Həmsədr ölkələr ancaq müharibənin qarşısını almağa çalışır

Həqiqətən artıq Qarabağ danışıqlarının formatının dəyişdirilməsinin zamanıdır



ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefası öncəsi bildirib ki, beynəlxalq ictimaiyyət Qarabağ məsələsində diqqətini yalnız müharibədən qaçmağa yönəldir. Vigenin sözlərinə görə, bu yanaşma dəyişməlidir:

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır. Bu, anlaşılandır. Lakin tərəflərin kompromis qərarlara hazırlanmasına xidmət etmir. Vacib məsələlərlə bağlı irəliləyiş yoxdur. Heç bir qurum son iki ildə regionda nəzərəçarpacaq nailiyyət əldə etməyib. Bu, dayanıqlı deyil və dəyişməlidir”. Bundan başqa Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene van der Linden də vurğulayıb ki, Minsk Qrupu Qarabağ münaqişəsinin həllinə nail ola bilməyib. Lindenə görə, 25 il zaman keçsə də, Minsk formatı özünü doğrultmayıb. Əslində Qərb siyasətçilərinin bu səpkili açıqlamaları zaman-zaman gündəmə gəlib. Amma maraqlı olan odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nisbətən obyektiv və ədalətli mövqelər ancaq Avropa siyasətçiləri öz vəzifələrindən uzaqlaşdıqdan sonra dilə gətirilir. Niyə həmin siyasətçilər səlahiyyət sahibi olduqları vaxt münaqişə ilə bağlı həqiqəti səsləndirməkdən ehtiyat edirlər?

Sualımıza cavab verən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, bəzən Avropa rəsmilərinin balans saxlamaq siyasəti onlara verilən təlimatdan asılıdır: 

"Avropa rəsmilərinin vəzifə müddətləri başa çatdıqdan sonra verdikləri açıqlamalar da göstərir ki, artıq danışıqlar formatının dəyişdirilməsinin zamanıdır. Həqiqətən, Minsk Qrupu çərçivəsində konfedensial danışıqlar real nəticələrə gətirmir, əksinə, müharibə ehtimalını artırır. Onların da vurğuladığı kimi, beynəlxalq təşkilatlar konfliktin həllinə deyil, müharibənin qarşısını almağa çalışırlar. Bu məqam Avropa rəsmilərini narahat etsə də, ikili standartlara görə qurumdan ayrılmamış həqiqəti deyə bilmirlər. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Vigenin vəzifədə olduğu müddətdə balans saxlamağa çalışıb. Ancaq indi verdiyi açıqlama həqiqəti əks etdirsə də, rəsmi açıqlama sayılmır. Buna baxmayaraq Avropa siyasətçilərinin münaqişənin həllində ədalətli mövqe sərgiləməsinin şahidi oluruq. Bu, müsbət tendensiyadır. Azərbaycan diplomatiyası çalışmalıdır ki, bu istiqamətdə daha fəal siyasət aparsın. Azərbaycanın haqlı mövqeyini nə qədər çox Qərb siyasətçisi dilə gətirsə, o qədər yaxşıdır. Məncə, Avropa siyasətçiləri artıq həqiqəti qəbul edir. Çox güman ki, bir müddət sonra reallığı rəsmi şəkildə də bəyan edəcəklər”.

İsmayıl