Zəlimxan Məmmədli: “İstənilən azərbaycanlı milli dövlətimizdə imtiyazlara sahib olmalıdır”Eyvaz Borçalı: “Orada yaşayan soydaşlarımıza milli pasportların verilməsini düzgün hesab etmirəm”
Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün Azərbaycanda müxtəlif imtiyazlar tətbiq oluna bilər. Milli Məclisin deputatı Fərəc Quliyev bununla bağlı parlamentin yaz sessiyasında təklif irəli sürəcək. Millət vəkili hesab edir ki, əcnəbi vətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərq qoyulmalıdır:
"Bu ya "Vətəndaşlıq haqqında” qanuna dəyişiklik kimi və ya ayrıca qanun kimi də qəbul oluna bilər. Düzdür, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar verilsin”. Bununla bağlı Gürcüstanda yaşayan soydaşlarımızdan müraciətlərin daxil olduğunu deyən deputat bildirib ki, bu imtiyazlar ikili vətəndaşlığı əhatə edəcək çərçivədə olmalıdır: "Gürcüstan vətəndaşı olan çoxlu sayda soydaşımız Azərbaycana gəlir, burada işləyir. Hesab edirəm ki, bu güzəşti etməklə onlara xeyli kömək etmiş olarıq”.
Millət vəkilinin təklifini dəyərləndirən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, Azərbaycan dövlətində kompleks şəkildə "Soydaşlar haqqında” qanuna uyğun olaraq bütün dünya azərbaycanlılarını əhatə edən imtiyazların tətbiq olunması mümkündür. Amma konkret olaraq bir inzibati vahidin, yəni Gürcüstandakı soydaşlarımızın əsas götürülməsi əlavə hüquqi problemlərə yol aça bilər: "Gürcüstanın qanunvericilik bazası kifayət qədər liberaldır. Bu dövlət gürcü kökənli insanların ölkəyə maneəsiz daxil olmasını sadələşdirən hüquqi baza formalaşdırıb. Azərbaycanda da bu praktikadan istifadə edilərək ikili vətəndaşlıq məsələsi gündəmə gətirilə bilər. Biz "Borçalı” Cəmiyyəti olaraq dəfələrlə "Soydaşlar haqqında” qanunun tanıdılması təşəbbüsü ilə çıxış etmişik. Bu qanunda etnik qruplarla bağlı bir çox imtiyazlar öz əksini tapıb. "Soydaşlar haqqında” qanun azərbaycanlılara imkan verir ki, onlar vizalı və ya vizasız rejimdən asılı olmayaraq, maneəsiz ölkəyə gəlsinlər, uzun müddət burda qalsınlar, əmlak ala bilsinlər və əmək bazarına maneəsiz daxil olsunlar. Yəni konkret olaraq seçim hüququndan başqa soydaşlarımızın bütün hüquqları tanınır”.
Z.Məmmədlinin sözlərinə görə, harada yaşamasından asılı olmayaraq, istənilən azərbaycanlı milli dövlətimizdə imtiyazlara sahib olmalıdır: "Gürcüstandakı soydaşlarımızın Azərbaycanın əmək bazarına maneəsiz giriş-çıxışı bərpa olunmalıdır. Onlardan əlavə depozitlər tələb olunmamalıdır. Azərbaycana giriş-çıxış müddətləri uzadılmalıdır. Eyni zamanda kənd təsərrüfat mallarının da ölkəmizə daxil olmasına şərait yaradılmalıdır. Bütün bunlar insanlarımızın sosial durumunu yaxşılaşdırmaq üçün kifayət edər. Amma soydaşlarımızın üzünə qapı bağlandıqda onlar məcbur olub Rusiyaya və Ukraynaya gedirlər. Həmin ölkələrə üz tutan azərbaycanlıların isə böyük əksəriyyəti bir daha geri dönmür”.
"Borçalı” Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı da ikili vətəndaşlıq məsələsinin olduqca mürəkkəb olduğunu düşünür: "Mən Azərbaycanda yaşayan gürcü əsilli insanlara ikili vətəndaşlıq verilməsinin tərəfdarıyam. Amma Gürcüstanda yaşayan soydaşlarımıza milli pasportların verilməsini düzgün hesab etmirəm. Çünki bu hal başqa problemlərin ortaya çıxmasına, məsələn, Gürcüstanda azərbaycanlıların yurd saldığı məskənlərin tədricən boşalmasına gətirib çıxara bilər. Yenə deyirəm, sadəcə Gürcüstan əsilli Azərbaycan vətəndaşlarına ikili vətəndaşlıq verilə bilər. O da hamısına yox, məsləhətli adamlara verilməlidir və bu zaman həmin şəxslər bir sıra hüquqlardan məhrum edilməlidir. Yəni ikili vətəndaşlıq əldə edən şəxsin seçkilərdə iştirakına qadağa qoyulmalıdır. Görürsüz, nə qədər problemlər ortaya çıxır?”.
E.Borçalı bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar aborigen sayılır. Onlara Azərbaycan vətəndaşlığı vermək uzun illərdir həmin torpaqlarda gözü olanlara şans vermək olar: "Qısa müddətdə həmin torpaqlar boşala bilər. Axı kim qarantiya verə bilər ki, ikili vətəndaşlıq alan soydaşlarımız Azərbaycana gəldikdən sonra yenidən Gürcüstana qayıdacaqlar. Bu, çox incə məsələdir. Populist təkliflərə ehtiyac yoxdur”.
İsmayıl