Həsən Ruhani Bakıya niyə gəlir ? - ŞƏRH





"Həsən Ruhaninin mart ayında baş tutacaq Bakı səfərindən qeyri-adi nəticə gözləmirəm”.

Bu sözləri "Sherg.az”a "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. O bildirib ki, Ruhaninin səfəri Prezident İlham Əliyevin İran səfərinə qarşılıq mahiyyəti daşıyır:

"Ola bilər, səfər çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığa dair sənədlər imzalansın. Perspektivdə fəaliyyətin genişləndirilməsi haqqında bəyanatlar verilə bilər. Çünki İran və Azərbaycan arasındakı bir sıra məsələlər görüşlərlə həll edilmir. Bunun üçün köklü dəyişikliklər lazımdır. Məsələn, İranın Ermənistana yardımı, Güney Azərbaycanda yaşayan türklərin öz anadilli məktəbinin olması və s. məsələlər görüşlərdə nəticə vermir.

İrandakı etirazlardan sonra Azərbaycanda bir qrup iranyönlü dəstə İran səfirliyi qarşısında yığışaraq, Ayətullah Seyid Əli Xamneyini dəstəklədiyini bildirdilər. Bu onu göstərir ki, ölkəmizdə İranı dəstəkləyən qüvvələr var və həmin qüvvələrə qarşı heç bir basqı göstərilmir. Bu iki ölkə arasında xoşniyyətli münasibətlərin göstəricisi sayılır. Odur ki, Ruhaninin Azərbaycana səfəri də qeyri-adi nəsə vəd etmir. İranda əsas söz sahibi Həsən Ruhani deyil, Ayətullah Seyid Əli Xamneyidir. Ona görə, onun Bakı səfəri böyük hadisə deyil”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani mart ayının sonlarında Azərbaycana səfər edəcək. Martın 21-dən - Novruz bayramından sonra baş tutacaq səfər çərçivəsində prezidentlərin görüşü baş tutacaq.

Aysel Aslan