“Gənclər çörək pulu qazanmaq üçün əlavə biliklərə yiyələnməlidir”

Elə bir zamana gəlib çatmışıq ki, ingilis dilini bilən taksi sürücüsü ilə bilməyən arasında yerlə göy qədər fərq olacaq


"İbtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas məsələ olmalı, ana dili və riyaziyyatın tədrisinə önəm verilməlidir”.

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

M.Cabbarov həmçinin qeyd edib ki, xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır.

Onun sözlərinə görə, qloballaşma şəraitində gənclərin bir neçə xarici dili bilməsi əhəmiyyətlidir: "Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKT texnologiyaları ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir, sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir”.
Hazırkı şagirdlər dərs yükünün ağırlığı altında onsuz da əzildiyi bir vaxtda, bəs görəsən, xarici dil fənninin tədris saatları hansı fənlərin hesabına artırılacaq?

Professor, Milli Məclisin Elm və təhsil komissiyasının sabiq sədri Şahlar Əsgərov "Şərq”ə açıqlamasında təhsil nazirinin qərarını müdafiə etdiyini dedi:

- Mən bu qərarı müdafiə edirəm. Çünki biz gəncləri həyata hazırlamalıyıq. Bunun üçün də onların əlavə dil bilmələri vacibdir. İndiki şəraitdə təkcə Azərbaycan dilini bilməklə özünü təmin etmək mümkün deyil. 2-ci, 3-cü dilləri bilmək də tələb olunur. İndiyədək bizim cəmiyyətdə əsas məqsəd diplom əldə etmək olub. Ancaq meyarlar dəyişir artıq. Gənclər çörək pulu qazanmaq, ailəsini dolandırmaq üçün əlavə bilik və vərdişlərə yiyələnməlidirlər. Elə bir zamana gəlib çatmışıq ki, ingilis dilini bilən taksi sürücüsü ilə bilməyən arasında yerlə göy qədər fərq olacaq. Xarici dil bilmək həyatda müvəffəqiyyət əldə etməyə əlavə imkanlar verir.

Xarici dillərin tədrisinə ayrılan saatların artırılmasına gəlincə, Ş.Əsgərov bunun da bir yolunun tapılacağını bildirdi:

- Mən deyə bilmərəm, xarici dil üzrə dərs saatları necə, hansı fənnin hesabına artırılacaq. Bunu nazirlik özü həll etməlidir. O qədər gərəksiz fənlər var ki, gəl, görəsən. Bəlkə hansısa fəndən kəsib artıracaqlar. Hər halda yolunu tapacaqlar.

Məlahət