“Erməni ailəsinin rus hərbiçisi tərəfindən məhv edilməsi ölkə ictimaiyyətində Rusiya və ruslar əleyhinə fikirlərin artmasına səbəb olacaq”
Gümrü şəhərində yerləşən ruslara məxsus 102-ci hərbi bazanın hərbiçisi Valeri Pavloviç Permyakovun erməni ailəsinin uşaqlı-böyüklü 6 üzvünü öldürməsi Ermənistan ictimaiyyətini ayağa qaldırıb. Gümrü və digər şəhərlərin sakinləri insidentə etiraz olaraq kütləvi aksiyalara start veriblər. Şəhərin əsas meydanına toplaşan qızğın etirazçılar Rusiya əleyhinə fikirlər səsləndiriblər.
Rusiya Müdafiə Nazirliyi baş vermiş kütləvi qətlin araşdırılması üçün Ermənistana xüsusi komissiya göndərib. Ermənistan prezidenti Serj Sarkisyan da Gümrüdəki ailə faciəsi ilə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə təcili iclas keçirib. Toplantıda Gümrü şəhərində baş verən qətlin detallarının araşdırılması, günahkarların aşkarlanması və onların məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanıb. Məlumat üçün bildirək ki, 102 saylı hərbi hissəsinin əsgəri dindirilmə zamanı ona müqavimət göstərməyən ailə üzvlərinin 5-ni avtomatla bir-bir güllələdiyini bildirib. Növbə azyaşlı uşağa çatanda isə avtomatda nasazlıq yaranıb və silahdan atəş açılmayıb. Bunu görən Valeri Permyakov körpəni avtomatın süngüsü ilə öldürüb. Qonşular isə atəş səslərini eşitsələr də, bunun fişəng olduğunu düşünüblər.
Erməniləri ayağa qaldıran cinayət hadisəsini şərh edən Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Hatəm Cabbarlının sözlərinə görə, bu hadisə Ermənistanın daxili siyasətində və ictimai rəyində bir qırılma nöqtəsi olacaq: "Şübhə yoxdur ki, erməni ailəsinin rus hərbiçisi tərəfindən vəhşicəsinə məhv edilməsi ölkə ictimaiyyətində Rusiya və ruslar əleyhinə fikirlərin artmasına səbəb olacaq. Gümrü və digər şəhərlərdə başlayan kütləvi etiraz aksiyaları da ermənilərin ruslardan cana doyduğunun sübutudur. Ancaq əsas məsələ odur ki, burda cinayəti kim araşdıracaq. Ermənistan Prokurorluğu, yoxsa Rusiyanın hüquq-mühafizə orqanları? Mətbuata verilən informasiyalardan aydın olur ki, Ermənistan tərəfi cinayət işini özü aparmaq istəyir. Amma beynəlxalq praktikada belə bir qayda var. Adətən başqa bir ölkənin ərazisində hərbi bazası olan dövlət həmin ölkə ilə xüsusi bir müqavilə imzalayır. Bu müqaviləyə əsasən hərbi kontingent üzvlərinin törətdiyi cinayət zamanı bazanın yerləşdiyi ölkənin deyil, bazanın məxsus olduğu ölkənin qanunları işə salınır. Lakin Rusiya ilə Ermənistan arasında belə bir sənədin imzalanması barədə heç bir məlumat yoxdur.
Böyük ehtimalla erməni ictimaiyyəti cinayətkar rus əsgərin Ermənistan qanunları çərçivəsində mühakimə edilməsini tələb edəcək”.
İsmayıl