Hasan Ruhani yalan danışır - Tarixçilərdən detallı cavab

Azərbaycan torpaqları heç vaxt İran ərazisi olmayıbFəzail İbrahimli: "Onun nə üçün belə fikir bildirdiyini anlaya bilmirəm"
Kərəm Məmmədov: "Ruhani 1813-1828-ci illərdə Rusiya ilə müqavilə bağlamış dövləti İran nəzərdə tutursa, o yanılır. Çünki o müqavilə Qacar dövləti ilə bağlanıb"
Ötən həftə İranda "İslam İnqilabı”nın 40 illiyi münasibətilə təşkil olunmuş mərasimdə çıxış edən ölkə başçısı Həsən Ruhani bir sıra ziddiyyətli açıqlamalar verib. H.Ruhani açıq şəkildə qeyd edib ki, "Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası və Qacarlar sülaləsi tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirib və bu ərazilərin İrana birləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”.
Məsələyə münasibət bildirən millət vəkili Fəzail İbrahimli "Sherg.az”a bildirib ki, Azərbaycan torpaqları heç vaxt İran ərazisi olmayıb: 
"Əksinə, XVI əsrdə İran torpaqları da daxil olmaqla, həmin ərazilərdə böyük Səfəvi dövləti yaranıb. Ondan sonrakı dövrlərdə məhz bu torpaqları Qacarlar sülaləsi idarə edib. Lakin H.Ruhani bu fikirləri hansı əsasla, hansı məqsədlə bildirib. Bu günləri İran xaricdən kifayət qədər siyasi təzyiqə məruz qalır. Eyni zamanda qeyri-sabitlik müşahidə olunur. Belə bir vəziyyətdə, belə bir məqamda bu cür bəyanatın verilməsi nə məqsəd daşıyır, bilmirəm. Amma bircə onu bilirəm ki, heç vaxt Azərbaycan ərazisi İran adlı dövlətin tərkibində olmayıb. İran coğrafi bir mərfum olub və müəyyən tarixi dövrlərdə həmin əraziləri böyük dövlətlər, o cümlədən də Səfəvilər imperiyası tərəfindən idarə olunub. Daha sonra da Qacarlar sülaləsi tərəfindən yönəldilib. Bütün bu proseslər də 1925-ci ilə qədər davam edib. İranın dövlət başçısı çəkisi olan bir liderdir. Amma onun nə üçün belə fikir bildirdiyini anlaya bilmirəm”.
Tarixçi Kərəm Məmmədov söyləyir ki, adətən İran mərfumu coğrafi bir amil olub: 
"Bu tendensiyada 1925-ci ilə qədər belə davam edib. Əslində İran coğrafiyası deyəndə Firdovsinin şahnaməsini açıb oxuyanlar bilir ki, həmin mərfum Xorasandan şərqdəki torpaqlardır. Xorasandan qərbdəki ərazilər isə Azərbaycanda daxil olmaqla Turan adlanıb. Əgər H.Ruhani 1813-1828-ci illərdə Rusiya ilə müqavilə bağlamış dövləti İran nəzərdə tutursa, o yanılır. Çünki o müqavilə Qacar dövləti ilə bağlanıb. Onun İrana nə dəxli var? İranın dövlət başçısının qeyd etdiyi ərazilər tarix boyunca Azərbaycana sülalələləri olan Əfşar, Səfəvi, Qacarlar tərəfindən idarə edilib. Yəni məfhumları qarışdırmaq olmaz”.
Kənan Eynuroğlu