Qaşıqçının qətli Səudiyyə ailəsində baş verən qarşıdurmanın göstəricisi ola bilər
Görünməz əl var
Dünyanı kim idarə edirsə, məlumatları da o yayır
Qaşıqçının qətli Səudiyyə ailəsində baş verən qarşıdurmanın göstəricisi ola bilər
Qaşıqçının qətli Səudiyyə ailəsində baş verən qarşıdurmanın göstəricisi ola bilər
Məlum olduğu kimi, oktyabrın 2-də müxalif jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasından yoxa çıxıb. Daha sonra rəsmilər onun öldürüldüyünü etiraf ediblər. Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Konsulluğun binasında öldürüldüyünü açıqlayıb. Kral Salman və vəliəhd Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı veriblər. Bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Camal Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib: "Biz Qaşıqçı məsələsində qərarlıyıq, bunu üzə çıxaracağıq. Bütün həqiqətlər çılpaqlığı ilə ortaya çıxacaq. Bunları həmin gün fərqli şəkildə anladacağam”. Prezidentlər eyni zamanda, ABŞ-Türkiyə münasibətləri, terrorla mübarizə və Suriyadakı son vəziyyətlə də bağlı müzakirə aparıblar.
"Türkiyə heç bir şəkildə bu məsələnin üstünün örtülməsinə icazə verməyəcək”
AKP sədrinin müavini Numan Qurtulmuş Türkiyə heç bir şəkildə bu məsələnin üstünün örtülməsinə icazə verməyəcəyini bəyan edib: "Əslində nə baş verdiyi haqqında şübhələr var, ancaq informasiya və sübutlar qəti bir nəticəyə çevrilməyib. Əgər hadisələr danışılan kimi olubsa, Səudiyyə Ərəbistanından bir dəstə gələrək qətli həyata keçirib və geri qayıdıblar. Ər-Riyad heç bir şəkildə bu işin üstünü örtə bilməz. Konsulluqda törədilən bir cinayətin dövlətin yüksək çinli şəxslərindən xəbərsiz baş verməsi mümkünsüzdür. Əgər bu cinayət həqiqətən belədirsə, sübutlar bizi bu nəticəyə aparsa çox mühüm nəticələri olacaq”.
Prokurorluq qatillərin Səudiyyə məhkəməsində cavab verəcəklərini bəyan edib
Öldürülmüş səudiyyəli jurnalist Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanı Baş Prokurorluğundan yeni açıqlama verilib. Açıqlamada deyilib ki, "Qaşıqçı olayı Səudiyyə Ərəbistanının ərazisi sayılan bölgədə olub. İstintaq başa çatanda müttəhimlər məhkəməyə çıxarılacaq”. Prokurorluq bu iş üzrə şübhəlilərin yalnız Səudiyyə məhkəməsində cavab verəcəklərini bəyan edib.
Qatillərdən biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb
Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuru bildirib ki, jurnalist Camal Qaşıqçı təsadüfən boğularaq öldürülüb. Onun sözlərinə görə, jurnalistin ölümü əvvəlcədən planlaşdırılmayıb: "Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vurub oğurlayacaqları ilə hədələyiblər. Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq kömək çağırıb. Bundan sonra agentlər panikaya düşüblər. Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar, lakin yanlışlıqla onu boğublar. Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküblər. Konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıblar və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib”. Yayılan xəbərə görə, jurnalist yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunurlar: "Həbs olunanlar müxaliflər deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post” qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazdım. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi”.
ABŞ-dan Ər-Riyada şok: Ən əxlaqsız hökumət…
ABŞ Senatı və Nümayəndələr Palatasının üzvləri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyadın verdiyi açıqlamanın kifayət etmədiyini və bu ölkəyə daha kəskin reaksiya verilməli olduğunu bildiriblər. Respublikaçılar Partiyasından olan senator Ben Sasse Qaşıqçının öldürülməsinə reaksiya olaraq ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırmasını tələb edib: "ABŞ silah satışını mənfəət xatirinə deyil, ölkənin dəyərlərinə inanan fərqli dövlətlərlə ittifaq qurmaq üçün həyata keçirir. Səudiyyəlilərin açıqlamalı olduqları çox şey var. Səudiyyə Ərəbistanına silah satışının qadağan edilməsi də daxil olmaqla, bütün seçimlər masada olmalıdır. Onların məsələni ört-basdır eləmək üçün ortaya qoyduğu hekayələr qarmaqarışıqdır. Səhvən baş tutan bir dava üçün yanınızda sümükdoğrayan mişar gətirməzsiniz”. Nümayəndələr Palatasının Nyu-Yorkdan olan üzvü Peter Kinq isə Ərəbistanın İstanbul Baş Konsulluğunda yaşananları vəhşət adlandırıb: "Səudiyyənin uydurma hekayələri ilə yola davam edə bilmərik. Onların bu günə qədər öhdəsindən gəlməyə çalışdığımız ən əxlaqsız hökumət olduğunu düşünürəm”.
