Hamı eyni fikirdədir - Media ombudsmanı müstəqil fəaliyyət göstərməlidir

Ombudsman Aparatı media ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında deyil







(Əvvəli ötən sayımızda)

Hazırda Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirir. Lakin jurnalistlərin media ombudsmanının fəaliyyətinə birmənalı münasibəti yoxdur. Bəziləri bu təsisatların ayrılmasının tərəfdarıdır. Qeyd edilir ki, hər təsisata ayrı şəxs rəhbərlik etməlidir, yaxud da əlavə ştatlar ayrılmalıdır. Elə bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov növbəti dəfə Azərbaycanda informasiya ombudsmanının yaradılması təklifi ilə çıxış edib:

"Təəssüflər olsun ki, Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin "İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilmərəm. Bu bölmədə görülən işlərlə bağlı söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alır”.

Ə.Amaşov bildirib ki, hesabatda ombudsmanın "İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirməsi görünmür. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyətin quruculuğunun əsas şərtidir. MŞ sədri bildirib ki, dövlət bu istiqamətdəki proseslərə böyük önəm və dəstək verib:

"Belə olan halda müvəkkilin "İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Neçə ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir. Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.

İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin sözlərinə görə, Əflatun Amaşovun qaldırdığı məsələ çox ciddi problemdir və uzun illərdir həllini tapa bilmədiyi üçün günümüzdə də aktual olaraq qalıb: "Xatırlayırsınızsa, illər əvvəl informasiya məsələləri üzrə ombudsman strukturunun formalaşdırılması nəzərdə tutulmuşdu. "İnformasiya əldə etmək haqqında” qanunda konkret məqamlar da qeyd olunmuşdu. Çox təəssüflər olsun ki, həmin dövrdə məsələ öz həllini tapmadığı üçün bir müddət sonra qanuna dəyişiklik etmək məcburiyyəti yarandı və informasiya əldə etməklə bağlı məsələlərə baxacaq ombudsmanın funksiyaları Ombudsman Aparatına verildi. Qərara alındı ki, aparatda ümumi ştatlar yaradılsın və müvafiq kadr bazası yaradılsın. Elmira Süleymanova isə dəfələrlə məsələ ilə bağlı təkliflərini hazırlayıb aidiyyəti quruma müraciət etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Maliyyə Nazirliyi ştat ayrılması üçün vəsait ayırmır. Düzü, bu problemin niyə həll edilməməsi ilə bağlı məndə yetərincə məlumat yoxdur. Görünür, aidiyyəti qurumlar media ombudsmanı strukturunun təkmilləşdirilməsinə soyuq yanaşır deyə, informasiya əldə etməklə bağlı problemlərin həlli ilə məşğul olacaq struktur vahidi formalaşmayıb.
Dəfələrlə bu problemi qaldırmışıq, yenə də öz fikrimdə qalıram ki, informasiya azadlığı ilə məşğul olacaq Ombudsman müstəqil olmalıdır. Yaxın perspektivdə bunun baş verib-verməyəcəyi ilə bağlı rəy bildirmək isə çətindir”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bəyan edib ki, əlahiddə media ombudsmanının yaradılması daha məqsədəuyğun olardı: "Biz hər zaman bu ideyanı dəstəkləmişik və indi də dəstəkləyirik. Ombudsman Aparatı media ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında deyil. Çünki həmin qurumun nəzdində çox müxtəlif strukturlar, sahələr birləşdirilib. Bunun özü yanlış yanaşmadır. Elmira Süleymanova və onun ətrafı media ombudsmanının səlahiyyətlərinə aid olan heç bir funksiyanı yerinə yetirə bilmir. Uzun zamandır bu missiyanı ənənəvi olaraq Azərbaycanın Mətbuat Şurası və digər institutlar həyata keçirirlər. Bu baxımdan media ilə bağlı səlahiyyətlərin İnsan Hüquqları üzrə müvəkkilə verilməsini doğru qərar hesab etmirəm”.

Jurnalist Nərgiz Əzizova informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşmasını daha uğurlu hesab edir: "Fikrimcə, bizim kimi yeni media qaydaları yaranan ölkələrdə informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması daha uğurlu olardı. Bilirsiniz ki, bəzi ölkələrdə uşaq məsələləri üzrə, insan haqları ilə bağlı müəyyən istiqamətlərdə ombudsman institutları fəaliyyət göstərir. Azərbaycanda isə vahid ombudsman sistemi var. Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində "İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri İnsan hüquqları üzrə müvəkkilə verildi. Bu, 2010-cu ildə baş verib. Ancaq düşünürəm ki, Media Ombudsmanı institutunun yaradılması daha çox fayda verə bilərdi”.

