"Görülən işləri cəmiyyətə düzgün çatdırmalıyıq"

Zahid Oruc: "Söhbət bir-birini funksional cəhətdən təkrar edən strukturların fəaliyyətinə son qoyulmasından gedir"



"Ölkə rəhbəri İlham Əliyev 2015-ci ildən başlayaraq, dövlət idarəetmə sistemində ciddi struktur islahatlarına qərar verib. 2018-ci ilin sonundan etibarən isə proses daha geniş vüsət alıb”.

Bunu "Şərq”ə açıqlamasında millət vəkili Zahid Oruc deyib. Prezidentin Sərəncamı ilə dövlət strukturlarında həyata keçirilən islahatları dəyərləndirən deputat bildirib ki, mühüm məsələlərdən biri həddindən artıq çox olan məmur sayının optimallaşmasıdır: 


"Bir-birini funksional cəhətdən təkrar edən strukturların fəaliyyətinə son qoyulmalıdır. Bürokratizmin zirehini dağıtmaq lazımdır. 

Süründürməçiliyin qarşısını almalı, xüsusən iqtisadi sahədə maneçilik törədən amilləri ortadan qaldırmalıyıq. Həm vergi, həm də qanunvericilik strukturlarında aparılan dəyişikliklər ilk növbədə elə həmin qurumların özləri tərəfindən dəstəklənir. Sadəcə görülən işləri cəmiyyətə düzgün çatdırmalıyıq. Söhbət burada kimlərisə ixtisar edərək taleyin ümidinə buraxmaqdan, işsizlik yaratmaqdan, aparıcı kadrlardan imtina etməkdən getmir. Dövlətin ali məqsədi məmur sayını azaltmaqdır. Sirr deyil ki, Azərbaycanda dövlət strukturlarının, nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərin sayı həddindən artıq çoxdur”.

Parlament üzvü bildirib ki, iş yerlərinin yaradılması daha çox özəl sektorlarda baş verməlidir: "Bundan ötrü isə dövlətin kredit və s. rıçaqları işə düşməlidir. İslahatlar idarəetmənin optimallaşması və münasibətlərin normallaşması mahiyyəti daşıyır. Biz bir müddət sonra bu islahatların nəticələrini görəcəyik”.

İsmayıl