"...Gürcüstanda Azərbaycan dili də qorunmalıdır" - Kərəm Məmmədov






Gürcüstan ordusunun Azərbaycanlı çağrışçılarına gürcü dili öyrədilir. Gürcüstanda həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisinə başlanılıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. "Xtsisi” hərbi bazasında start verilən 7 həftəlik proqramda 82 azərbaycanlı və 41 erməni çağırışçı iştirak edir. Dil kursu Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri tərəfindən keçirilir. 

Proqram çərçivəsində çağırışçılar dövlət dilində yazmaq, oxumaq, danışmaq, rəsmi məktub və sənədləri yazmağı öyrənəcəklər. Kursun başa çatmasından sonra çağırışçılar sertifikatlarla təltif olunacaqlar. Layihə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Məsələni dəyərləndirən əslən Borçalıdan olan tarix elmləri namizadi Kərəm Məmmədov "Sherg.az”a bildirib ki, bu,normal haldır:

"Hər bir dövlətdə işgüzarlıq, kargüzarlıq və rəsmi sənədlərlə işləmək üçün yalnız dövlətin rəsmi dilindən istifadə edilməlidir. Gürcüstanda da gürcü dili olmalıdır. Burada elə bir narahatedici məsələ yoxdur. Biz keçmiş SSR-i xatırlasaq, həmin vaxtlar bütün məktəblərdə və tədris ocaqlarında rus dili keçirilirdi. Gürcüstan da müstəqil ölkədir. Təbii ki, ölkə daxilində rəsmi dil kimi gürcü dilindən istifadə ediləcək. 

Ancaq bu kimi məqamlara diqqət yetirilməklə yanaşı Azərbaycan dili də qorunmalıdır. Çünki bizim dil özündə yüksək mədəniyyətlə zəngin ədəbiyyatı birləşdirir. Həmçinin azərbaycanlı soydaşlarımız Gürcüstanda az saylı xalqlardan deyil. 

Müxtəlif hesablamalara görə 300 minə yaxındır. Təbii ki, soydaşlarımıza gürcü dili tədris olunmalıdır. Amma bununla yanaşı Azərbaycan dilinin də istər orta məktəblərdə, istərsə də digər təhsil mərkəzlərində keçirilməsi lazımdır”.

Kənan Eynuroğlu