demoqrafik böhran yaşandığını bəyan edirlər. Şükürlər olsun ki, hazırda Azərbaycanda bu cür təhkülə yoxdur. Bu da respublikamızda sabitliyin kifayət qədər təmin olunduğunu göstərir”.

Ayyət Əhməd