Qaşıqçı ölümündən öncə vəliəhdlə nə danışıb? - Sensasiya
Türkiyənin "Yeni Şəfəq” qəzetinin iddiasına görə, Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçı öldürülməzdən əvvəl onunla telefonla danışıb. Şahzadə onu dilə tutaraq Səudiyyə Ərəbistanına qaytarmağa cəhd göstərib. Ancaq Camal Qaşıqçı Səudiyyə Ərəbistanında həbs ediləcəyindən və öldürüləcəyindən ehtiyatlanaraq, onun təklifindən boyun qaçırıb. Jurnalist bundan sonra qətlə yetirilib.
"Hamının dəhşətlə danışdığı məlumatların heç biri təsdiqini tapmayıb”
Jurnalistin ölümü ətrafında cərəyan edən müəmmanı "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Camal Qaşıqçının qətli ilə bağlı məlumatlar həddən ziyadə şişirdilib. Dərhal görünür ki, informasiya savaşının tərkib hissəsidir:
"Jurnalistin qətli dəhşət filmlərini xatırladır, barmaqları kəsilib, başı kəsilib, boğulub, dərisi soyulub, bu zaman musiqiyə qulaq asıblar, "lokum” yeyiblər, gülüblər. Bütün bunlar informasiya savaşıdır. Qaşıqçının dəhşətli qətli barədə ilk dəfə "Al-Jazeera” məlumat yaydı və vəziyyəti daha tünd rəngə boyadı. 15 səudiyyəli killerin İstanbula gəlişi təsdiqini tapmayıb. Məlum olub ki, onlar adi turistlər imiş. "Reuters”, "The New York Times”, "Yeni Şafak” bu hadisəyə o qədər yalançı çalar qatdı ki, həqiqəti meydana çıxartmaq mümkün olmadı. İlk günlər yayılan və bu gün də hamının dəhşətlə danışdığı məlumatların heç biri təsdiqini tapmayıb. Qaşıqçını söz azadlığı simvolu kimi təqdim edib, məxməri inqilaba başlamaq da asan deyil. Ərəb dünyasını, bölgəni və dünyanı kim idarə edirsə, məlumatı da o yayır. Bu gün nüfuzlu mətbuata nəzarət və maliyyə rıçaqları kimin əlindədir? Qaşıqçı olayı sübuta yetirdi ki, media ən güclü silahdır. Bütün dünyada belədir”.
"Baş verənlər ABŞ-Səudiyyə qarşıdurması kimi dəyərləndirilə bilər”
Ekspertin sözlərinə görə, baş verənlər ABŞ-Səudiyyə qarşıdurması kimi dəyərləndirilə bilər: "Xatırlayırsınızsa, bir müddət bundan əvvəl Donald Trampın "Kral Salmanı sevirəm, amma ona dedim ki, biz olmasaq, sizi qoruyan olmaz. Buna görə də bizə əlavə ödəniş edin” deməsinin ardından Məhəmməd bin Salman əl Səudun BBC-yə açıqlamasında "biz ABŞ-dan daha qədim dövlətik” söyləməsi ABŞ-la Səudiyyə Ərəbistanı arasında münasibətləri korladı. Baş verən hadisələrin fonunda Məhəmməd bin Salman Amerikada səfir olan kiçik qardaşı Xalid bin Salmanın ölkəsinə gəlir. Bundan sonra ərəb mediasında illər öncə ləğv olunan "Kralın müavini” vəzifəsinin bərpa edildiyi və bu vəzifəyə Xalid bin Salman təyin olunacağı haqda xəbərlər yayılır. Bu isə öz növbəsində Məhəmməd bin Salmanın mədəni şəkildə taxtdan uzaqlaşdırılması üçün atılan ilk addım kimi qiymətləndirilir. Məncə, Qaşıqçı "Müsəlman Qardaşları”, Səudiyyə Ərəbistanı kəşfiyyatı ilə bağlı idi. Onun qətli və yaxud yoxa çıxması Səudiyyə ailəsində baş verən qarşıdurmaların göstəricisi ola bilər”.
İsmayıl