“Goranboy qatili”nin qardaşı intihar etdi

Atası Müzəffər Hüseynov da infarktın qurbanı oldu
Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, baş verən faciəni ilahi ədalət kimi qiymətləndirənlər, buna sevinənlər çox yanlış fikirdədirlər


Törətdiyi əmələ görə, "Goranboy qatili” kimi tanınan Rafiq Hüseynovun ailəsi yenidən faciə yaşayıb. Goranboy Rayon Polis Şöbəsindən verilən məlumata görə, bir ay əvvəl Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsin, Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən A.Hüseynovun atası Müzəffər Hüseynov infarkt keçirərək vəfat edib.

Qeyd edək ki, sosial şəbəkələrdə "Goranboy qatili”nin ailəsində baş verən faciə xəbərinə gələn şərhlər də ən azı hadisənin özü qədər tükürpədicidir.

R.Hüseynovun işlədiyi günaha görə, qardaşı ilə atanın ölümünü təqdiri ilahi kimi qiymətləndirib: "İlahi ədalət deyilən bir şey var və o həmişə zəfər çalır!” deyənlər də var, həmin ailəyə acıyaraq üzülənlər də...

Bəzi istifadəçilər hesab edir ki, Rafiq Hüseynovun törətdiyi cinayətə görə onun ailəsi yer üzündən silinməlidir. Bir qisim istifadəçi isə R.Hüseynovun qardaşı və atasının bu dünyadakı əzab-əziyyətdən canlarını qurtardıqlarını düşünürlər. Onu da deyək ki, şərhlər arasında sözügedən ailəyə qarşı təhqir dolu şərhlər də vardı, "Allah rəhmət eləsin” yazanlar da... Amma hadisədən xəbərdar olanlar bir məsələdə həmrəydirlər. Bütün baş verənlər həbsdəki əclafın ucbatından olub: "Ölüm çıxış yolu deyil, ata gərək o gecə oğlunu bu hadisələrdən çəkindirmək üçün var-gücünü ortaya qoyardı və belə bir hadisənin baş verməsini qabaqlayardı”.

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, baş verən faciəni ilahi ədalət kimi qiymətləndirənlər, buna sevinənlər çox yanlış fikirdədirlər: "Allahın qarşısında hər kəs öz günahına cavabdehdir. Heç kim atasının, qardaşının, oğlunun törətdiyi əmələ görə məsuliyyət daşımır. "Goranboy qatili”nə görə qardaşının xəcalət çəkib, intihar etməsi, atasının da buna dözməyərək ürəyi dayanması heç də onların günahkar olduğu anlamına gəlməməlidir. Sadəcə olaraq, onlar həmin adamın törətdiyi əmələ görə vicdan əzabı çəkiblər və psixoloji gərginlik keçiriblər. Bu ailələrin başına gələnlər çox dəhşətli bir şeydir. Çox az adam tapmaq olar ki, bu qədər yükün altından qalxa bilsin. Bu cür xəcalətlə yaşamaq, camaat içinə çıxmaq da asan iş deyil”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, hadisədən nə atanın, nə də qardaşın xəbəri olub. Ata oğluna həmin ailənin yer üzündən silinməsi ilə bağlı fətva verməyib ki, bu gün həmin kişinin ölümünü ilahi ədalətin zəfəri kimi qiymətləndirək, o cümlədən də qardaşı: "Ortada əlavə günah keçisi axtarmağa ehtiyac yoxdu. Bütün baş verənlərin səbəbkarı 7 nəfəri öldürən şəxsdi. Həmin hadisəni necə və hansı şəraitdə törətməsindən asılı olmayaraq o insan əsl qatildir. Heç kəs onu bu qətlə təhrik etməyib, hər şeyi özü planlayıb. Həmin insanın bu tərbiyədə olmasının da bütün yükünü ailənin üzərinə atmaq doğru deyil. Bəzən yüksək əxlaqı və tərbiyəsi ilə seçilən elə ailələr olur ki, orada böyüyən uşaqlardan biri idarəolunmaz olur. Atdığı addımlarla daim ailəsinin adına ləkə gətirir. O adamın cinayətkar olması hələ həmin ailənin pis olması demək deyil. Hesab edirəm ki, bu hadisəyə sevinən, bunu "haqq yerini tapdı” kimi şərh edənlərin psixologiyasında da müəyyən problemlər var. Normal düşüncəyə sahib olan heç bir bəşər övladı oğula görə atanı, qardaşa görə qardaşı ittiham etməməlidir. Bu ölümlərin də məsuliyyətini həmin şəxs daşıyır. İndi onun üzərinə 7 yox, 9 nəfərin qanı bulaşıb. Çünki atası da, qardaşı da məhz onun törətdiyi əmələ görə xəcalətli olublar. Bundan sonra o adam üçün ən böyük əzab yaşamaqdır. O artıq lənətlənmiş biridir”.

Bugünkü Azərbaycan ailəsinin 50 il bundan əvvəlki ailə modeli olmadığını vurğulayan sosioloqun sözlərinə görə, müasir ailələrdə ailə üzvləri artıq bir-birinə bağlı deyil və hər hansı bir ailə üzvü əvvəlki kimi cəmiyyətdə bütöv ailəni təmsil etmir: "Kifayət qədər tərbiyəli ailədə böyüyən qızlar bəzən elə hərəkətlər edir ki, bütün ailənin adını batırır. Nə atasına, nə də qardaşına hesab verir. Bir söz deyən olanda da "bu həyat mənimdir, istədiyim kimi yaşamaq haqqım var” deyib, hər kəsi qarşısına alır. Əvvəllər pis yola düşən qızları qardaşları, ataları öldürüb, namuslarını təmizləyirdilər. Amma indiki dövrdə atanın, qardaşın belə bir imkanı yoxdu. Evdə qıza xoş olmayan bir söz deyilən kimi onun səsi ya Dubaydan, ya da başqa bir ölkədən gəlir. Dediyim odur ki, bu gün heç kəs böyüdüyü ailənin qayda-qanunları ilə böyümür. Hər kəsin öz həyat prinsipi var və bu da artıq cəmiyyət tərəfindən normal qarşılanır. Müəyyən mənada razıyam ki, 7 nəfəri öldürən adamın tərbiyəsi ilə bağlı müəyyən çatışmazlıqlar olub, amma buna görə birmənalı şəkildə ata-ananı günahlandırmaq olmaz. Çünki cəmiyyətimiz korlanıb, indi atalar balaca uşaqlarına söz keçirə bilmir. 40-a yaxın yaşı olan bir kişiyə atası nə desin?”

R.Hüseynovun qardaşı ilə atasının ölümünə onların kənddən qovulmasının təsiri barədə danışan Ə.Qəşəmoğlu deyib ki, bu da əsas səbəblərdən biridir: "Həmin ailə kənddən qovulmamalı idi. Bu ailənin bütün üzvləri qətldə iştirak etməyib ki? Bu cür psixopatlardan heç bir ailə sığortalanmayıb. Onsuz da bu adam öz əməli ilə ailəsini el içində rüsvay, başıaşağı elədi. Kənd camaatının yığışıb, həmin ailəni kənddən qovması isə onlar üçün ölümdən betər oldu. Bir ailəni kənddən sürgün eləmək nə qanunvericiliyimizdə, nə də şəriətimizdə var”.

Şəymən