Elman Məmmədov: “Azərbaycan üçün belə bir məsələ haqqında fikirləşmək olmaz”
Gürcüstanda həqiqi hərbi xidmət ləğv edildi
Üzeyir Cəfərov: “Onlar NATO-ya daxil olurlar və yaxın zamanlarda bu proseslə bağlı çox böyük irəliləyişlərin olması gözlənilir”
Elman Məmmədov: “Azərbaycan üçün belə bir məsələ haqqında fikirləşmək olmaz”
Elman Məmmədov: “Azərbaycan üçün belə bir məsələ haqqında fikirləşmək olmaz”
Bəxtiyar Hacıyev: "Hesab edirəm ki, zamanla məcburi həqiqi hərbi xidmətlə bağlı da dəyişikliklər olacaq”
Gürcüstanda həqiqi hərbi xidmət bu gündən ləğv edilib. Məlumata görə, bu ölkənin müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğv edilməsi haqqında sərəncam imzalayıb. Nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: "Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi barədə sərəncam imzalayıram. Bu qərar imzalandığı andan qüvvəyə minir”.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl nazir həqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu. Qeyd edək ki, Azərbaycanda da həqiqi hərbi xidmətin ləğvi ətrafında uzun müddətdir müzakirələr aparılır. Hətta məsələ ilə bağlı bir neçə dəfə parlamentdə də danışılıb. Hərbi ekspertlər NATO sistemi olan variantı dəstəkləsələr də, millət vəkilləri bunun tamamən əleyhinə çıxıblar. Ölkəmizin müharibə şəraitində olduğunu bildirərək məsələnin reallaşmasına etiraz ediblər. Maraqlıdır, görəsən, Aəzərbaycanda həqiqi hərbi xidmətin ləğvi mümkündürmü və bu işin gerçəkləşməsi, ordumuza nə vəd edər?
Sualımızı cavablandıran hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, bu, sıradan bir məsələ deyil. Çox ciddi işdir: "Məlum addım Gürcüstanın artıq NATO-nun bir addımlığında olmasının göstəricisidir. Gürcüstan öz məqsədini aydınlaşdırıb və bildirib ki, onlar NATO-ya daxil olurlar və yaxın zamanlarda bu proseslə bağlı çox böyük irəliləyişlərin olması gözlənilir. Məhz bunun müqabilində Gürcüstan belə qərar qəbul edib. Tina Xidaşeli kifayət qədər müasir düşüncəyə malik xanımdır və Gürcüstan hökumətinin ən ağıllı üzvlərindən biridir. Düşünürəm ki, o, parlamentdə bu fikrini əsaslandıra biləcək və parlamentarilər də onu dəstəkləyəcəklər. Çünki bu addım xeyli vəsaitə qənaət deməkdir. Azərbaycanda da konstitusiyanın müddəalarından biri odur ki, vətənin müdafiəsi hər kəsin müqəddəs borcudur. Gəlin onu da unutmayaq ki, vətəni qorumaq istəyiriksə, vətənin hər bir qəpiyinə hörmətlə yanaşmalıyıq. 100 minlik ordunu saxlamaq görün, Azərbaycana hansı vəsaitə başa gəlir. Olmazmı elə 70 min ordu saxlayaq və həmin vəsaiti 70 min şəxsi heyətə sərf edək. Bu, hərtərəfli əlverişli və hamını qane edəcək addım olar. Bəzi hörmətli millət vəkilləri fikir səsləndirirlər ki, biz müharibə şəraitindəyik. Belə qərar qəbul etsək, problemlərlə üzləşə bilərik. O millət vəkillərinə üzümü tutub deyirəm ki, Azərbaycanın 300 min ehtiyat səfərbərlik resursu var. Ordumuz isə 100 minə çatır. Biz nədən qorxmalıyıq? Bilmək lazımdır ki, 100 minlik ordunu saxlamaq büdcəmizə hərtərəfli ziyandı. Gəlin, 60-70 min peşəkar saxlayaq. Kəmiyyətə deyil, keyfiyyətə önəm vermək lazımdır. Biz
kəmiyyətə önəm veririk, amma keyfiyyətə diqqət yetirmirik. Aprelin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin başını uca edən xüsusi təyinatlılarımız oldu. Allah şəhidlərimzə rəhmət eləsin, yaralılara isə Allahdan şəfa diləyirik. Baxın, görün peşəkarlıq nə deməkdir. Az heyətlə düşmənə elə sarsıdıcı zərbə vurdular ki, separatçı ölkə hələ də özünə gələ bilmir. Bax, peşəkarlıq budur. Gürcüstan da məsələyə belə yanaşır. Mən şəxsən Gürcüstanın addımını alqışlayıram və onun tərəfdarıyam ki, belə qərarın qəbul olunması dövlətçilik baxımından yerində atılmış addımdır”.
Millət vəkili Elman Məmmədov isə vurğulayıb ki, Gürcüstanın özü bilər. Ancaq Azərbaycan müharibə vəziyyətindədir: "Ölkəmizin ərazi bütövlüyü tam təmin olunmayana qədər, Azərbaycan üçün belə bir məsələ haqqında fikirləşmək olmaz. Bizə çox tezdir. Bütün işlər yoluna düşəndən sonra müəyyən məsələlərə baxmalı olacağıq. Amma Gürcüstanın seçimi hələ ki, Azərbaycan üçün məqbul deyil”.
Gənc fəal Bəxtiyar Hacıyev düşünür ki, işğal faktoru məcburi hərbi xidmətə əsas vermir və indiki hərbi xidmətə çağırışla bağlı bir çox dəyişikliklərə ehtiyac var: "Birincisi, say baxımından çox, amma peşəkarlıq səviyyəsi aşağı olan ordudansa, nisbətən daha kiçik sayda, daha peşəkarlardan ibarət ordunun olması torpaqlarımızın işğaldan azad edilməsi üçün də daha uyğun olar. İkincisi, daha çox sayda hərbi qulluqçulara ayrılan vəsait kompakt ordunun daha yaxşı təmin olunması, daha yüksək məvacib alması üçün sərf edilə bilər. Üçüncüsü, bir çox insanda hərbiyə maraq başqalarından fərqlənir. Elə insanlar var ki, onlar üçün hərbi sahədə çalışmaq, müxtəlif silahlardan istifadə daha maraqlıdır, başqaları üçün təhsil almaq, vaxtını kitabxanalarda keçirmək, tədqiqat aparmaq, laboratoriyalarda müxtəlif innovativ ideyalar üzərində işləmək daha maraqlıdır. Birincilər müddətli həqiqi hərbi xidmət keçdikdən sonra təxris olunub iş axtarırlar, ikincilər isə məcburi həqiqi hərbi xidmətə cəlb olunaraq öz maraq dairələrindən, üzərində işlədikləri elmi, innovativ tədqiqatlardan, təhsildən uzaq düşürlər. Halbuki, hər sahədə resurslarımızdan maksimum istifadə etməli olduğumuz kimi, insan resurslarımızdan da ən optimal şəkildə istifadə etməliyik. Təbii ki, bu mövzuda müəyyən müqavimət də var, bir çoxları ərazilərimizin işğal altında olduğu dövrdə heç bir dəyişiklik istəmirlər. Ancaq bir neçə il əvvəl magistratura və doktorantura pilləsində fasiləsiz təhsil üçün möhlət verilmədiyi halda, bu ildən etibarən bu dəyişiklik baş verdi. Hesab edirəm ki, zamanla məcburi həqiqi hərbi xidmətlə bağlı da dəyişikliklər olacaq”.
Ayyət Əhməd