İşğala məruz qalan tərəflə işğalçı arasında heç bir fərq qoymadan, tərəflərdən güzəşt gözləmək düzgün yanaşma deyil
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb. Minsk Qrupunun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən görüşlərinə dair yaydığı bəyanatda qeyd olunur ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdiriblər.
Həmsədrlər və nazirlər regionda vəziyyəti müzakirə edib və narahatlıq doğuran bir neçə insident və bəyanatlar barəsində izahat üçün müraciət olunub. Tərəflər ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər. Həmsədrlər yaxın zamanda regiona səfər etməyi planlaşdırırlar, daha sonra isə danışıqların gedişi barədə ATƏT-in Minsk Qrupu və Daimi Şuranı məlumatlandıracaqlar.
Vasitəçilər onu da qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.
"Atlas" Araşdırmalar Fondunun rəhbəri, analitik Elxan Şahinoğlu isə hesab edir ki, həmsədrlərin sözügedən bəyanatı, ritorikanı sərtləşdirməyə xidmət edir. Həmsədrlərin iştirakı ilə baş tutan danışıqlar prosesini əhəmiyyətsiz, bəyanatı isə boş söz yığnağı kimi dəyərləndirən analitik deyib ki, məqsəd vaxt keçirməkdən ibarətdir: "Məgər həmsədrlər bilmir ki, cəbhədə təxribatla məşğul olan kimdir?
Ermənistan xarici işlər nazirinə niyə demirlər ki, hərbi təyyarələrinizin Azərbaycan sərhədini pozması, işğal altındakı bölgələrə köç təşkil edilməsi, beynəlxalq hüquqa zidd olaraq başqa ölkələrin bələdiyyələri ilə sazişlərin imzalanması, iki azərbaycanlının girov saxlanılması və nəhayət baş nazir Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” açıqlaması təxribat xarakter daşıyır və bölgədə vəziyyyətin gərginləşməsinə xidmət edir. Həmsədrlər özündə bu cəsarəti hiss edib.
Ermənistana qarşı sanksiyalar tətbiq etsələr, erməni təyyarələri bir daha bizim sərhədlərimizi pozmağa cəhd etməzdi. Bunun qarşısını almaq iqtidarında olmayan bir qurum tərəflər arasında bərabərlik işarəsi qoyur. İşğala məruz qalan tərəflə işğalçı arasında heç bir fərq qoymadan, tərəflərdən güzəşt gözləmək düzgün yanaşma deyil. Minsk Qrupu həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə göz yumduğu üçün cəbhə bölgəsində vəziyyət gərginləşir”.
ATƏT-in Minsk Qrupunun ləğv olunması və ya formatının dəyişdirilməsi kimi ehtimallara gəldikdə isə politoloq Azərbaycanın bir neçə dəfə müvafiq təkliflər irəli sürdüyünü deyib. Xüsusən də Türkiyənin Minsk Qrupu həmsədrləri sırasında təmsil olunması məsələsi uzun müddət gündəmdə qaldı. Lakin Həmsədrlər İnstitutunu böyük dövlətlər inhisara alıb, başqalarını yaxın buraxmır.
Aparılan danışıqlar hər nə qədər mənasız olsa da, qurumun fəaliyyətindən imtina etməyimiz də düzgün olmazdı. Azərbaycanın həmsədrlərin fəaliyyətindən imtina etməsi, rəsmən Ermənistana müharibə elan etməsi kimi dəyərləndiriləcək. Ona görə də, formal xarakterli görüşləri davam etdirmək şərti ilə münaqişənin həlli istiqamətində Azərbaycan öz bildiyi siyasəti yeridib, işğalçılara qarşı təzyiqi artırmalıdır.
Şəymən