“Heç bir dövlət dəyəri yüz milyonlarla ölçülən silahları Ermənistana əvəzsiz təslim etməyəcək”



"Ermənistan Azərbaycanla apardığı sürətlə silahlanma yarışında bütün komponentlər üzrə uduzur”. Bunu "Sherg.az”a Ermənistan tərəfinin Hindistan istehsalı "Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanmasından danışarkən millət vəkili Zahid Oruc söyləyib. O qeyd edib ki, neft-qaz ehtiyatlarına malik olmayan Ermənistanda, 90-cı illərdən yürüdülən siyasət hesabına güclü dövlət qurulması mümkün deyil: 

"Bu ölkə əldə etdiyi texnika, silah-sursatı, raket qurğularını yalnız Rusiyanın hesabına qazanıb. Bir qisim hərbi sursat isə bu dövlətə Sovet hökumətindən miras qalıb. Həmin sursatın aktiv hərbi əməliyyatlar zamanı istifadəyə yararlı olub-olmaması isə sual altındadır. İstənilən halda beynəlxalq statistika mərkəzləri, agentliklər Azərbaycanı bu sahədə daha üstün görür, ölkəmizin Ermənistanın hərbi potensialının Azərbaycanla müqayisə belə gəlmədiyini qeyd edirlər. Nikol Paşinyanın regionda nüfuz qazanmağa, imic yaratmağa çalışdığı bir vaxtda Hindistandan raket alınacağı barədə iddiaların ortaya atılması mənəvi-psixoloji müharibənin tərkib hissəsidir. Hesab edirəm ki, məsələnin əsas məqsədi hökuməti gözləyən parlament seçkilərində üstünlük əldə etmək niyyətidir.

Ermənistan və Rusiya arasındakı münasibətlər soyuqlaşmaqda davam edir. Digər tərəfdən, Qərb müəyyən deklorativ bəyanatlar, şirnikləndirici mesajlar versə də, Ermənistanı iqtisadi, maliyyə baxımından tam himayəyə götürməkdən söhbət getmir. Avropa Birliyi öz "pul kisəsi”ni belə mühüm dövrdə İrəvana xərcləyəsi deyil. Düzdür, keçmiş prezident Serj Sarkisyanın Avropa Birliyi ilə imzaladığı sənəd 2020-ci ilə qədər Birliyin rəsmi İrəvana yardımlar etməsini vəd edir. Lakin Avropanın şərti Kremlin Ermənistan üzərində nəzarətini tam itirməsidir. Hesab edirəm ki, xarici pullarla silah almaq dövrü arxada qalıb. Heç bir dövlət dəyəri yüz milyonlarla ölçülən silahları Ermənistana əvəzsiz təslim etməyəcək. Sosial iqtisadi durumu acınacaqlı olan bir ölkə hansı gücünə arxalanıb, hərbi sahəsini inkişaf etdirəcək? Müharibəni aparmaq üçün güclü iqtisadiyyat lazımdır. Paşinyan hökumətinin isə belə imkanları yoxdur. Bütün bunlar hərbi balansı Ermənistanın xeyrinə dəyişməyəcək addımlardır”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Ermənistanın Hindistandan silah almağa hazırlaşması barədə yayılan xəbərlə bağlı məsələnin araşdırıldığını söyləyib.

Aysel Aslan