Hədiyyə olunmayıb: Millət vəkilləri öz ciblərindən bina tikdirirlər





Azərbaycan mətbuatında Milli Məclisin bir qrup deputatına mənzil veriləcəyinə dair məlumatlar yer alıb. İddialara görə, həmin evlər "KAT LTD” tikinti şirkətinin Xətai rayonunda yerləşən "Amay” Ticarət Mərkəzi yaxınlığında inşa etdiyi binadan ayrılacaq.

Fürsətdən yalnız ehtiyacı olan parlamentarilər yararlana biləcək. Qeyd edək ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Hətta bəzi şəbəkə istidafəçiləri "yazıqlar düzdə qalıblar” kimi ifadələrlə deputatların ünvanına kəskin ittihamlar səsləndiriblər. Hökumətdən bu evlərin millət vəkillərinə deyil, mənzilsiz gənc ailələrə ayrılmasını istəyiblər. Buna cavab olaraq, bəzi deputatlar həmin evlərin dövlət tərəfindən verilmədiyini bəyan ediblər. Məsələni aydınlaşdırmaq üçün bir neçə millət vəkilinin münasibətini öyrəndik. Aqil Abbas "Şərq”ə söylədi ki, sözügedən binanı hökumət deyil, parlamentarilərin özləri tikdirib: "Sosial şəbəkələrdə deputatların üstünə çox düşüblər. Vaxtilə həmin deputatlar öz ciblərindən mənzil tikdirmək üçün pul ödəyiblər. O bina tikilənə yaxın Fövqəladə Hallar Nazirliyinə verildi. Və qərarlaşdırıldı ki, deputat üçün başqa bir yerdə bina tikilsin. "Amay” Ticarət Mərkəzinin yanında yer ayrıldı. Mənzillər onlara bağışlanmayıb, öz ciblərinin puluna tikdiriblər. Bəzi saytlar və insanlar məsələni düz qoymayıblar”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev də evin hökumət tərəfindən ayrılmadığını deyib: "2003-2004-cü illərdə bir qrup deputat kooperativ qaydada ev tikmək məqsədilə adıçəkilən şirkətlə müqavilə bağladı. Şirkətə pullarını da köçürmüşdülər. O bina tikilmədi. Deputatların bir qismi öz vəsaitlərini geri aldı. Bir qismi isə geri almadı. Onlardan da bəziləri növbəti dəfə millət vəkili seçildi, bəziləri isə seçilmədi. Parlament üzvlərinə heç kəs mənzil hədiyyə etmir. Zamanında vəsaitlərini ödəyiblər. Müqavilə bağlayıblar. Müqavilə əsasında da şirkət evlərini verəcək”.

Millət vəkili Elman Məmmədov isə proseslərdən məlumatsız olduğunu vurğulayıb: "Bir il öncə eşitdim ki, MM öz işçiləri üçün bina tikir. Onun deputatlara aid olub-olmaması məlum deyildi. Məcburi köçkün və qaçqın millət vəkillərindən biri də mənəm. Bina deputatlara məxsus olsa idi, mənə də xəbər edərdilər. Lakin o barədə heç nə bilmirəm”.

Ayyət Əhməd