
“Hər əlinə gitara alanın oxumaq eşqinə düşməsi düzgün deyil”
“Küçədə gənclər bir də görürsən elə bayağı mahnılar oxuyurlar ki, insanlar həmin səmtə yaxın da getmək istəmir”

Yəqin ki, bir çoxları bu mənzərə ilə qarşılaşıb. Bəzən küçədə, bulvarda, parklarda yol getdiyimiz vaxt qulağımıza xoş musiqi sədaları gəlir. Dönüb baxdığımızda bir qrup gəncin küçədə gitara və başqa musiqi alətləri ilə ifa etdiyini görürük. Özüm də dəfələrlə rastlaşmışam və bu musiqi mənə çox xoş təsir edib.
Hətta istirahətimi səmərəli etmək məqsədilə oturub sona qədər həmin gənclərin ifasına da qulaq asmışam. Niyə də olmasın... Axı bu gənclər tamamən təmənnasız şəkildə canlı musiqiləri ilə ətrafdakıların zövqünü oxşayır. Ən azından boş vaxtlarını insanlara faydalı ola bilmək üçün sərf edirlər. Həm özləri istirahət edir, həm də çox gec-gec canlı musiqiyə qulaq asmağa nail olan şəhər sakinlərinin xoş istirahətini təmin edirlər.
Küçə musiqisinin inkişafını, dünyada ona göstərilən münasibəti bir çox əcnəbi filmlərdə də görmək mümkündür. Küçədə çəkilən səhnələrdə rejissorlar həvəskar, hətta peşəkar musiqiçilərin belə küçədə öz sənətini nümayiş etdirməsini maraqla işıqlandırırlar. Bu filmlərdə azmı görmüşük, küçədə öz məharətini göstərməklə böyük səhnələrə qalxan gənclərin həyatını? Bizi
musiqiləri ilə, istedadları ilə məftun edən bəzi sənətçilərin küçə musiqisindən gələn keçmişini azmı duyub, eşitmişik? Bilirik ki, bunlara şərait yaratmaq da, xoş münasibət göstərmək də həmin ölkələrin mədəniyyətə sayğısından, fərqli yanaşmalarından irəli gəlir. Əlbəttə, bu sahədə küçə musiqisinə başdansovdu yanaşanları, belə desək, hər ağlına düşənin çıxıb küçədə musiqi ilə məşğul olmasını da qınamaq lazım gəlir. Nəticədə isə küçə musiqisinin qadağan olunub-olunmaması barədə təzadlı fikirlər yaranır.
Ölkəmizdə küçə musiqisinə az hallarda rast gəlirik. Daha çox həvəskar gənclərin, peşəkar musiqi ilə məşğul olmayan insanların küçədə musiqi ifa etməsini, istirahət yerlərində gitara ifa etməsini görürük. İnsanların buna münasibəti isə fərqli olur. Kimi deyir, səsləri də yoxdur, "qız tutmağa” çalışırlar, kimi deyir, cavandılar, vaxtlarını əyləncəli keçirmək istəyirlər, kimi isə daha kəskin münasibət göstərir, bu mədəniyyətin qadağan olunmasını tələb edir. Maraqlıdır, musiqi ilə məşğul olan və ya olmayan gənclərin özləri necə düşünür? Küçə musiqisi qadağan edilməlidir, yoxsa daha da genişlənməsinə şərait yaradılmalıdır?
Bu məsələ barədə fikrini xəbər aldığımız gənc rejissor və aktyor Cavad Nuriyev də həvəskar gitara ifaçısıdır və artıq neçə ildir ki, musiqi ilə yaxından maraqlanır. Cavadın sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib və əsl peşəsi rejissorluqdur. Hazırda Dövlət Pantomima Teatrında həm aktyor, həm rejissor kimi fəaliyyət göstərən bu istedadlı gənc hətta bir neçə əhəmiyyətli mövzuda, qısametrajlı filmlərin də müəllifidir. Bir çox tamaşaları, teatr kollektivi ilə birlikdə maarifləndirici səhnələri düzənləyib və özü də aktyor kimi tamaşalarda yer alıb.
- Cavad, rejissor və aktyor olduğunu dedin. Musiqiyə həvəsin peşəndənmi irəli gəlir?
- Məncə, hamıda musiqiyə, incəsənətə maraq var. Hələ ki, bu işin içində olduğunda daha çox sevməyə başlayır insan. Mən teatrla, rejissorluq və aktyorluqla bərabər, artıq 5 ildir ki, gitara da çalıram. Bu, müsbət motivasiya verir, düşünürəm ki, musiqidən gözəl sakitləşdirici yoxdur.
- İndiyə kimi küçədə, parklarda, dəniz kənarında gitara çalıb, ifa etdiyin olubmu?
