Heç kimin əməli nəticəsiz qalmayacaq

Vətəndaşlar həqiqətə uyğun olmayan, əsaslandırılmış mənbəyi olmayan mesajlara inanmamalıdır
"Bu cür çaşdırıcı və təşviş yaradan mesajların internet üzərindən kütləvi şəkildə yayılması məsuliyyət yaradır"


Zaman-zaman məlum olmayan mənbədən "vatsap” istifadəçilərinə kütləvi surətdə mesajlar göndərilir. Mətn və ya səs formasında olan bu cür mesajlar istifadəçilər arasında sürətlə yayılmaqla bərabər, eyni zamanda panikaya səbəb olur. Vatsap istifadəçiləri dünən də eyni vəziyyətlə qarşılaşıb.

Kəskin hava şəraiti ilə əlaqədar aidiyyəti dövlət quurmlarının xəbərdarlığından istifadə edən işbazlar "donuz qripi” panikası yaradıblar. Guya ki, hava ilə yayılan virus uşaqlar üçün təhlükəli olacaq.

Maraqlıdır, bu cür mesajların qarşısını necə almaq olar? Mesajların cəmiyyət üçün fəsadları ola bilərmi?

Aidiyyəti qurumlardan verilən məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə və təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar. Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında bildirib ki, qeyd edilən mesaj mənasız və spam xarakterlidir:

 "Bu cür çaşdırıcı və təşviş yaradan mesajların internet üzərindən kütləvi şəkildə yayılması məsuliyyət yaradır. Vətəndaşlarımız bu cür həqiqətə uyğun olmayan, əsaslandırılmış mənbəyi olmayan mesajlara inanmamalıdır. Bu mesajları yayanlar isə bilməlidir ki, əməlləri nəticəsiz qalmayacaq. Faktiki olaraq Azərbaycanda KİV vasitələri ilə internet hüquqi cəhətdən bərabərləşdirilib. Qanunvericiliyi pozan şəxslər isə Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılacaq”.

İnsanlara bu cür mesajları ciddiyə almamağı tövsiyə edən O.Gündüz hesab edir ki, bu mesajların da hansısa qruplar tərəfindən yayılmasında müxtəlif məqsədlər güdülə bilər: "Bu tip mesajlar yayılanda nə baş verə bilər? Bununla bağlı ümumi vəziyyəti öyrənmək lazımdır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi araşdırmalar aparmalıdır. İstənilən halda bu, cəmiyyət üçün zərərli bir şeydir. Bu tip mesajların yayılmasında maraqlı olan qurumlar ola bilər. Aidiyyəti qurumlar və təhlükəsizliklə məşğul olan təşkilatlar belə şeylərin monitorinqini aparmalı və məqsədin nədən ibarət olduğunu araşdırmalıdırlar. Dediyim kimi, sabah daha fərqli məqsədlər üçün bu cür mesajlardan istifadə oluna bilər”.

Bu cür mesajların məqsədyönlü şəkildə yayıldığını deyən ekspert hesab edir ki, bu cür xoşagəlməz proseslərin qarşısını almaq üçün istifadəçilər həmin mesajların çoxaldılması prosesində iştirak etməməlidirlər. Televiziyalarda, çap və onlayn media orqanlarında bu cür mesajlarla bağlı maarifləndirici xəbərlər yayılmalı və məsuliyyət yaratdığı insanların diqqətinə çatdırılmalıdır. Bəlkə də heç onu yayan şəxs məqsədyönlü yox, sadəcə zarafat üçün edir. Bilməlidir ki, istənilən halda inzibati və ya cinayət məsuliyyəti daşıyır.

AİF prezidentinin sözlərinə görə, sosial media açıq şəbəkə hesab olunsa da, hər bir internet resursunun bəlli bir qayda-qanunları, daxili nizamnamələri, onların arxasında dayanan şirkətlər var. Biz sosial şəbəkələrdən öz intellektimizi artırmaq, karyeramızı genişləndirmək, potensialımızı artırmaq, biznes fəaliyyəti ilə məşğul olmaq üçün faydalanmalıyıq.

Digər ölkələrlə müqayisədə Azərbaycanın sosial media resurslarının sahiblərinə daha az xeyir verdiyini vurğulayan Osman Gündüzün fikrincə, məhz bu səbəbdən Mark Zukkerberq istənilən vaxt sözügedən resurslarının Azərbaycandakı fəaliyyətini məhdudlaşdıra bilər. 

Bir qəpiklik xeyri olmadığı halda minlərlə şikayət qəbul etmək məcburiyyətində deyil. Sosial media isə Azərbaycan üçün hədsiz faydalıdır. Həm dövlət qurumları, həm də cəmiyyət özü də sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya olunub. Bu bir ictimai platformadır, informasiya mənbəyidir.

Şəymən