Hepatit virusunun bütün ştamları təhlükəlidir

İnsan xəstəliklərə barmaqarası baxmamalı, məsuliyyətsiz yanaşmamalıdırBiz əhaliyə, heç olmasa, ildə bir dəfə ətraflı müayinədən keçməyi məsləhət görürük
Avropa ölkələrində və Şimali Amerikada Hepatit A virusu sürətlə yayılır. Xarici KİV-lərin məlumatına görə, ötən ildən bu yana bir sıra Avropa dövlətlərində - Avstriya, Belçika, Almaniya, Böyük Britaniya, Danimarka, İtaliya, Portuqaliya, İsveç, İspaniya... və digərlərində Hepatit A virusuna yoluxanların sayında nəzərəçarpacaq artım müşahidə edilir. Şimali Amerikaya gəlincə, Hepatit A-nın yayılması bu günlərdə Kaliforniyadakı yanğınlardan sonra qeydə alınmağa başlayıb.
Hepatit A-nın hansı səbəbdən belə sürətlə yayıldığını mütəxəssislər araşdırır.
Ölkəmizdə də Hepatit viruslarına yoluxma sayında son illər artım müşahidə edilir. Yoluxma riskinin ən çox diş poliklinikaları, gözəllik salonlarında olduğu da məlumdur. Və əlbəttə ki, qanla yoluxma, qeyri-sağlam həyat tərzi də səbəblər sırasındadır.
Avropa və Amerikada Hepatit A həyəcanının mümkün səbəbləri barədə danışan tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Şərq”ə açıqlamasında bildirdi ki, təbii fəlakətlər yaşanan yerlərdə ən müxtəlif yoluxucu xəstəliklərin yayılması da gözləniləndir:
- Təbii fəlakət baş verirsə, bu, ölüm, dağıntı, xəsarət alanların çoxluğu, eyni zamanda bölgənin infrastrukturunun dağılması, kommunikasiya xətlərinin dağılması deməkdir. Belə şəraitlərdə adətən sanitar-gigiyenik normalar da pozulur. Bu isə müxtəlif yoluxucu xəstəliklərin yayılma riskini şərtləndirir. Ətrafda evlər dağılıbsa, insanlar tələf olursa, hansı sanitar-gigiyenik normaların gözlənilməsindən söhbət gedə bilər?! Adi vaxtlarda bir insanı bütün sanitar və tibbi normalara riayət etməklə xəstəxanaya çatdıran təcili tibbi yardım maşınları belə fövqəladə vəziyyətlərdə onlarla insanı bir maşında daşımaq məcburiyyətində qalır. Evakuatorlarla insanları bir yerdən başqa yerə daşıyırlar, fərqli insanlar istər-istəməz biri-biri ilə təmas halında olur. Bəzən qida çatışmazlığı, bəzən də su ehtiyatlarının tükənməsi əhali arasında müxtəlif xəstəliklərin yayılmasına, insanların zəifləyib xəstələnməsinə səbəb olur. Kütləvi dağıntılar, travmalar vaxtı viruslara yoluxma riski də artır. Təbii fəlakətlər təkcə dağıntılar və insan itkisi deyil, həmçinin xəstəliklər də gətirir.
Avropada Hepatit A virusunun yayılması isə, ehtimalıma görə, qanunsuz miqrasiya ilə daha çox əlaqəlidir. Bilirik ki, son illər Yaxın Şərqdə, müsəlman ölkələrində aparılan müharibələr, terror əhalinin Avropaya axın etməsi ilə nəticələnib. Dövlətlər nə qədər bu axının qarşısını almağa çalışsa da, mümkün deyil. Qaçıb gələnlərsə çox ağır şərtlər altında yaşamış əhalidir. Hətta elə ölkələr var orada xəstəliklər artıq epidemiya şəklini alıb. Bu şəraitdə bir çox insan müxtəlif virusların daşıyıcısı ola bilər. 
Sivilizasiyaların biri-birinə inteqrasiya etdiyi bir dövrdə hər hansı virusların yayılması da gözləniləndir. Əvvəllər insanlar turist kimi bir ölkədən digərinə səfər edəndə tibbi arayış tələb olunurdu və təqdim də edilirdi. İndi qaydalar pozulub. Dünyamız elə bir vəziyyətə gəlib ki, normaların gözlənilməsi mümkünsüzləşib. Dənizlərdə min bir əziyyətlə köç edən əhalidən hansı tibbi arayış tələb etmək olar?! Ona görə də dünyada virus xəstəlikləri də sürətlə yayılır.
Ş.Namazlı qeyd etdi ki, hepatit virusunun bütün ştamları təhlükəlidir. Hepatitin istər A-sı olsun, istər B-si və ya C-si, eyni dərəcədə təhlükə daşıyır:
- Hepatit xəstəliyinin hansı mərhələdə olduğu yalnız laborator analizlərdən sonra - qanın əkilməsindən alınan cavab sayəsində müəyyənləşir. İstənilən halda Hepatit xəstəliyi ağırdır. İnsan xəstəliklərə barmaqarası baxmamalı, məsuliyyətsiz yanaşmamalıdır. Ona görə biz həkimlər əhaliyə, heç olmasa, ildə bir dəfə ətraflı müayinədən keçməyi məsləhət görürük. Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicəsi də vaxtında aparılar və insan sağlamlığına qovuşar. Müalicəsi gecikmiş xəstələri sağaltmaq da çətin olur bəzən. Hepatitə yoluxma riskini azaltmağın yolları sanitar-gigiyenik qaydalara riayət etmək, narkotik maddələrdən, içkidən uzaq olmaq, sağlam həyat tərzi keçirmək, zərərli vərdişlərdən əl çəkmək və əlbəttə ki, mütəmadi tibbi müayinədən keçməkdir.
Məlahət Rzayeva