- Tələbə olduğum müddətdə və işləyəndə dostlarımızla vaxtımızı xoş keçirmək üçün, Əhmədlidəki Heydər Əliyev parkında gitara çalıb, ifa edirdik. Biz orda oxuyanda ətrafımıza çox insanlar yığışırdı. Əsasən türk və azəri rok-akustik musiqiləri ifa etdiyimizdən parkda ifa edənlərin marağına səbəb olurdu. Bir neçə dəfə gənc dostumuz Aysel Quluzadə ilə birlikdə həmin parkda ifa etdiyimizdə 150-200-dən çox insan toplaşmışdı və hətta konsert verdiyimizi belə düşünürdülər. Demək istəyirəm ki, küçədə musiqi mədəniyyətini düzgün formada nümayiş etdirəndə insanların buna münasibəti də müsbət olur.
- Küçədə musiqi ifa edən gənclərə münasibətin necədir?
- Dediyim kimi. Xaricdə belədir ki, musiqiçi küçədə, parkda əyləşir, qarşısına papaq, ya da qutu qoyur. Onun ifa etdiyi musiqi sədasından zövq alanlar minnətdarlıq mənasında həmin qutuya pul atırlar. Bizdə də belə olur çox vaxt. Amma bəzi gənclər var ki, bunu aşağı səviyyədə edir. Lakin gəlin, qəbul edək ki, bu gün hər bacarığı olan-olmayan, səsi pis və ya yaxşı hamı gitara çalmağa, oxumağa həvəs göstərir. Küçədə qeyri-peşəkar, gülünc formada bunu nümayiş etdirəndə isə insanların mənfi qarşılaması ilə nəticələnir. Buna görə mən sonralar hətta küçədə gitara ilə dolaşmağa belə utanırdım. Elə fikirləşirdilər ki, mən də həmin dediyim gənclər kimiyəm, musiqini xoşagəlməyən formada tanıdıram.
- Gənclər neyləyirlər ki, insanlarda bu cür fikirlər yaranır?
- Bizim gözəl musiqilərimiz var. Həmçinin əcnəbi musiqilər içində də yaxşısı və pisi var. Küçədə gənclər bir də görürsən ki, elə bayağı mahnılar oxuyurlar və yaxud da gözəl musiqiləri elə formada oxuyurlar ki, insanlar həmin səmtə yaxın da getmək istəmir. Fikir vermisinizmi, bilmirəm, çox az hallarda olur ki, insanların bulvarda, parkda, keçidlərdə musiqi ifa edən, hansısa alətdə çalan gənclərin başına toplaşdığını görürük. Bunu insanların biganəliyinə bağlamaqdansa, həmin ifaların necə təsir etməsi, qulağa xoş gəlib-gəlməməsi ilə əlaqələndirməliyik.
- Siz "Avroviziya” musiqi yarışmasının seçmə mərhələsinə də qatılmısınız. Həmin seçimlər vaxtı da yenə dostlarınızla yığışıb, parkda ifa edirdinizmi?
- Əlbəttə. Dostumuz Aysel Quliyeva "Avroviziya” müsabiqəsinə seçimlər üçün qatılmışdı. Mən özüm də onun səhnələrinin birində pantomim rəqslə çıxış etmişdim. Biz həmin ərəfədə həmişə yığışdığımız məkanda oxuyurduq. Onda hətta bizə yaxınlaşıb, tanışlıq verənlər də olurdu ki, "biz sizi tanıyırıq, ifalarınız çox gözəldir”, "seçimlərdə dəstəkləyirik” kimi münasibətlər göstərirdilər, şəkil çəkdirirdilər. İndi də bizi dəvət edənlər olur, həvəskar formada haradasa gedib, ifa edirik, amma çox nadir hallarda. Buna baxmayaraq, hər kəsin gözəl musiqini, dəyərli ifaları qiymətləndirdiyini düşünürəm.
- Musiqi oxuyan vaxt küçədə polislərin təzyiqi ilə qarşılaşmısanmı heç?
- Belə bir şeyi hətta görməmişəm də, qarşılaşmaq bir yana. Bilmirəm görmüsünüz ya yox, "Malakan” bağı deyilən yerdə bir yaşlı kişi oturub qarmon ifa edirdi çox zaman. Mən özüm də çox zövq alırdım və fürsət tapanda gedib, qulaq asırdım. Çünki o insan gözəl musiqilər ifa edirdi, yaxşı çalırdı qarmonda. Polislərin də həmin ərazidə olduğunu görmüşdüm, düşünülənin əksinə onlar kişini uzaqlaşdırmırdılar.
- Bir çox ölkələrdə küçə musiqisinə maraq da, bununla məşğul olanlar da çoxdur. Bizdə də küçə musiqisinin geniş yayılmasını istəyərdinmi?
- Niyə də olmasın? Biz gənclər Avropanın, başqa inkişaf etmiş mədəniyyətlərin müsbət tərəflərini mənimsəməliyik. Gənclər yaradıcılıqla məşğul olsa, aktiv və səmərəli vaxt keçirsə, daha yaxşı olar. Hazırda sosiallaşma daha çox yayılır, amma baxır necə. Musiqiyə də bu aiddir. Həvəskar gənclər daha aktiv olsa, küçə musiqisini inkişaf etdirsə, yaradıcılıqla, mədəniyyətlə yaxından maraqlansa, əlbəttə yaxşıdır. Amma hər əlinə gitara alanın, qarmon, saz, skripka görənin də musiqi ilə məşğul olma eşqinə düşməsi düzgün deyil.
Aysel Aslan