Həm pulludur, həm yararsız
Bakıdakı çimərliklər sadə insanların üzünə qapalıdır
İyun ayının ortalarına qədər havalar sərin keçsə də, son 10 gündə kəskin istilər başlayıb. Günəşin yandırıcı şüaları insanları sərinləmək üçün müxtəlif vasitələr axtarmağa sövq edir. Bunun üçün də ən yaxşı variant mavi Xəzərə baş vurmaqdır. Amma son illər sahil zolağı boyunca çimərliklərin vəzifəli şəxslər tərəfindən hasara alınması, qalan yerlərin də xırda sahibkarlar tərəfindən özəlləşdirilərək pul tələb olunması bir çox hallarda şəhər sakinlərini dəniz üzünə həsrət qoyur. Hər nə qədər rəsmi qurumlar Bakı çimərliklərinin pulsuz olduğunu iddia etsələr də, reallıqda başqa mənzərə müşahidə olunur. Pulsuz çimərliklərdə isə anti-sanitar vəziyyət müşahidə edilir.
Mövcud problemlə bağlı "Şərq”ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir çimərlik həvəskarı olaraq dünyanın bir sıra ölkəsində, hətta ən qatı kapitalist ölkələrinin çimərliklərində olduğunu, amma Azərbaycandakı anormallıqla dünyanın heç bir yerində rastlaşmadığını deyib.
E.Hüseynovun sözlərinə görə, Azərbaycandakı çimərliklərin ən ciddi çatışmazlığı girişin pullu olmasıdır. Bununla bağlı Başı Şəhər İcra Hakimiyyətinin qərarları olsa da, qadağalara əməl edilmir. Ən pisi də odur ki, istehlakçılardan giriş pulu alınan zaman qapıdaca pul alır, heç bir kassa çeki də vermirlər. Beləliklə də, vergi qanunvericiliyini pozmuş olurlar. Bütün bunlar isə Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərir. Burada söhbət təkcə giriş pulu alınmasından da getmir, əvəzində çek vermədikləri üçün istehlakçıların hüquqlarını pozmuş olurlar.
Normal çimərliklər olsa, təmizliyə riayət edilsə, sahil zolağı təmizlənsə, əhalinin böyük hissəsinin maddi imkanı çatacaq səviyyədə giriş haqqı qoyulsa, insanlar niyə getməz ki?! Hamı istəyər ki, təmiz, mühafizə edilən çimərlikdə çimsin, təhlükəsizliyi təmin olunsun. Amma bunlar olmadığından, əhali də çimərlik soyğunçularına bu şəkildə etiraz edir və "vəhşi ərazilərə” üz tutur.
Ekspertin sözlərinə görə, çimərliklərin antisanitar vəziyyətdə olmasında müvafiq qurumlarla yanaşı, vətəndaşlar da məsuliyyət daşıyır: "Hətta deyərdim ki, ən böyük günah istehlakçıların üzərinə düşür. Onlar heç bir əhəmiyyət vermədən ətraf mühiti çirkləndirirlər. Bu, ictimai mədəniyyətə bağlı olan məsələdir. Yəni, ilk növbədə insanların özləri təmizliyə riayət etməlidirlər. Eyni zamanda istehlakçılar bu istiqamətdə aidiyyəti qurumlar və ya ictimai birliklər, KİV tərəfindən maarifləndirilməlidir. Çünki oxşar problemə tək pulsuz çimərliklərdə rast gəlinmir. Bəzən pullu çimərliklərin də zibillənməsi müşahidə olunur. Orada zibilləri yığışdırmaq üçün xidmətçilər də olmalıdır. Bundan başqa, çimərliklərdə bəzən zibil atmaq üçün yerlər də təyin olunmur. Yəni, təchizat işləri təmin edilməlidir”.
