Güclü zəlzələ gözlənilmir

Seysmoloji mərkəz əhalini narahat olmamağa çağırdı




Dünən Azərbaycanın Şabran rayonu ərazisində, Qubadan 31 km cənub-şərqdə yeraltı təkanlar qeydə alınıb. Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, o, hiss olunmayıb. Bundan başqa, həmin gün səhər saatlarında zəlzələ Quba rayonunu da silkələyib. Yeraltı təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Təbii fəlakət yerin 37 km dərinliyində meydana gəlib. Əsasən dağlıq ərazilərdə yaşayan yerli sakinlər zəlzələni hiss edib. Qeyd edək ki, sözügedən rayon sakinlərinin təlaş içərisində olduqları

bildirilir. İddialara görə, onlar zəlzələnin təkrarlanacağından ehtiyatlanaraq, çadır palatkalarda gecələmək qənaətinə gəliblər.

AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə "Şərq”ə açıqlamasında həmin regionların sakinlərini narahat olmamağa çağırıb. Mərkəz rəhbəri söyləyib ki, yeraltı təkanlar güclü olsa da, zəlzələnin episentri yaşayış məntəqələrindən uzaqdadır: "Bu səbəbdən dağıntı müşahidə olunmayıb. Zəlzələnin for şoku dünəndən (sırağagün) başlamışdı. Onların içərisində 2,4 gücündə aftoşoklar qeydə alınıb. Qalan təkanlar isə zəif olub. Əhali narahat olmasın. Dünənki güclü təkandan sonra 25-dən çox aftoşoklar baş verib. Bu baxımdan güclü zəlzələnin təkrarlanması mümkünsüzdür. Avtoşokların sayının çox olması maqnitudası güclü olan zəlzələ ocaqlarında enerji boşalmasına gətirib çıxarıb ki, bu da gərginliyi zəiflədib”.

Mərkəz direktoru onu da əlavə edib ki, bu hal digər regionlarda qeydə alınmayacaq: "Düzdü, Azərbaycan seysmoaktiv bölgədir. Zəlzələsiz günümüz olmur. Amma çoxu hiss olunmur. Maqnitudası 3-dən yuxarı olan yeraltı təkanlar barədə xəbər yayırıq. Respublika ərazisində bir ay ərzində 100 dən çox təkan qeydə alınıb. Mütəmadi tədqiqatlarımız göstərir ki, dağıdıcı gücə malik yeraltı təkanlar hələ ki gözlənilmir”.

Ayyət Əhməd