Gündəmdə həll olunası məsələlər var

Gürcüstan Prezidenti Azərbaycanda bir neçə sualla qarşılaşacaq
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək. İki günlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.
Xanım liderin ölkəmizə səfərini qiymətləndirən politoloq İlqar Vəlizadə "Şərq”ə bildirib ki, Gürcüstan rəsmilərinin Azərbaycana səfəri hər iki ölkə üçün əhəmiyyətlidir:
"Azərbaycan və Gürcüstan iki müttəfiq və strateji məsələlərdə tərəfdaş ölkələrdir. İki ölkə arasında onlara faydalı olan layihələr var. Elə bu səfərdə dövlət rəsmiləri arasında həmin layihələr fonunda əməkdaşlıq məsələləri müzakirə olunacaq. Ötən aylarda Azərbaycanla Gürcüstan arasında neqativ hal yaşandı. 
Elə həmin vaxtlarda Azərbaycan tərəfi qonşu dövlətə etirazlarını bildirdi. Amma indi düşünmürəm ki, həmin məsələ konkret olaraq danışıqlar prosesində müzakirə predmeti olsun. Lakin çox güman ki, Azərbaycan tərəfi öz narahatçılığını bildirəcək. Hətta bu narahatçılıq hiss olunan dərəcədə yaşanacaq və bu, S.Zurabişvili üçün bir mesaj olacaq. 
Amma bütövlükdə Azərbaycan-Gürcüstan münasibətlərini götürdükdə demək lazımdır ki, hər iki ölkə arasında əməkdaşlıq sahəsində bir çox əlaqələr mövcuddur. Eyni zamanda S.Zurabişvili Gürcüstan prezidenti təyin edildikdə ilk rəsmi səfərlərindən birini Azərbaycanda gerçəkləşdirib. Bu da iki ölkənin münasibətlərinin yaxşı olduğundan və aralarındakı problemin öhdəsindən gələ biləcəyindən xəbər verir”.
Kənan Eynuroğlu