Pullu çimərliklərdə isə göstərilən xidmət tələb olunan vəsaitə adekvat deyil. Ən böyük çatışmazlıq isə tualetlərin və duşların olmaması iə bağlıdır: "Pulsuz çimərliklərin təmizliyi ilə bələdiyyələr məşğul olmalıdırlar. Natəmizlik də turizmin inkişafına birbaşa mənfi təsir göstərən amillər sırasına daxildir. Antisanitar vəziyyət turisti həmin ərazidən uzaqlaşdırır. Lakin təmizliyi qorumaq məqsədi ilə oturacaq yerləri pullu ola bilər. Bir şərtlə ki, xidmət olmalıdır. Amma bütövlükdə çimərliyə giriş pullu ola bilməz. Elə həmin ərazilərin qısa müddətə icarəyə verilməsi təcrübəsi də var. Uyğun qiymətə xidmət göstərilir. Bundan başqa ictimai təşkilatlar da orada işlər, xüsusən də təbliğat aparmalıdırlar. Bələdiyyələr tərəfindən çimərliklərə zibilqabılar qoyulub, şüarlar yazılmalıdır. Əgər mən çimərlik bölgələrindən birində bələdiyyə sədri və ya məktəb direktoru olsaydım, sakinləri, vətəndaşları bu işə cəlb edib maarifləndirmə xarakterli tədbirlər təşkil edərdim”.
- Əgər BŞİH-nin də qərarlarına əməl olunmursa, problemin həllinə necə nail olmaq olar?
- Yerli icra, polis və bələdiyyə orqanları fəal iş görməlidirlər. Avtomobilinə oturub, ailəsi ilə çimərliyə gedən vətəndaşlar özünü əsəbiləşdirməmək üçün pul verir. Qapıda dayananlar da elə bilir belə də olmalıdır. Amma istehlakçılar sözü bir araya qoyub, kütləvi şəkildə pul verməkdən imtina etsələr, müəyyən qədər bu problemin qarşısını almaq olar. Ən yaxşısı isə odur ki, verdikləri pul qarşılığında istehlakçılar kassa çeki və ya kassa mədaxil orderi tələb etsinlər.
Çimərliklərdə aşkar olunan nöqsanlar, suyun tərkibi haqqında ümumiləşdirilmiş məlumatların artıq Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu vurğulayan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, qəti sürətdə Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil” və Səbail rayonunun "Şıx” çimərliklərində dənizə girmək olmaz: "Əks təqdirdə, müxtəlif xəstəliklər tapa bilərlər. Yerdə qalan sahil zolaqlarında isə elə də ciddi problem yoxdur. Çünki çimərlik zonalarında dəniz suyundan götürülən bakterioloji nümunələr ancaq iki yerdə mənfi nəticə verib”.
Z.Kazımovun sözlərinə görə, bu iki ərazinin çirkli olmasına səbəb çirkab sularının buradan birbaşa dənizə axıdılmasıdır.
"Sahil” və "Şıx” çimərliklərinin hər il təhlükəli elan olunmasına rəğmən bu qərara məhəl qoyulmaması məsələsinə gəldikdə isə şöbə müdiri bunun günahının birinci növbədə sadə vətəndaşlarda olduğunu deyib: "Bizim işimiz həqiqəti deməkdir. Biz vəziyyətin acınacaqlı olduğunu elan edirik, məsuliyyət qalır adamların öz boynuna. Qəbul etdiyimiz qərarları müvafiq qurumlara çatdırırıq. Onlar da öz növbəsində buna əməl etməlidir. Əhali həkimin, xilasedicilərin olduğu ərazidə çimməyə üstünlük verməlidir”.
Pulsuz çimərliklərdən giriş üçün pul istənilməsinin qanunla qadağan olduğunu deyən Z.Kazımov deyib ki, hər bir vətəndaş belə hallara qarşı mübarizə aparmalıdır: "Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı var, heç kəsdən dəniz kənarına gəldiyinə görə pul alına bilməz, hətta həmin ərazi hasarlanıb, özəlləşdirilsə belə. Vətəndaş yalnız xidmətə görə pul ödəyə bilər”.
Şəymən