Hədəf olaraq Türkiyəni seçiblər

Qərb yenə üstünlüyü terrorçu PKK-nın qollarına verib


PKK terrorçuları türk ordusunun əməliyyatlar apardığı İdlibə hücuma hazırlaşır. Türkiyə mediasının informasiyasına görə, terrorçular kütləvi halda İdlib istiqamətinə toplaşır.

PKK-nın Afrin bölgəsi üzrə komandiri Əhməd Sultan deyib ki, Rakkanın ələ keçməsindən sonra bütün güc İdlibə yönəlib. Terrorçular hücumdan əvvəl xüsusi taktika da hazırlayıblar. PKK-ya İdlibə hücum etməzdən əvvəl insanlar arasında türk ordusunun "işğalçı qüvvə” olduğunu aşılamağa çalışacaqlar. Bununla da xalqın narazılığından döyüş zamanı qalxan kimi istifadə edəcəklər. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyə hökuməti ABŞ-ın və başqa dövlətlərin terrorçu PKK-nın Suriyadakı qolları sayılan YPG və PYD-ni silahlandırmasını dəfələrlə tənqid edib. 

Onun sözlərinə görə, rəsmi Ankara ehtiyat edirdi ki, həmin silahlar terrorçu İŞİD-ə qarşı mübarizə başa çatdıqdan sonra birbaşa Türkiyəyə yönələcək. Təəssüf ki, bu, belə də oldu: 

"Terrorçular həmin bölgələri ələ keçirməklə Aralıq dənizinə çıxış təmin etmək niyyətindədirlər. Çünki İraqın şimalındakı hadisələr sübut etdi ki, kürd separatçılarının "müstəqillik” hikkəsi Türkiyə və İran başda olmaqla bölgə dövlətləri tərəfindən dəstəklənmir. Bundan başqa ABŞ-ın İŞİD terror qruplaşmasının paytaxtı hesab olunan Rakka şəhərinin azad edilməsindən sonra Suriya üzrə planının olmaması məlumatı yayılıb. Həmin məlumatlara əsasən, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rakkanı terrorçulardan oktyabrın sonuna qədər tam təmizləyəcək. Amma Prezident Donald Trampın administrasiyasında Vaşinqtonun bundan sonra Suriyada necə hərəkət edəcəyi ilə bağlı konkret plan yoxdur. İndi Rakka təmizlənib. Deməli, Qərb yenə üstünlüyü terrorçu PKK-nın qollarına verib. Onlar da ilk hədəf olaraq, Türkiyəni seçiblər. Bu hədəf İran da ola bilərdi, ancaq terrorçuların Türkiyəyə qarşı fəaliyyət göstərməsi daha asandır”. 

Politoloq bildirib ki, Türkiyədəki demokratik şəraitdən istifadə edən terrorçular ölkə daxilində təşkilatlana biliblər: 

"ABŞ başda olmaqla Qərb dövlətləri kürd separatçıları ilə bağlı Türkiyəyə davamlı təzyiqlər edir. İran isə bu sayaq basqılara məruz qalmır. Terrorçular ABŞ tərəfindən dəstəklənərsə, Türkiyə hərbçilərinin əməliyyatına mane ola bilərlər. Ancaq bu əngəlin uzun sürəcəyi ehtimalı azdır. Onlar bu bəyanat və addımları ilə Türkiyənin gücünü və dözümünü bir daha yoxlayacaqlar. Bu, bölgədəki terrorçuların havadarlarına da lazımdır. Separatçılar və terrorçular isə bölgədə uzun müddətdir daha çox şeflərinin sifarişini yerinə yetirirlər”.

İsmayıl