Düşmən vəkil məsələni gündəmə gətirməklə xəbisliklərini, murdarlıqlarını bir daha ortaya qoyur
Erməni tərəfi kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv ərizəsi yazdırmaq istəyir. Belə bir ərizənin yazılması isə birmənalı şəkildə girovlarımıza qarşı irəli sürülən ağır ittihamın qəbul edilməsi deməkdir.
Ermənilər Xankəndidə girov saxladıqları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında çıxardıqları hökmlərin heç bir hüquqi əsası, legitimliyi olmadığını artıq dərk edirlər. Bilirlər ki, hansısa situasiyada onları Azərbaycana qaytaracaqlar. Ya əsir və girovların dəyişdirilməsi qaydasında, ya da Azərbaycanın güclü təzyiqi qarşısında. Bu perspektivə indidən zəmin hazırlamaq üçün "haqqında məhkəmə hökmü çıxarılmış” Dilqəm Əsgərov və Şahbaz Quliyevə "əfv ərizəsi” yazdırmaq istəyirlər ki, sonrakı prosesdə bunu bir hüquqi prosedur çərçivəsinə sala bilsinlər və Qarabağda qurduqları qondarma məhkəməyə hüquqi status qazandırsınlar.
Erməni vəkili Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə qondarma DQR-ə legitimlik donu geydirmək və xarici ictimaiyyəti həqiqətən də belə bir qurumun mövcudluğuna inandırmağa çalışır.
Maraqlıdır, əgər belə bir hal baş verərsə, yəni Dilqəm Əsgərov və Şahbaz Quliyev əfv ərizəsi yazarlarsa, azadlığa buraxıla bilərlərmi və bu addım hansı hüquqi nəticə doğura bilər?
Hüquqşünas Müzəffər Baxış qondarma DQR rəhbərinə müraciət edərlərsə, azadlığa çıxma ehtimalının ola biləcəyini dedi: "Kütləvi informasiya vasitələrinin məlumatına görə, Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma rejimin "qanunları” ilə məhkum olunublar.
Əgər onların "qanunları” ilə məhkum olunublarsa, onların Ermənistan prezidentinə yazacaqları əfv ərizələrinin məncə, heç bir əhəmiyyəti olmayacaq. Ermənistan prezidenti dedi ki, bu məsələdə biz onları mühakimə etmirik, onları qondarma Dağlıq Qarabağ Respublikasının qanunları ilə mühakimə edirlər. Saxta DQR-in qondarma qanunlarda elə bir qayda varsa, o zaman müraciət edib azad oluna bilərlər. Daha doğrusu, həmin o "rəhbər” bunları əfv edə bilər”.
Millət vəkili Elman Məmmədov isə deyib ki, bu, erməni xəbisliyinin, murdarlığının növbəti mərhələsidir: "Erməni vəkil Erik Beqlaryan adıçəkilən məsələni gündəmə gətirməklə "Dağlıq Qarabağ Respublikası”na legitimlik donu geyindirmək və xarici ictimaiyyəti həqiqətən də belə separatçı rejimin olduğuna inandırmağa çalışır. Təbii ki, separatçı-terrorçu rejimin başçısının adına əfv ərizəsinin yazılması ilk növbədə girovluqdakı soydaşlarımızın "öz cinayətlərinin etirafı” üçün erməni tərəfinin əlinə fürsət verə bilər. Belə bir ərizənin yazılması törədilmiş cinayəti öz üzərinə götürmək, ata-babalarının məzarlarını ziyarət etmək üçün üz tutduqları torpaqların Azərbaycana deyil, məhz düşmən ölkəyə məxsus olduğunu sübuta yetirmək və tutduqları işdən peşmançılıq demək olardı.
Ermənilər girovlarımıza əfv ərizəsi yazdırmaqla onlara səhv elədiklərini və erməni torpaqlarına keçdiklərini etiraf etdirmək, öz çirkin əməllərinə bəraət qazandırmaq istəyirlər. Dilqəm Əsgərovla, Şahbaz Quliyevin etiraf edəcəyi tək şey odur ki, ermənilər bizim torpaqlarımızı işğal edib, yüzlərlə həmvətənimizi didərgin salıb. Yurd-yuvalarımızı talan ediblər. Hər iki həmyerlimiz heç bir dövlətin ərazi bütövlüyünü pozmayıb. Onlar öz evlərinə getmək istəyərkən düşmən ordusu tərəfindən girov saxlanılıb. Ermənilərin əfv yazdırmaqda məqsədi beynəlxalq arenada Dilqəm Əsgərovla Şahbaz Quliyevi günahkar, özlərini isə humanist göstərməkdir. Guya ki, ermənilər xeyirxahlıq edərək girovlarımızı əfv edəcəklər. Amma belə bir şey olmayacaq”. Girovlarımızın qəsbkar ermənilərdən heç bir halda əfv istəməyəcəyini vurğulayan millət vəkili deyib ki, belə bir sənəd olsa belə, ermənilər heç bir halda girovlarımızı azad etməyəcəklər: "Azərbaycan tərəfi girovlarımızın azad olunacağı ilə bağlı lazımi addımların atılmasını dəfələrlə bəyan edib. Ölkə başçısının da dediyi kimi, girovlarımız heç bir halda düşmən əlində qalmayacaq. Onları mütləq azad edəcəyik”.
Şəymən