N.Əzizovanın fikrincə, informasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi özünü doğrulda bilməyib:

"Bizdə sovet jurnalistikasının yaxasından çıxmış, köhnə qaydalardan imtina edən yeni media formalaşır. Və bu yenilənmə virtual xəbər məkanının genişlənməsi, sosial xəbər platformalarının tüğyan elədiyi bir vaxta düşüb. Bu baxımdan informasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi çətin ki, özünü doğrulda və bu günə qədər doğrultmadı da. Heç olmasa, bu birləşdirilmə zamanı ümumi ombudsmanın tərkibində müəyyən sistem yaradılmalı, ora peşəkar şəxslər cəlb edilməli idi. Amma olmadı. Bu institutun yaradılması jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdırar. Məsələn, jurnalist ona cavab verməyən, onu təhqir edən təşkilat, müəssisə, dövlət orqanları və şəxslər barədə birbaşa olaraq, informasiya ombudsmanına müraciət edə bilər. Ombudsman da jurnalistlərin fəaliyyətlərinin yaxşılaşdırılması üçün nə lazımdırsa, edər. Media ombudsmanının vacibliyini bu kimi yüzlərlə nümunələr söyləməklə isbatlamaq olar”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli əvvəla onu deyib ki, Əflatun müəllim Elmira xanımın fəaliyyətini tənqid etməyib, o sadəcə media sahəsindəki fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürüb. MŞ sədri hesab edir ki, informasiya ombudsmanının strukturları formalaşdırılmalı, ştat ayrılmalıdır:

"Faktiki olaraq bu sahə günümüz üçün çox aktualdır. İnternet əsrində yaşayırıq və hər şey informasiya ilə idarə olunur. Azərbaycanda 2005-ci ildə "İnformasiya əldə etmək azadlığı haqqında” qanun qəbul olundu. Bu isə o deməkdir ki, informasiya sadəcə jurnalistlərin monopoliyasında deyil. Hər bir ölkə vətəndaşı informasiya almaq və yaymaq hüququna sahibdir. Ancaq əksər vaxtlarda bu qanundan irəli gələn tələblər pozulur. İnformasiya verməyə məsul olan şəxslər bu qanuna hörmətlə yanaşmırlar. Bu işə müdaxilə edən bir qurumun olmaması isə onların özbaşınalığını daha da artırır. Sözügedən qanunda bu kimi məsələləri tənzimləmək üçün İnformasiya Ombudsmanının yaradılması qərara alınıb. Təəssüflər olsun ki, 2010-cu ildə kiminsə təşəbbüsü nəticəsində qanuna dəyişikliklər edildi və İnformasiya Ombudsmanının müstəqil qurum kimi yox, İnsan Hüquqları üzrə Müvəkkilin nəzarətinə verilməsi qərara alındı. Ötən 8 il isə bu təşəbbüsün özünü doğrultmadığını göstərdi və Ombudsman Aparatının tərkibində bu işi qurmaq mümkün olmadı. Sözsüz ki, biz Elmira xanımı qınamırıq. Ondan asılı olmayan məqamlar da var. Nə Nazirlər Kabineti, nə də Maliyyə Nazirliyi İnformasiya Ombudsmanının təkmilləşdirilməsi işində Ombudsmana dəstək verir”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:

- Hörmətli Əflatun müəllimin bu məsələni artıq neçənci dəfədir parlamentdə qaldırdığının canlı şahidiyəm.

Doğrudan da, media ombudsmanına ehtiyac var. Hazırda insan haqları üzrə Ombudsman Aparatı yalnız cəmiyyətin digər təbəqələrinin, digər sahələrin problemlərinin öyrənilməsi və bu yöndə müvafiq fəaliyyət göstərilməsi üzərində işini qurub. Amma media ilə bağlı problemlər daha çox Mətbuat Şurasına edilir.
İstər, medianın qarşılaşdığı problemlər, istərsə media ilə vətəndaşlar arasında yaranan anlaşılmazlıqlar, problemlər. Bu baxımdan, hesab edirəm ki, ya ölkədə ayrıca media ombudsmanı təsisatı yaradılmalıdır, ya da Mətbuat Şurasının statusu dəyişdirilməli, ona hüquqi səlahiyyətlər verilməlidir.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb