Zəlimxan Məmmədli: “Bütün baş verənləri bu ölkədə siyasi böhranın başlanğıcı kimi dəyərləndirmək olar”
Gürcüstanda siyasi böhran dərinləşir. Xalqın etimadını itirən "Gürcü Arzusu” koalisiya hökuməti Saakaşvili də daxil olmaqla, keçmiş rəqiblərinə qarşı müxtəlif ittihamlarla kütləvi həbslər həyata keçirir. Hətta baş nazir tərəfindən istefaya göndərilmiş Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyanın da həbs olunacağı istisna edilmir. İstefaya çıxmazdan əvvəl bəyanatla çıxış edən müdafiə naziri rəhbərlik etdiyi qurumun məqsədli hücumlara məruz qaldığını bildirib.
Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə qurumun Müdafiə Nazirliyi olduğunu deyən Alasaniya prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı hücum adlandıraraq hakim koalisiyasının Siyasi Şurasının çağırılmasının tələb edib. Qeyd edək ki, Alasaniyanın rəhbəri olduğu "Azad demokratlar” partiyası "Gürcü Arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə koalisiya 10 deputat mandatını itirəcək. Bu da parlamentdə çoxluğun itirilməsi anlamına gəlir. Müdafiə naziri istefaya göndərildikdən sonra onun silahdaşı, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verəcəyini açıqlayıb və "diktatura yaxınlaşır, demokratiya təhlükədədir” deyib. Təzyiqlərə məruz qalan digər hakimiyyət təmsilçilərinin də istefaya məcbur edildiyi bildirilir. Bu günlərdə Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili Gürcüstandakı son hadisələrə aydınlıq gətirib. Prezident bəyan edib ki, siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər.
Qonşu ölkənin siyasi həyatındakı təlatümləri şərh edən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, Gürcüstandakı indiki hakimiyyətə "Rusiyaya meyilli” yarlığı vurulub:
"Müəyyən zamanlarda Gürcüstanın xarici siyasəti ilə bağlı qəbul olunmuş qanunlarda avrointeqrasiya elementləri özünü göstərir. Amma Rusiyanın bu ölkəyə təsir dairəsi var. Xüsusən, Saakaşvilinin devrilməsində açıq mövqeyini ortaya qoyan Putin hakimiyyətinin indiki Gürcüstan iqtidarına təsir imkanlarını istisna etmək olmaz. NATO-ya sürətli inteqrasiya edən Gürcüstanı daxili çəkişmələr fonunda bu addımdan çəkindirmək istəyi açıq şəkildə özünü göstərir. Müdafiə naziri, eləcə də Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri postları kifayət qədər mühüm əhəmiyyət daşıyır. Hər iki keçmiş nazirin ilkin açıqlamaları da hakimiyyətin siyasi oriyentasiyasının yanlışlığını göstərir. Hesab edirəm ki, bu, çox ciddi məqamdır. O cümlədən həbs variantlarının da işə salınması ehtimalları var. Bütün baş verənləri Gürcüstanda siyasi böhranın başlanğıcı kimi dəyərləndirmək olar”.
Z.Məmmədli bildirib ki, İvanaşvili Saakaşvilidən daha yaxşı fikirlər səsləndirərək onu hakimiyyətdən uzaqlaşdırmağa nail oldu. Amma təəssüflər olsun ki, insanlar vəd olunanları görə bilmirlər: "Bu da cəmiyyətdə narazılıqların yaranmasına və əvvəlki hakimiyyətlə bağlı nostalji hisslərin yaranmasına gətirib çıxarır. Faktiki olaraq, keçmiş hakimiyyətin reytinqi Gürcüstanda artmaqdadır. Hadisələrin gedişi göstərir ki, Gürcüstanda keçiriləcək parlament və bələdiyyə seçkilərində indiki hakimiyyətə problem yaranacaq”.
İsmayıl