Hava limanı ətrafında iqtisadi zonanın yaradılması vacibdir

Şəffaf mexanizm qurulsa, bu dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına səbəb olacaq



"Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsinə
əsasən Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq.
Layihənin "4.3.5.1 Nəqliyyat sektorunun inkişaf istiqamətləri” adlanan fəslində bildirilir ki,
ölkədə milli aviadaşıyıcının fəaliyyətinin daha da kommersiyalaşdırılması, tranzit yük daşımaları
potensialının artırılması məqsədilə Heydər Əliyev Bakı Beynəlxalq Limanının hüdudlarında
Xüsusi İqtisadi Zona və ölkə ərazisində hava nəqliyyatı logistik aşırma qovşaqları yaradılacaq.
Qeyd edək ki, "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”
artıq Milli Məclisə təqdim olunub və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə
olunacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında Xüsusi İqtisadi Zona yaradılmasını vacib
amil hesab edən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, yeni yaradılacaq iqtisadi zona daha
çox beynəlxalq yükdaşımaların formalaşmasına və inkişafına xidmət edəcək: "Belə bir iqtisadi
zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz
imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq.
Beynəlxalq yükdaşımalar isə qeyri-neft sektorunu stimullaşdıracaq və gələn gəlirlərin
artırılmasına şərait yaradacaq. Hesab edirəm ki, bu sahədə liberallaşma davam etdirilməlidir ki,
beynəlxalq yükdaşımalardan daha çox vəsait cəlb etmək mümkün olsun. Mövcud strategiya da
birbaşa buna yönəlməli və aviasiya imkanlarından mümkün qədər çox faydalanmalıyıq. Şəffafmexanizm qurulsa, yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin
artmasına da səbəb olacaq”.

Şəymən